"Şükürlər olsun ki, indi yaxşıyam" - Ağır xəstə olduğu deyilən Fəzail Ağamalı danışdı

18-08-2017, 18:01           
"Şükürlər olsun ki, indi yaxşıyam" - Ağır xəstə olduğu deyilən Fəzail Ağamalı danışdı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib. Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilirdi. Fəzail Ağamalı özü haqqında dolaşan bütün xəbərlərə aydınlıq gətirib.
Modern.az saytı bu mövzuda Fəzail Ağamalıdan müsahibə alıb. Müsahibəni təqdim edirik:

- Fəzail müəllim, çoxdandır ki, Milli Məclisdə yoxsunuz. Milli Məclisdəki dostlarınız da sizi axtarır. Haralardasız?

- Təbii qarşılayıram. İllərdir ki, dostlarımın, jurnalistlərin göz önündəyəm. Ona görə də qəfildən gözə dəyməyəndə istər-istəməz axtarış məsələsi ortalığa atılır. Bunu təbii qarşılayıram. Çox sağ olsunlar ki, məni axtarırlar.

- 3 aydan çoxdur ki, sizinlə əlaqə saxlamaq qeyri-mümkün olub. Bütün əlaqələri dondurmusuz. Belə olan təqdirdə haqqınızda müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Kimi dedi “Fəzail Ağamalı xaricdə xəstəxanada yatır” kimi də danışmaqla bağlı problem yaşadığınızı söylədi. Əslində, nə baş vermişdi?

- Açığı, sizə deyim ki, xeyli yorulmuşdum. Ona görə də dincəlmək istədim. Həm mətbuatdan, həm də müəyyən işlərdən uzaqlaşmağa qərar verdim. İstədim ki, təbiətlə təmasda olum və bu yolla psixoloji yorğunluğumu aradan qaldırım.

- Bəs “Fəzail Ağamalı ağır xəstədir” fikirləri nə dərəcədə doğru idi?

- Sadəcə, üz tutduğum ölkədə sanatoriyada dincəldim. Müəyyən prosedurlar var ki, onları keçməli oldum. O prosedurları keçəndə bəlli oldu ki, məndə təngnəfəslik problemi var. Ona görə də təngnəfəsliklə bağlı müayinə aparıldı. Məlum oldu ki, artıq çəki problemi də var. Bu zaman artıq çəkidən azad olmaq məsələsi gündəmə gəldi. Belə deyək də, bütün müayinələrdən keçməli oldum. Şükürlər olsun ki, indi yaxşıyam. Özümü normal hiss edirəm. Hazırda Azərbaycandayam.

- Sirr deyilsə, müayinə-müalicə və istirahətinizi hansı ölkədə gerçəkləşdirdiz?

- Əlbəttə, sirr deyil. Ukraynada və Türkiyədə oldum. Təbii ki, istirahətin davamını Azərbaycanda gerçəkləşdirdim.
- Maraqlıdır ki, siz bu müddət ərzində hər kəslə telefon əlaqələrinizi kəsdiniz. 3 aydan çox müddətdə həm Milli Məclisdəki dostlarınızın, həm də mətbuatın telefon etmək istəyini dondurduz. Səbəb nə idi?
- Hazırda da telefonlarım bağlıdır.. Həkimlər əsəb sisteminə mənfi təsir edən, sağlamlığa ziyan vura biləcək informasiyalardan uzaq olmağımı xahiş etdilər. Ona görə də maksimum dərəcədə telefonlardan uzaq durmalı oldum. Əslində, bu məsləhətlərdə kifayət qədər ciddi məntiq var. Hər halda, məlumatınız var ki, 1988-ci ildən bəri fəal siyasətdəyəm. Bir az da olsa fasilə verməmişəm, dincəlməmişəm. Heç nədən şikayətlənməmişəm. Ona görə də aktiv siyasətdə olan birisi kimi mən də yorğunluq hiss edə bilərdim.
Səhhətimdə müəyyən problemlər baş qaldıra bilərdi. Ona görə də bu məntiqə uyğun olaraq həkimin məsləhətlərinə qulaq asıb telefonlarımı bağladım. Modern.az saytı vasitəsilə məni soruşan, axtaran dəyərli həmkarlarıma, dəyərli jurnalistlərə öz dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, məni yaddan çıxartmayıblar, arayıb-axtarıblar.

İnşallah tezliklə yenidən görüşəcəyik. Mətbuatla da əvvəlki illərdə olduğu kimi qaldığımız yerdən fəaliyyətimizi bərpa edəcəyik. Bir daha hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu, düşünülmüş addım deyildi. Təbii əmələ gələn sınaq idi. Kimlərinsə məni axtarıb-axtarmamasını müəyyən etmək üçün heç vaxt telefonları bağlamaq kimi niyyətim olmayıb. Ağlıma heç vaxt belə fikirlər gəlməyib. Yenə də hər kəsə öz minnətdarlığımı bildirirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.