Akif Çovdarova məxsus olduğu iddia edilən ərazi ilə bağlı sensasiyalı faktlar - "Hansı Allahsız bu yeri o dələduz adamın adına bağlayır?"

29-03-2016, 21:23           
Akif Çovdarova məxsus olduğu iddia edilən ərazi ilə bağlı sensasiyalı faktlar - "Hansı Allahsız bu yeri o dələduz adamın adına bağlayır?"
Bu ərazi ictimaiyyətin gündəminə böyük qalmaqalla gəlmişdi. Paytaxt sakinləri arasında ümumi olaraq "Zeytunluq" kimi tanınan bu ərazidə bir neçə il əvvəl "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil, keçmiş MTN generalı Akif Çovdarov tərəfindən fiziki zorakılığa məruz qalmışdı. Daha doğrusu, mətbuat səhifələrində sözügedən hadisənin bu ərazidə baş verdiyi iddia olunurdu. Sən demə…

Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal Paşayev və Cavadxan küçələrinin kəsişməsi. Yolumuz bu ərazidən təsadüfən düşdü. Ya da təsadüf deməyək, bir xeyir işin yolçuluğu deyək.

Sözügedən küçələrin kəsişməsində, yolun Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məxsus ekskavator və yük maşınları tərəfindən bağlandığını gördük. Texnikaların üzümüzə bağladığı küçənin o tərəfində isə söküntü gedirdi. Və hər şey də bundan sonra başladı…

Paytaxtın hansısa hissəsində söküntü gedirsə, ayrıca bu söküntü BŞİH tərəfindən aparılırsa, üstəlik bir zamanlar yaşanan qalmaqallı olayla mətbuat səhifələrini "bəzəyən" ərazidə belə bir hal baş verirsə, təbii ki, bu məqamda heç bir güc jurnalist marağını basdıra bilməz.

Söküntünü həyata keçirən fəhlələrdən nə baş verdiyini soruşuruq. Bir qismi susmaq haqqından istifadə etsə də, digər qismi, ən azından bizim də soruşmaq haqqımıza hörmətlə yanaşır: "Müəllim, biz bilmərik, bizə "sökün" deyiblər, biz də işimizi görürük". Söküntüyə nəzarət edən şəxs və ya şəxslər isə ərazidə görünmür.

Yan tərəfdə dirəyə bərkidilmiş, sökülməkdə olan tikili haqda məlumat lövhəsi diqqətimizi çəkir. Tikinti 2011-ci ildə başlayıb və 2016-cı ildə başa çatdırılması planlaşdırılıbmış. Ümumi sahəsi 4500 kavdratmetr olan bu 4 mərtəbəli bina idman sağlamlıq kompleksi kimi nəzərdə tutulubmuş. Lakin niyəsə başa çatdırmaq qismət olmayıb.

Kənarda dayanıb, söküntü prosesini müşahidə edən iki yaşlı kişiyə yaxınlaşırıq:

— Dayı, bu Akif Çovdarovun obyekti deyilmi? Bilmirsiniz, niyə sökürlər?

— …

— Dayı… adınızı bilmək olar?

— Adım Cəfərdir. Bu obyekt də Çovdarovun filan deyil!

— Bəs kimindir?

— (Kişi ironiyalı sualımdan əsəbləşir —müəll.) Bu sualı mənə yox, bu obyekti aparıb o dələduz adamın adına bağlayana vermək lazımdır.

Cəfər dayının bu sərt cavabı və gileyli nəzərlərini təkrar söküntüyə zilləməsi diqqətimizi çəkir. Onun nələrsə bildiyini başa düşürük və bu sözlü adamdan məsələnin pərdəarxasını öyrənməyə çalışırıq…

"Axı hamı deyir ki… Deyirlər ki, bura Çovdarovun obyektidir, ona görə sökürlər…" deyib Cəfər dayını söhbətə çəkməyə çalışıram. Kişi əsəbi halda üzünü o yana çevirir. İsrarla sualıma cavab almağa çalışarkən, yanındakı digər ağsaqqal (İslam dayı — adını sözarası qopartdım kişidən) söhbətə müdaxilə edir:

— Ay oğul, bu yer taaa 1996-cı ildən, mənim yaxından tanıdığım bir oğlanındır. Onu 20 ildən çoxdur, tanıyıram. Çox mərd, vətənpərvər bir oğlandır. Bu yeri də alın təri ilə alıb, üstündəki obyekti də min-bir zəhmət ilə tikirdi…

— Kimdi ki?

— Bəlkə sən tanımazsan, cavansan. İlqar adında oğlandır — İlqar Məmmədov. Bura onun obyektidir, oğul. Hə, bir də qardaşı var — Samir. Onun da şərikliyi var. Bu qardaşlar çox zəhmətkeş uşaqlardır. Bax, bu tikilini gözümüzün qabağında qaldırıblar, dişləri-dırnaqları ilə. Hansı Allahsız bu yeri Çovdarovdur-nədir, onun adına bağlayır? Bunu deyənlərin insafı yoxdur! Bu qardaşların dələduzlarla, dövlətə asi çıxanlarla işi olmaz. Hələ, bildiyim qədərilə həm özləri, həm də ailə üzvləri YAP-ın üzvləridir. Rəhmətlik Heydər Əliyevin vaxtında da, indiki Prezidentimizin zamanında da dövlətə bağlı adamlardır. Hətta, 1992-ci ildə Mütəllibovun tətbiq etdiyi prezidentliyə namizədin yaş senzinin götürülməsi ilə bağlı məsələ qaldıranlardan, Heydər Əliyevin prezident seçilməsi üçün canını ortaya qoyanlardan olublar. Onların elə fırıldaqçılarla nə işi olar?!

— İslam dayı, mən demirəm, saytlar yazır…

— A bala, kimlər yazır, bilmirəm. Mən gözümün şahidiyəm. Mən İlqarın özü ilə şəxsən tanışam. Bu obyekt haqda da söhbətimiz olub. Burda nəsə sağlamlıq kimi bir şey tikirdi. Deyirdi ki, bütün idman növləri olacaq, uşaqdan-böyüyə hamı gəlib burada həm idman edəcək, həm də istirahət. Bildiyimiz qədər, buranı başa gətirənədək xeyli borca giriblər, banka kreditləri var. Neynəsinlər, bütün güclərini bu obyektə vermişdilər. Vallah, yaxşı niyyətdir. Bu ərazidə belə bir yer yoxdur. Camaatın uşağı gedib itə-qurda qoşulur, narkoman olur. Ondansa gəlib sağlamlıqla məşğul olsunlar da…

— O vaxt jurnalisti döymüşdülər burda. Akif…

— Yenə deyirəm, bu yerin Akif… (yanındakı Cəfər dayıya dönür —müəll.), kimiydi o?

Bu yerdə Cəfər kişi yenidən söhbətə qoşulur:

— Biz də qəzet filan oxuyuruq. Sən dediyin o məsələ baaax o tərəfdə olub (əli ilə dayandığımız yerdən xeyli aralını — Heydər Məscidinin yanını göstərir — müəll.). "Prosta" təhlükəsizlik sistemində bəzi "moşenniklər", eləcə də Çovdarov ifşa olunandan sonra, kimlərsə İlqargilə ləkə atmaq üçün, həmin bu yeri o "moşennikin" adına bağladılar. Biz də bu iftiranı qəzetlərdən oxuyanda şoka düşdük. Buranın Çovdarova nə dəxli var, axı? Həm də bura 5 ildən çoxdur tikilir, bu uşaqlar ordan-burdan pul tapıb yavaş-yavaş binanı qaldırıblar. Çovdarovun tonlarla pulu vardı, onun obyekti olsaydı, çoxdan tikilmişdi də, istifadəyə verilmişdi də. İftira atırlar bunlara. Yəqin, kimlərsə bu yazıqların çörəyinə bais olmaq istəyirlər.
Bu ilginc məlumatları həzm etməyə çalışırdım ki, həmsöhbətim olan dayıların uzaqlaşmağa çalışdıqlarını gördüm. "Məmmədovlardan kiminlə danışa bilərəm? Qardaşlardan hansının nömrəsini bilirsiniz?" dedim. Heç birinin nömrəsini bilmədiklərini dedilər. "O zaman yalan danışırsınız, baş aldadırsınız" dedim. Yenə Cəfər dayı dözmədi, "buyur, Samirin nömrəsini buradan tap" deyə telefonunu əsəbi şəkildə üzümə uzatdı…

— Samir müəllim, salam.

— Salam.

— Sizi jurnalist…

— Obyekt məsələsi? (gülür —müəll.)

— Bu obyekt həqiqətən sizindir? Hamı yazır ki, Çovdarovundur…

— Vallah, kimin nə yazdığını bilmirəm, amma bizimdir. Bizə də aydın deyil ki, bu gülünc şayiələri, cəfəng iddiaları kim, ya da kimlər yayıb. Heç bir məntiqə, ağıla sığmayan uydurmalar çıxarırlar özlərindən. Buranın Çovdarova nə aidiyyəti var?!
— Elədirsə, niyə indiyədək yazılanlara reaksiya verməmisiniz?

— Nə deyək ki?! Biz iş adamıyıq. Dövlətimizə, Prezidentimizə bağlı, başıaşağı, öz işi ilə məşğul olan insanlarıq. Kim nə yazırsa, yazsın, canları sağ olsun!

— Amma obyektinizi sökürlər hazırda…

— Bəli, plana düşüb.

— Nə planına?

— Dövlət ehtiyacı.

— Bəs, zərəriniz?

— Xeyir Allahdan.

— Borca girdiyiniz, kredit götürdüyünüz deyilir. Bilmədiyimiz başqa nələrsə varmı?

— Hər bir iş adamı riskli addımlar atır, bəzən tutar, bəzən tutmaz. Bizim də işimiz budur.

— Sifarişləriniz vardımı ki, bu söküntüyə görə ertələdiniz?

— İdman avadanlıqları sifariş vermişdik. Amma ertələmədik, yoldadır. Allaha pənah.

— Bu işin qarşılığı — kompensasiya filan varmı?

— Bizim hər şeyimiz dövlətə fəda olsun!

Bax belə. Hələ ictimaiyyətin bilmədiyi, yaxud yanlış bildiyi nə qədər gerçəklər varmış…

Sputnik.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.