Təkamül nəzəriyyəsinə görə,bizim əcdadlarımız darburun meymunlardır
16-02-2016, 21:47
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının professoru, biologiya elmləri doktoru Məcnun Babayev Modern.az saytına müsahibə verib.
Məcnun Babayevlə canlı aləmin təkamülü barədəki söhbəti təqdim edirik:
-Siz təkamül təlimini araşdıran alimlərdən birisiniz. Bu gün Azərbaycanda, o cümlədən müsəlman coğrafiyasında təkamül təlimi ilə təsəvvürlər birmənalı deyil. Bu qənaətlər haradan qaynaqlanır? Təkamül nəzəriyyəsini bilməməkdən, yoxsa bilib qərəzli yanaşmaqdan?
-Siz çox düzgün dediniz. Mən təkamül təliminin araşdıran alimlərdən biriyəm. Amma təkamüllə məşğul olan alim deyiləm. Mən təkamül təliminə aid dərslik yazmışam. Bu da göz qabağındadır və çox gözəl bir dərslik alınıb. Burada təkamülün yaranması, mexanizmi, bütün dünyadakı vəziyyəti əks olunub. Mənə belə gəlir ki, tələbələr də bundan çox gözəl yararlanırlar.
Sizin sualınıza gəlincə, deyə bilərəm ki, bu gün Azərbaycanda təkamül təliminə tamamilə başqa nöqteyi-nəzərdən yanaşırlar. Bunun da bir çox səbəbləri var. Nədənsə, bəzi adamlar təkamül barədə heç bir anlayışı olmaya-olmaya 12-ci əsrdəki insanlar kimi çıxış edirlər.
12-ci əsrdə kilsə hakimiyyəti tam ələ alandan sonra inkvizisiya məhkəməsi yaratdı. İnkvizisiya məhkəmələri 1836-cı ilə qədər davam edib. Məhkəmənin axırıncı tonqalı 1836-cı ildə alovlanıb. Bu illər ərzində təbiətə materialist nöqteyi-nəzərdən yanaşmaq meylində olan alimlər dar ağacından asılıb, qılıncdan keçirilib, tonqalda yandırılıb. Amma elələri də olub ki, öz canlarını qorumaq üçün yazdıqlarından imtina ediblər. Təəssüflər olsun ki, həmin əhval-ruhiyyə bu gün də insanlar arasında qalmaqdadır. Bəzi fanatik dindarlar Çarlz Darvinə qarşı çıxaraq deyirlər ki, o, nahaq yerə növlərin əmələ gəlməsini yazıb.
-Təkamüllə əlaqədar əsas düşüncələrdən biri də bundan ibarətdir ki, guya bir növ sanki qəfildən başqa bir növə çevrilib. Halbuki, burada birbaşa çevrilmədən söhbət getmir. Məsələn, təkamül nəzəriyyəsində divergensiya, yəni, ətraf mühitə uyğun olaraq əlamətlərin ayrılması kimi bir prosesdən bəhs olunur. Halbuki, Darvin nəzəriyyəsinə kortəbii qarşı çıxanların çoxu heç bunlarla tanış deyil. Mən istərdim ki, qaranlıq məqamlara bir professor kimi işıq salasınız.
-Təbiətdə növəmələgəlmənin bir çox yolları var. Əvvəla görək növ nədir? Növ mikrotəkamülün məhsuludur. Bu da milyon illərin nəticəsində yaranır. Növəmələgəlmənin allopotik və simpatik formaları var. Başqa bir forması isə siz qeyd etdiyiniz divergensiyadır. Çarlz Darvin dünya səyahətinə çıxan zaman Qalapaqos adalarında çoxlu sayda viruq quşları görüb. Müşahidə edib ki, bunlar hamısı bir-birindən fərqlənir.
Yəni, hər biri, müxtəlif fərdlər yığını bir növdür. Darvin qərara gəlir ki, burada yaranan növlər divergensiya yolu ilə əmələ gəlib. Divergensiya bir başlanğıc növdən çoxlu fərdlər əmələ gələrkən həmin fərdlərin başlanğıc formadan fərqlənməsidir. Bu fərqlənmə axırda o nöqtəyə gəlib çıxır ki, başlanğıc növü tamamilə inkar edir. Bu, əlamətlərin ayrılması adlanır. Yəni bunlarda xüsusi irsi dəyişkənliklər əmələ gəlir. Bu vaxt keçdikcə toplanır və nəhayətdə tamamilə yeni bir forma meydana gəlir. Darvin bunları növ adlandırıb.
Doğrudur bəzi tezislər irəli sürürlər ki, guya Darvin bir növdən asanlıqla başqa növün əmələ gəlməsi fikrini ortaya atıb. Darvinə aid olduğu deyilən bu fikri əslində akademik Lisenko söyləyib. Darvin heç vaxt belə bir iddia ilə çıxış etməyib. Növ mikrotəkamül nəticəsində milyon illər ərzində əmələ gəlir, asanlıqla yox.
Təkamülü iki yerə bölürlər: Mikrotəkamül və makrotəkamül. Mikrotəkamül populyasiya səviyyəsində baş verir və bu, növəmələgəlmə ilə başa çatır. Amma bundan sonrakı proseslər, yəni növdən üstün bütün digər taksonlar makrotəkamülün məhsuludur. Bu heç də o demək deyil ki, mikro və makrotəkamül baş vermir. Bunlar bəzən növlərin məhv olması ilə də nəticələnir.
Həyatın əmələ gəlməsindən indiyə qədər nə qədər növlər mövcud olubsa, müasir dövrdəki növlər onların təxminən 5-8 faizini təşkil edir. Bu gün Azərbaycanda, darvinizmə qarşı olan mənfi münasibətlər yalnız bioloji təkamüldən xəbəri olmamaqdan qaynaqlanır.
Təkamül qalaktikada, riyaziyyatda, kimyada və başqa elm sahələrində də var. Amma bioloji təkamül başqa şeydir. Bioloji təkamülü digərlərindən fərqləndirən budur ki, o geri dönən təkamül deyil.
-Geri dönən deyərkən mənə bir şeyi xatırlatdınız. Ən çox səslənən iddialardan biri də budur ki, niyə bu gün meymundan insan yaranmır? Amma Darvin insanın meymundan əmələ gəlməsi iddiasını səsləndirməyib. Bəs niyə bunu Darvinin üstünə atırlar?
-Darvin heç bir əsərində birbaşa yazmayıb ki, insan meymundan yaranıb. Darvin bunu təkamül yolu ilə başqa cür izah edib. Fridrix Engelsin 1896-cı ildə nəşr etdirdiyi “Təbiətin dialektikası” əsərində bir neçə məqalə var. O məqalələrdən birinin adı “Meymunun insana çevrilməsi prosesində əməyin rolu”dur...
-Mən o məqaləni oxumuşam. Engelsin yazdıqlarından belə anlaşılır ki, insanın əcdadı meymun olub...
-Bəli, insanın meymundan əmələ gəlməsi məsələsini Engels yazıb. Mən tez-tez həmkarlarımdan belə fikir eşidirəm ki, Amerikada, İngiltərədə Darvin nəzəriyyəsi tədris olunmur...
-Mən bildiyimə görə, nəinki Qərb ölkələrində, İranın özündə belə, Darvin öyrədilir.
-İranda da, Türkiyədə də, Qərb ölkələrində də tədris olunur. Mən orta məktəblərin 10-11-ci siniflər üçün biologiya dərsliklərinin müəllifiyəm. Mən bu dərsliyi hazırlayarkən müxtəlif ölkələrdən gələn kitablara baxmışam. Türkiyədən kitablar gətizdirmişəm. Amerikadan bura alimlər gəlib. Mənim imkanım olub ki, onlarla görüşüm. Mən sual edirdim ki, darvinizm Qərb ölkələrində tədris olunurmu? Deyirdilər ki, niyə tədris olunmasın?! Əməlli-başlı da dərslər keçirilir. Bu gün çoxu Darvini düzgün başa düşmür. Buna görə də, çox gözəl, model misal düşünmüşəm.
Tutaq ki, 100 il bundan qabaq bir məşhur riyaziyyatçı açılmamış teoremi açmaq üçün 90 vərəqlik dəftərdən istifadə edib. Bununla da, o professor, akademik olub. Bu gün isə elə istedadlı gənc yetişə bilər ki, həmin məqaləni 12 səhifəlik dəftərdə çox qısa yolla həll edə bilər. Bu gənc də akademik olur. İndi belə çıxır ki, 100 il qabaqkı akademiki tamamilə yaddan çıxarmalıyıqmı? Əlbəttə ki, yox. Onun dövrü başqa idi, bu dövr isə başqa.
-Darvinin nöqsanlarının da sıfıra bərabər olmasını demək də məncə, düz deyil.
-Darvin öz dövründə təbii seçməyə tərif verəndə bəzi məsələləri unudub. O deyirdi ki, yaşamaq uğrunda mübarizədə mühitə uyğunlaşanlar sağ qalır, uyğunlaşmayanlar isə məhv olur. Amma bu tərif bu gün özünü doğrultmur.
-Niyə görə?
-Çünki hər bir növ, hətta insan intensiv çoxalmaq qabiliyyətinə malikdir. Hər bir insan proqrama görə 300-400 il yaşaya bilər. Amma bu və ya digər səbəblərdən insan bu qədər yaşaya bilmir. İnsan bu qədər yaşayarsa, o zaman hər bir qadın proqnozlara görə 300-dən çox uşaq dünyaya gətirə bilərdi. Əgər doğurdan da, hər hansı bir növ mühitə uyğunlaşandan sonra salamat qalırsa və özündən sonra nəsil qoymursa, intensiv çoxalmırsa, gələcəkdə onlarda təkamül baş vermirsə, bu, kimə lazımdır?! Ona görə də Darvinin tərifinə bu tərif əlavə olunur. Yəni, canlıların təkcə mühitə uyğunlaşıb sağ qalması kifayət deyil, o, həm də, intensiv çoxalma qabiliyyətinə malik olmalı, özündən sonra nəsil qoymalıdır. Əlbəttə burada genetika mühüm rol oynayır. Təkamül təlimini genetikasız təsəvvür etmək olmaz.
-Darvin isə genetikanı, molekulyar elmi bilməyib.
-Bəli, çünki bu elmlər o dövrdə inkişaf etməmişdi. Darvin dəyişkənlik haqqında məlumat vermişdi, amma onun genetika haqqında təsəvvürü yox idi. Mən genetikadan və təkamüldən dərs deyirəm. Amma birinci genetikanı, 3-cü kurs tələbələrinə öyrədirəm. 4-cü kurslara isə təkamülü tədris edirəm. Genetikanı bilmədən təkamülü bilmək olmaz. Bugünkü təkamül təliminin formalaşmasında genetikanın çox böyük rolu var.
Mən “Qurani-Kərim”i çox böyük kitab hesab edirəm. Çünki onun təxminən 50-60 faizi biologiyadır. “Quran”ı düzgün öyrənib, düzgün tətbiq etsələr, kəşf olunmayan məsələləri də kəşf edərdik.
-“Quran” İslam dininin Konstitusiyadır, inanclı insanların əsas istinad nöqtəsidir. Bu öz yerində. Amma elmi tədqiqatların, eksperimentlərin nəticələri ilə “Quran”da yazılanları tutuşduranda istər-istəməz paradoksal məqamlar ortaya çıxır. Düzdür, elmi araşdırmaların məqsədi, təyinatı “Quran”a qarşı əks-arqumentlər tapmaq deyil, amma nəticədə yenə mən dediyim mənzərə yaranır. Bir misal çəkəcəyəm: məsələn, elmi tədqiqatlar göstərir ki, canlı aləmin ortaq mənşəyi bakteriyadır. “Quran”da isə insanların Adəm və Həvvadan yarandığı deyilir.
-“Quran”da yazılıb ki, bütün canlılar qumdan, gildən əmələ gəlib. 1400 il bundan qabaq haradan biləydilər ki, qum və gili tərkibi qeyri-üzvi maddələrdən ibarətdir. Bunlardan üzvi maddələr, onlardan isə təkamül yolu ilə ilk canlılar əmələ gəlib. Bu haqda heç nə bilmirdilər. Mən açığını deyim ki, insanların beyinlərini o qədər qəribə fikirlə doldururlar ki, onlar elə düşünür ki, öz dedikləri doğrudur. O insanlar Darvinin əldə etdiyi nəticələrin 1000-də birini əldə etsinlər, ondan sonra təkamül nəzəriyyəsinə qarşı çıxsınlar.
İndi belə fikirlər var ki, insanlar əmələ gələnə qədər başqa sivilizasiyalar olub. Tədqiqatlarda iddia olunur ki, başqa sivilizasiyadan olan insanların boyları 3-4 metrə qədər yüksəlib. Çəkiləri isə 300-400 kiloqram. Guya, onlar çox ağır daşları qaldıraraq böyük məbədlər tikiblər. Bu yaxınlarda isə mən bir verilişə baxdım, orada deyilirdi ki, hətta onlardan da qabaq sivilizasiya olub. Bu sivilizasiya dövründə hətta müəyyən texnikalar olub. Əlbəttə ki, bunları əsaslandırmaq lazımdır. Amma müəyyən yerlərdə uca boylu insanların sümükləri tapılır və bunun əsasında tədqiqatlar aparılır. Mən isə müşahidə edirəm ki, dini fanatiklər bəlkə də mütaliənin azlığından, savadsızlıqdan dolayı fikirləri başqa yerə yönləndirirlər.
-Canlı aləmin ortaq mənşəyinin bakteriya olduğunu qeyd etdim. Öz fikrim deyil, bəzi elmi tədqiqatlara istinad edirəm. Amma yenə də sual yaranır: canlıların ortaq əcdadı nədir? Darvin insanla şimpanzenin ortaq əcdadının olduğunu bildirirdi. Nədənsə, bu otaq əcdad məsələsi həmişə ciddi mübahisələrə səbəb olur. Siz bu mübahisələrə hansı rəng verərdiniz?
-Bu gün şimpanzelər, qorillalar, hibbonlar yaşayır. Ümumi əcdad eyni olub, amma insanın öz təkamülü, şimpanzenin öz inkişaf yolu var. Bununla belə, molekulyar, genetik mühəndislik səviyyəsində sübut olunur ki, bunlar mənşə cəhətdən bizə yaxındırlar. Darvin onları insanların “ögey əmiuşaqları” adlandırıb. Çünki bu gün elə bir dövrdəyik ki, dəqiq, konkret faktlar, DNT əsasında bu məsələlərə baxılır.
Sizin sualınızla bağlı bir az aşağıdan başlayaq. “Eşıki koli” insanların bağırsaqlarında parazitlik yaradan bakteriyadır. Bu bakteriyanın tərkibində DNT var. Alimlər həmin DNT-ni və insanın hüceyrəsindəki DNT-ni çıxarıb onların DNT zəncirlərini bir-birlərindən ayırırlar. Sonra isə xüsusi mühitdə bunları hibridləşdirirlər. Məlum olur ki, “Eşıki koli”nin DNT-si olan genlərlə insanın DNT-də olan genlərin təxminən 2 faizi hibridləşir.
İkincisi, götürək, balaca siçanı. Siçan da məməlidir, insan da. O da doğur, insan da. Siçanla insanın DNT-də olan genlərinin 25 faizi hibridləşir. Bu yandan çox qaçaraq şimpanzeyə keçirəm. Şimpanze ilə insanın DNT-sinin təxminən 70 faizi hibridləşir. Deməli, şimpanzelər, bizə daha çox yaxındırlar, hətta qan qruplarımız da təxminən eynidir. Ancaq bu, heç də o demək deyil ki, biz ordan başlanğıc almışıq.
Sizin dediyiniz bakteriyaya gəlincə, buna belə izah vermək olar. Nuklein turşularının ən əsas vacib xüsusiyyətlərindən biri də özünü törətmək qabiliyyətidir. Bu getdikcə inkişaf edərək, ən nəhayətdə birhüceyrəli orqanizmlər əmələ gətirib. Bu birhüceyrəli orqanizmləri sizin dediyiniz kimi bakteriya da, virus da adlandırırlar. Amma bakteriyaya qədər də proseslər gedib. Biz bu gün lovğalana bilmərik ki, yer üzündə həyat əmələ gələn kimi bioloji təkamül baş verib. Son zamanlarda dünyanın görkəmli alimləri belə nəticəyə gəliblər ki, ilk dəfə fiziki təkamül, sonra kimyəvi və ən nəhayətdə isə bioloji təkamül baş verib.
-Təkamülü anlamağa çalışıram, amma məni bir sual hələ də narahat edir. Bu təkamül prosesində fərdlər təbii şəkildə erkək və dişi kimi necə formalaşdı?
-Çox maraqlı sualdır. Eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel kürt yatan toyuğun altından yumurtanı götürüb, onu sındırıb və rüşeymin tədrici inkişafını izləyib. O görüb ki, bütün canlı varlığın əsası rüşeymdən başlayır. Rüşeym inkişaf edir, bölünür, çoxalır. Ən nəhayətdə hüceyrələr o qədər bölünür ki, rüşeymlərin təbəqələri əmələ gəlir. Bu rüşeym təbəqələrindən hər canlı orqanizmin ayrı-ayrı orqanları, toxumaları başlanğıc alır. Həmin orqan və toxumalar başlanğıc alan ərəfədə bəzilərində erkək fərdlərə məxsus cinsiyyət orqanları, bəzilərində isə dişi fərdlərə məxsus cinsiyyət orqanları inkişaf edir. Hətta 17-ci əsrə qədər görkəmli alimlərin çoxu bu məsələnin ayırd edilməsində çox çətinlik çəkiblər. Onlar deyirdilər ki, əgər qadın həddindən artıq temperamentlidirsə, onlardan dişi fərd, yəni qız, soyuqdursa, erkək fərd əmələ gəlir.
-Darvin “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” bölümündə canlı aləmin təkamülünü sübut edən keçid formasının olmamasını etiraf edir. Bu gün ara keçidə aid dəlil varmı?
-Bu məsələyə təkamül nöqteyi-nəzərdən yanaşsaq, deyə bilərik ki, müxtəlif siniflər var. Bütün siniflər arasında keçid formaları var. O cümlədən insanabənzər meymunlarla insanların arasında müəyyən bir keçid forması var. Primatları buna misal çəkmək olar. Lakin, insanla insanabənzər meymun arasında keçid formanın olması tam isbat olunmayıb. Ona görə də, buna bir qədər başqa aspektdən yanaşırlar. Yəqin ki, tədqiqatlar çox aparıldığına görə, bütü məsələlər təsdiqini tapacaq. Amma başqa siniflər arasında keçid formaları çoxdur.
-Amma təkamülü din prizmasından izah edən ilahiyyatçılar bildirir ki, ara keçid heyvanlar arasında da yoxdur.
-Sürünənlərdən 3 qol ayrılıb. Birincisi quşlar, ikincisi məməlilər, üçüncüsü isə müasir sürünənlərdir. Sürünənlərdən sonra ayrılan şaxədən darburun meymunlar və genburun meymunlar da meydana gəlib. İlk həşərat yeyən məməlilər əmələ gələrkən onların içərisindən darburun və genburun meymunlar yaranıb. Bizim əcdadlarımız darburun meymunlardır. Yəni, kök onlara gedib çıxır.
-Bunu sübut edən paleontoloji dəlillər varmı?
-Onların nəsli kəsilib. Amma bəzi yerlərdə qalıqlarını tapıblar. Alimlər bu qalıqlar tapılmasa idi, nəyə istinad edib bu nəticəyə gələrdilər?! Bu qalıqlar keçid formaya aid edilmir. Təkamül milyon, milyard illərlə ölçülür.
Darburun meymunlardan sonra tədricən inkişaf nəticəsində təkmilləşmə olub və müasir insana qədər gəlib çıxıb. İndi bəziləri durub elə fikirlər söyləyir ki, adam təəccüblənməyə bilmir. Elə adamlarla müzakirə aparmaq da çox çətindir. Belə yerdə Mirzə Fətəli Axundovun “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasını misal çəkərdim. Orda cadugər deyir ki, yadınıza meymunu salmasanız verdiyiniz əşyaları qızıla çevirəcəyəm. İndi belə adamların da yadına meymun düşür, adamdan əl çəkmirlər. Bu gün XXI əsrdir, genetik mühəndislik dövrüdür.
Növü təyin etmək üçün çoxlu kriteriyalar mövcuddur. Onların içərisində ən vacibi molekulyar-genetik kriteriyalardır.
-İrsiyyətin dəyişməsi məsələsində mutasiyanın rolu darvinistlərin ən çox müdafiə etdiyi məqamlardandır. Amma ilahi qüvvənin varlığına inanan elm adamları deyir ki, mutasiya nəticəsində yeni bir növ əmələ gələ bilməz...
-Əvvəla Darvin mutasiya terminini işlətməyib, o dəyişkənlik anlayışından istifadə edib. Mutasiya termini ilk dəfə olaraq 1901-ci ildə holland alim De-Friz elmə gətirib. Mutasiya sıçrayışla, spontan baş verən dəyişkənlikdir. Mutasiya orqanizmdə toplanır və birdən-birə fenotipdə təzahür edir. Ümumiyyətlə, insanın da əmələ gəlməsi mutasiyanın nəticəsidir. İnsan isti ölkələrdə əmələ gəlib. Günəş radiasiyası və fiziki-kimyəvi amillər çox olan yerlərdə insanlar əmələ gəlib. İndi dünyada əhalinin sayı 7 milyardı keçib. Amerika jurnallarının birində verilən proqnoza görə, 2050-ci ildə insanların sayı 9 milyarda çatacaq. Bir yumurta əkizləri istisna olmaq şərti ilə 7 milyard insanın hamısı bir-birindən fərqlənir. Bu nədir? Bunu çox gözəl, model bir misalla izah edə bilərəm. Bu model misalı hələ ki, auditoriyada deməmişəm. İndi sizə açıqlayıram.
Biz bu gün surətçıxarma, kserokopiya aparatından istifadə edirik. Ora bir adamın çox aydın çəkilmiş fotosunu qoyub onun bir neçə surətini çıxarırlar. Birinci nüsxə, ikinci nüsxə, üçüncü nüsxə və s. İlk əvvəlki şəkillər birinci ilə tamamilə eyni olur. Amma eyni şəkildən min, 2 min, 3 min nüsxə çıxardıqdan sonra isə kəskin fərqlər sezilir.
İnsanlar da əmələ gəlib, müxtəlif qitələrə, regionlara yayılıblar, yaşadıqları yerlərə adaptasiya olunublar. Onlarda sonradan tədricən dəyişkənliklər əmələ gəlib.
-Mutasiyadan söz düşdü, səhv etmirəmsə, bunun 3 növü mövcuddur: faydalı, zərərli və neytral. Müasir elm kontekstində bunlara sadə izah versəydiniz, maraqlı olardı.
-Təkamülün əsas hərəkətverici qüvvəsi təbii seçmədir. Hər hansı yaranan növ və ondan yüksək taksonlar təbii seçmənin nəticəsidir. Deməli, təbii seçmə bilavasitə faydalı dəyişkənlikdən istifadə edir.
Yəni, təbii seçmə əslində növün mənafeyini güdür, növ üçün işləyir. Növün xeyrinə olan əlamətləri götürüb saxlayır, zərərinə olanları isə çıxdaş edir. Neytral mutasiya isə elə bir rola malik deyil. İndi fikir verin. Deyək ki, hər hansı bir populyasiyada, bütün mutasiyalar hamısı birdən-birə fenotipdə təzahür etmiş olsaydı, burada həyat çox əcaib bir formada olardı. Çünki baş verən mutasiyaların əksəriyyəti, 70-80 faizi zərərlidir. Amma zərərli mutasiyalar əksər hallarda gizli formada qalırlar.
Genetikanın dili ilə belə izah edim. Var böyük A, bir də var kiçik a. Kiçik a zərərli mutasiyanın daşıyıcısıdır. Onun qarşısında isə böyük A, yəni dominant A olduğu üçün zərərli üzə çıxa bilmir. Əgər üzə çıxsaydı, həyat indi belə olmazdı.
Bu qanunauyğunluqları tənzimləyən təbii seçmədir. Təbii seçmə ilə yanaşı, insanlar tərəfindən həyata keçirilən süni seçmə də var. Burada isə insan yalnız öz mənafeyini güdür. Məsələn, məni maraqlandırmır ki, təbiətdə qara mal canavarın qarşısından qaça biləcək ya yox. Təki, o mənə çoxlu süd, çoxlu bala versin.
-Belə başa düşdüm ki, süni olaraq gen manipulyasiyaları etmək olursa, bu, təbiətdə təbii şəkildə niyə baş verməsin? Yəni dindarların təbiətdə, kainatda baş verən hər şeyin arxasında ali bir şüurun dayandığını deməsi düzgün deyil?
-Təbiətdə bunları tənzimləyən təbii seçmədir. Mən görürəm ki, siz bu sahədə mütaliə edibsiniz. Onda belə bir şey deyim. Yadınızdadırsa, bir zamanlar Şotlandiyada süni şəkildə qoyun cinsi yaratdılar. O vaxt Bakıda İslam ölkələri genetiklərinin bir konfransı keçirilirdi. Mən də ora ekspert kimi dəvət olunmuşdum.
Tədbirdə çıxışım zamanı dedim ki, bu qoyun çox yaşamayacaq, vaxtından əvvəl qocalıb, müxtəlif xəstəliklərə tutulub öləcək. Doğurdan da, belə oldu. Mən əsaslandırdım ki, təbiətdə yaranan hər bir növ təbii seçmənin süzgəcindən keçməlidir. Bu süzgəcdən keçmirsə, gələcəkdə adaptasiya oluna bilmir. Amma digər tərəfdən də belə bir məsələ var. Biz deyirik ki, 21-ci əsr genetik mühəndislik əsridir. Genetik mühəndislik insanları bir çox bəlalardan, müxtəlif irsi xəstəliklərdən xilas edə biləcək. Bu gün dünyada əhalinin sayı durmadan artır. Dünya üzrə olan yararlı torpaqlar demək olar ki, istifadə olunub. İndi yararlı torpaqlar yoxdur. Ancaq əhalinin də tələbatlarını ödəmək lazımdır. Buna görə də, birinci növbədə qarıda duran əsas məsələ genetik mühəndislikdən istifadə etməkdir. Hətta belə bir proqnoz var ki, genetik mühəndislik metodlarından səmərəli istifadə etməklə, gələcəkdə insanlar növ də əldə edə biləcəklər. Bu vaxta qədər isə insanlara növ əldə etmək nəsib olmayıb.
Təbii seçməni heykəltəraşla müqayisə edirlər. O, gildən, qumdan və ya dağ parçasından bir heykəl düzədir. Bu zaman o, əlindəki xüsusi alətlərlə daşın, ağacın, gipsin artıq yerlərini yonub atır. Ən nəhayətdə bir heykəl yaradır. Təbii seçmə də belədir. Təbii seçmə yeni növ yaradanda artıq mutasiyaları çıxdaş edir.
-Bu təkamül bu gün də gedirmi? Təkamül baş verirsə, 1000 ya da 10 min il sonra canlı aləmi nə gözləyir?
-Bu da çox maraqlı və geniş izahat tələb edən sualdır. Mən auditoriyada da deyirəm ki, təkamülü sübut edən dəlillər var. Bioloji təkamül baş verəndən sonra, təbii seçmə fəaliyyətə başlayır. Təbii seçmənin səsi, iyi, rəngi yoxdur. Bəs necə sübut edə bilərik ki, təbii seçmə bu gün də gedir? Əlbəttə bunun üçün eksperimental dəlillər mövcuddur. Bir çox alim tədqiqat apararaq eksperimentlər yolu ilə sübut edirlər ki, təbii seçmə bu gün də davam edir və bundan sonra da belə olacaq. İndi baxın. Çarlz Darvin vaxtı ilə növəmələgəlmə prosesini izah edərkən yarımnövləri şübhəli növlər adlandırıb. Amma bu gün sübut olunub ki, bir çox yarımnövlər gələcəkdə müstəqil növlərə çevriləcək.
-Mənə bir az qaranlıq qaldı. Hansı nümunə çəkə bilərsiniz?
-Bitkilər, heyvanlar aləmində yarımnövlər çoxdur.
-Mən tez-tez eşidirəm ki, müasir elm, təkamülü müdafiə edən alimlər bir canlı hüceyrəsi yaratmaqda acizdir. Bu iddianın əsasında elmilik varmı?
-Belə təsəvvür etmək olmaz. Bu gün hüceyrələr yaradırlar. Nəinki hüceyrə, hətta canlı orqanizm də yaradırlar. Amerikada müxtəlif heyvanları yaradırlar. Deyək k, bir it ölüb gedib onun klonunu yaradırlar. İnsanın öz hüceyrəsindən onun kopyasını yaratmaq mümkündür. Gen bankı var, ondan da istifadə edirlər.
Ona görə mən deyirəm ki, əlavə kitab oxumayanlar, mütaliə etməyənlər, müasir tədqiqatlarla maraqlanmayanlar o fikri söyləyirlər. İnsan hüceyrə də, heyvan da, insanın özünü də yarada bilər. Məndə olan məlumata görə, belə bir şey vaxtı ilə yaradıblar, hətta onu 60 günə qədər saxlayıblar. Lakin sonradan buna icazə verilməyib. Bilirsiniz ki, tarixdə maraqlı, dahi alimlər olub. Onların gen bankından bir hüceyrəni götürüb ondan gələcəkdə dahilər yetişdirmək olar.
-Belə bir sual: Təkamül təlimini “Quran” a qarşı bir nəzəriyyə hesab etmək olarmı?
-Qətiyyən. Təkamül təlimi “Quran”dan da istifadə edir. “Quran”da hətta təkamül təliminə aid ayələr də var. Akademik Vasim Məmmədəliyev “Quran”ı tərcümə edib. O özü televiziyada çıxış edir və deyir ki, canlı orqanizmin əmələ gəlməsində mayalanma mühüm rol oynayır. Əlbəttə ki, elm hər şeydən üstündür. İnsanlar isə fanatik olmamalıdır. İnsan nəyəsə inanmalı, nəyəsə sitayiş etməli, çəkinməlidir. Əks təqdirdə, insanlar bir-birinin düşməninə çevrilə bilərlər.