Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

2-11-2024, 09:52           
Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
Avropa İttifaqının Ermənistan ərazisində olan “missiyası"nın son günlər Azərbaycanla sərhəddə görünməsi, vizual müşahidələr aparması heç də sıradan bir hadisə deyil. Bu, öncədən düşünülmüş planın bir hissəsi kimi açıq təxribat elementlərini özündə ehtiva edən hərəkətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.

“Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə öz “missiyası"nı göndərib nə axtarması cəmiyyətimiz üçün tam aydındır. Onlar qeyri-sabitlik, xaos, bəhanələr, müharibə axtarırlar. Məqsədləri odur ki, bu region inkişafdan, inteqrasiyadan geri qalsın”, - deyə o əlavə edib.

Komitə sədrinə görə, bu cür təxribat xarakterli səfərlər heç də təsadüfən baş vermir:

“Onlara şərti sərhədə yaxınlaşmağa icazə verən Ermənistan hakimiyyətinin də mövqeyinin nə dərəcədə ziddiyyətli olduğu bir daha ortaya çıxır. Fransızların və onun ətrafında olan qüvvələrin hansı niyyətdə olması bizə məlumdur. Amma onlara dəstək vermək və sərhədə göndərmək təbii ki, hökumətin razılığı olmadan mümkün deyil. Bu o deməkdir ki, Ermənistan hakimiyyətinin verdiyi açıqlamlarda səmimiyyət yoxdur. Çünki erməni tərəfi xarici işlər naziri vasitəsi ilə “bir iki həll edilməmiş məsələ qalıb və biz sülh müqaviləsinin imzalanmasına hazırıq” deyir. Başqa tərəfdən isə təxribatlara əl atırlar”.

Səməd Seyidov bildirib ki, Ermənistanın bu kimi davranışları sülh prosesinə zərbə vurur: “Nəticədə yenə də uduzan tərəf Ermənistan olacaq. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ölkəmiz regionda və qlobal miqyasda böyük nüfuza malikdir. Ona görə də, Azərbaycana qarşı çıxmağa çalışan qüvvələr real mənzərəni doğru-düzgün qiymətləndirməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.