Peyğəmbər adlandırılan yazıçı: "Mən qəddar tanrıyam" - FOTO

25-08-2017, 09:32           

Bu gün “Taxt oyunları” serialını milyarddan artıq insan maraqla izləyir.
Publika.az bu fantaziya romanının da daxil olduğu “Alov və buz nəğməsi” silsilə kitabların müəllifi, amerikalı yazıçı Corc Reymond Riçard Martinin ən son müsahibəsini təqdim edir:
Peyğəmbər adlandırılan yazıçı: "Mən qəddar tanrıyam" - FOTO
"Orta əsrdə yaşamağı deyil, o illərdən yazmağı üstün tuturam".
- Varisin hakimiyyətin təbiəti haqda olan müəmmasını özünüz necə çözərdiniz?
- Düşünürəm ki, elə cavabın ən yaxşısını Varis verib: Hakimiyyət - biz onun haqqında nə düşünürüksə odur. Hakimiyyət - divarda kölgə deməkdir.
- Bəs sizin hakimiyyət haqda ən böyük kəşfiniz nədən ibarətdir?
- Hakimiyyətin tarix üzərində böyük təsiri var. Məsələn, elə götürək Sovet İttifaqı dağılandan sonra Rusiyanın təzadlı vəziyyətini. Sovet İttifaqqı bütün dünyada dağıdıcı gücə malik qüdrətli haimiyyət idi. Uzun müddət liderlər fərmanlar imzalayır, əmrlər verir, insanlar isə gözüqapalı tabe olurdular. Lakin elə bir dövr gəldi ki, hərbçilər, komandirlər, generallar əmrlərə boyun əyməkdən imtina etdilər. Elə bu vaxt xatırlayırsınızmı Boris Yeltsinin başına nələr gəldi?! Tanklar onun üzərinə yeridi, lakin həbs etmədilər. Beləcə sistem dağıldı.
Bu istənilən liderin başına gələ bilər. O, kabinetində əyləşib “Oraya get, bunu et” kimi əmrlər vermədən öncə hər şeyi dərindən düşünməlidir. Axı özü bilavasitə əmrlərinə tabe olan insanlardan asılıdır. Tarix boyu əli qılınclılar hakim təbəqəyə, din xadimlərinə itaət ediblər. Çünki onları qüdrət mənbəyi kimi görüblər. Lakin unutmayaq ki, bunlar hamısı bir xülyadır.
- Çox vaxt politoloqlar deyirlər ki, yenidən orta əsrlərlə geri dönürük, soyuq müharibələr, İslam dövlətlərində baş verən dəhşətlər, KİV-lərin mübarizəsi - hər bir tərəf də özünün haqlı olduğunu düşünür. Sizcə, “Taxt oyunları” serialının dünya reytinqlərində liderliyi məhz zamanın bu ruhuna borclu deyilmi?
- “Orta əsrlərə geri dönürük” fikiri məni çox qıcıqlandırır. Doğrudur, o illər yazıçılıq, poeziya baxımından tərəqqi dövrü idi. Lakin orta əsrlər ən qanlı, dəhşəti dövr olub. Bəli, o əsrlər haqda oxunaqlı əsərlər qələmə almaq olar, axı həm dram, həm qarşıdurmalar, xəyanət - hər şeyə rast gəlirik. Amma deyim ki, orta əsrdə yaşamağı deyil, o illərdən yazmağı üstün tuturam.


"Fərqi yoxdur, amerikalı, rus, afrikalı, çinli və s. biz sadəcə Yer planetinin sakinləriyik"
- Vesterosda yaşamaq istərdinizmi?
- Bilirsiniz, epik təxəyyül janrlı əsərlərdən öncə elmi fantastik romanlar yazırdım. Xüsusən də planetlərin qarşılıqlı münasibətlərindən, vahid elm sisteminin var olduğu uzaq gələcəkdən olan romanlar qələmə alırdım. Bu hekayələrdə isə mütləq yadplanetlilərə rast gəlirik. Kimliklərindən asılı olmayaq onlar oxucuya insanlardan daha maraqlıdırlar. Bəs o kosmik gələcəkdə biz kimik? Fərqi yoxdur amerikalı, rus, afrikalı, çinli və s. biz sadəcə Yer planetinin sakinləriyik. O dövrdə artıq öz aramızdakı rəqabəti, müharibələri, irqi və dini ayrıseçkiliyi yox etmişik. Çünki bu məsələlərdən daha uca zirvəyə qalxmağı bacarmışıq.
Adi cəmiyyətlərdə savaş, münaqişə hər zaman var. Biz isə bunlardan daha yüksəkdə durmağı bacarmalıyıq. ABŞ da daxil olmaqla bu gün dünya ölkələrinin vəziyyəti acınacaqlıdır.
- Belə çıxır ki, Vesterosda yaşamaq istəməzdiniz...
- (Gülür) Qətiyyən!

"İstəmirəm ki, hansısa personajım öləndə tamaşaçı kanalı dəyişib rahatca nahar etməyə getsin. İstəyirəm ki, o özünü ən doğma insanını itirmiş kimi hiss etsin. Acı onun qəlbinə çöksün. Bəlkə də bir qədər qəddar səslənir, lakin bu yazıçının triumfudur"
- Pərəstişkarlarınızı ən çox maraqlandıran sualı verməmək olmazdı. Bəs özünüz “Taxt oyunları”nda yaşasaydınız, hansı xanədana xidmət edərdiniz? Və bu Martinlər xanədanı olsaydı, devizi necə səslənərdi? "Doğmalarını öldür?"
- (Gülür) Gəlin, xəyalını quraq. Düşünürəm ki, Starklar xanədanına aid olardım. Çünki onlara can verməyə daha çox zaman sərf etmişəm. Bəlkə Dornanı seçərdim. Axı onların acı xörəkləri çoxdur. Mən isə Nyu-Meksikalıyam. Ağız yandıran bibərli xörəkləri çox sevirəm. Həmçinin gözəl, cazibədar xanımlar da məni cəlb edir. Dərindən düşünəndə isə təbii ki, Stark xanədanındanam.
- Ora aidsinizsə, mərhəmətli olmalısınız. Heç, ölüm hökmü verdiyiniz qəhrəmanınıza mərhəmət göstərib, edam cəzasından azad etmisinizmi?
- Təəssüf ki, yox. Mən qəddar tanrıyam. Bu mənim üçün çox ağırdır. İstənilən əsəri yazanda qəhrəmanlarımın dərisindən keçib, qəlblərinə girirəm. Bütün hadisələri onlarla birgə yaşayıram. Onlara ölüm hökmü verəndə də həm hakim, həm də cəzaçəkən oluram. Sanki intihar edirəm. Bu hisslərimi oxucuma və tamaşaçıma da ötürməyə ümid edirəm. İstəmirəm ki, hansısa personaj öləndə tamaşaçı kanalı dəyişib rahatca nahar etməyə getsin. İstəyirəm ki, o özünü ən doğma insanını itirmiş kimi hiss etsin. Acı onun qəlbinə çöksün. Bəlkə də bir qədər qəddar səslənir, lakin bu yazıçının triumfudur.
- Sonra isə zavallı oxucularınız və tamaşaçılar sizə iradlarını bildirirlər. Bu yaxınlarda bir xadimə sizdən şikayət edərək bildirmişdi ki, kitablarınızı oxuyandan sonra problemlərini, dərdini unutmaq əvəzinə onsuz da ağır yüklü çiyninə daşıya bilməyəcəyi qüssə çöküb. Bəs sizin başınıza belə bir hadisə gəlibmi? Öz problemlərinizdən qaçmaq üçün kitablarla ovunmaq istəmisinizmi?
- Bu haqda heç düşünməmişəm. Amma yadıma bir hadisəni saldınız. 1998-ci ildə anam dünyasını dəyişmişdi. Biz dəfn mərasimi ilə məşğul idik. Gecə anamın xatirələri ilə yalnız qalmışdım. Təsadüfən qarşımda bir kitab gördüm. Kitabı əlimə alıb, acgözlüklə oxumağa başladım. Bir anda romanın içərisinə girib, qəhrəmanlarla birgə yaşamağa başladım. Onların başlarına gələn hadisələr, fəlakətlər mənim fikirimi elə yayındırdı ki, bir neçə saatlıq ailəmin matəmini unutdum.
- Çox maraqlıdır kirtabın adı nə idi?
- Bu Robbi Hobun fantaziya janrında yazdığı “Taleyin gəmisi” silsilə romanının birinci hissəsi idi.

“Pislik insanlardan çox yaşayır, yaxşılıq isə onlarla birgə torpağa gömülür”
- Əsərlərinizdə süjet xətləri çox güclüdür. Xüsusən də Ceyme Lannisterin taleyi. Maraqlıdır özünüz karmaya inanırsınız?
- Karmaya inanmıram. Lakin bəzi hallarla rastlaşanda əmin oluram ki, bunun yeganə səbəbi karmadır. Mən bir fərd kimi dünyanı idarə edən qüdrətli qüvvəyə inanmıram. Fikirimcə, hər kəsin dünyanı idarə edəcək qədər potensialı var. Sadəcə, ondan düzgün istifadə etməyi bacarmırıq. Hər birimiz cəsuruq, hamımız bədheybət və qəddarıq. Həm dünyanın ən böyük yaxşılığını, həm də ən böyük qəzasını həyata keçirəcək qədər güclüyük.
Yaşadığımız zəmanə, mühit məni çox narahat edir. İnternet üçün yaşayırıq sanki. Hər birimizin içərisində ətrafındakıları ən xırda səhvlərinə görə günahlandırmağa hazır olan bir hakim yatır. Şekspir “Yuli Sezar” əsərində bu problemi necə gözəl vurğulayıb: “Pislik insanlardan çox yaşayır, yaxşılıq isə onlarla birgə torpağa gömülür”. Lakin bunun tam əksi olmalıdır. Biz insanların yaxşılıqlarını xatırlamalıyıq, eqoizmlərinə bəzən göz yummağı bacarmalıyıq. Çünki hamımız günahkar bəndələrik.
- Sizi çox vaxt zəmanəmizin “əjdahalı Lev Tolstoyu” adlandırılar.
- Rus ədəbiyyatı ilə dərindən maraqlanmamışam. Doğrudur, gənclik illərimdə “Hərb və sülh”, “Karamazov qardaşları” kimi əsərləri oxumuşam. Lakin klassikanın çərçivəsindən kənara çıxmamışam. Buna baxmayaraq, Çexovun “divardan asılmış silah” anlayışını əsərlərimdə açmağa çalışmışam. Düşünürəm ki, indi bütün yazıçılar Çexovun silahı mövzusundan xəbərdardırlar.
- Bir dəfə demişdiniz ki, dinlərə inanmırsınız. Buna görə əsərlərinizdə dinin xüsusi rolu yoxdur?
- Mən belə düşünmürəm. Əksinə kitablarımda dinin təsiri az da olsa, var.
- Bu günlərdə Ramsi obrazını canlandıran İvan Reon etiraf etmişdi ki, həmin obrazı canlandırmaq çox asandır. Çünki, Ramsi Bolton xoşbəxt insandır. Siz bu personajı belə təsvir etmişdiniz, yoxsa serialda xarakteri və tale yolu təhrifə uğrayıb?
- (Gülür) Əslində, xeyr, mən Ramsini fərqli personaj kimi yaratmışam. Əsərdə Ramsi cinsi təcavüz nəticəsində dünyaya gələn körpədir. Onun həyatı anası tərəfindən saraya atılandan sonra dəyişir. Əsərdə Ramsi özünə inamsızlığı ilə yadda qalan obrazdır. Çoxu Ramsinin gücünə inanmır. Odur ki, qəhrəman özünü sübut etmək üçün hər cür qəddarlığa əl atır.
- Əsərləriniz ekranlaşdırandan sonra yəqin ki, özünüzü azad yazıçı hesab etmirsiniz?
- Doğrudur, üzərimdə böyük təzyiq var, maraqlısı odur ki, onun ən güclüsü daxilən gəlir. Mən yazanda istəyirəm ki, əsərim fərqli və möhtəşəm olsun. Bunun üçün isə onun başlığı, ortası və sonu gözəl olmalıdır. Hələ ki, sonuncu şərtə nail olmamışam. Pərəstişkarlarım da məndən bunu tələb edirlər. Lakin möhtəşəm sonluğu ən çox özüm istəyirəm.
"İncəsənət üslubları ən qədim və müasir növlərə ayrılır. Bu Şekspirlə Yelizavetta britaniyaları qədər fərqli anlayılardı"
- Filmin prodüserlərinin əsərlərinizə etdikləri dəyişikliklərə heç qısqanclıqla yanaşmısınızmı? ”Bax, mən heç burasını belə gözəl düşünməmişdim” demisinizmi?
- Bir çox məsələləri birgə müzakirə edirik. Özüm onlara xəbər verirəm ki, bu hissəni başqa üslubda dəyişdirib, canlandırmaq olar. Amma öncədən danışıq aparmaqla deyil. Bir də görürsən çəkiliş prosesində vəziyyət tam dəyişir. Yəni əvvəldən düşünülməyən yeniliklər edilir. Burada qısqanclıq olmamalıdır, çünki bütün səylər ümümi komandanın xeyirinədir.
- Fantaziya janrlı əsərlərinizdəki qadın qəhrəmanların hüquqları kişilərlə bərabər həddədir. Siz bu əsəri yazanda hələ feminizm cərəyanı fəal deyildi. Belə demək mümkündürsə, peyğəmbər düşüncəli uzaqgörən insansınız.
- (Gülür) Bu şişirdilmiş tərifdir. Əslində mən belə düşünmürəm. Hər bir yazıçının öz fantaziyası, dünyagörüşü və arzuları var. Mən sadəcə dünyanı belə görmək istəyirəm. Mən hələ də incəsənətin köhnəlmiş üslubunda yazıçılıq peşəsində çalışıram. İncəsənətin ən gənc növü mənim üçün internetdə yayılan oyunlardır. Bu filmlərin ən primitiv janrı sayılır. Ümumiyyətlə incəsənət üslubları ən qədim və müasir növlərə ayrılır. Bu Şekspirlə Yelizavetta britaniyaları qədər fərqli anlayılardı.
Filmlər vasitəsilə okeanlar, dağlar aşır, dünyanın hər nöqtəsinə gedir, Dostayevski ilə rus, Şekspir ilə ingilis oluruq. Ən gözəl qadınlarla eşq macərası yaşayırıq. Əminəm ki, oyunlar da elə peşəkar səviyyəyə gələcək ki, biz onların sayəsində fantaziya aləminə səyahət edib, virtual reallığa köklənəcəyik. Bir sözlə ədəbiyyat estafetini internetə verəcək.
- Ofisinizdə iş masanızı və otağınızı onlarla talisman və fiqurlar bəzəyir...
- Bəlkə mindən çox miniatürüm var. Orta əsrlərə aid miniatür sərkərdə fiqurlarının kolleksiyasını toplayıram. Onların arasında cəngavərlər, kəndlilər, imarətlər, saraylar var. Fiqurların hər birinin ölçüsü 50-60 mm-dir. Bu kolleksiya mənim xoşbəxtlik mənbəyimdir. Bir də təbii ki, kitablar toplayıram.
- Sonuncu sual: “Buz və alov nəğməsini” hansı fikirlə təsvir edə bilərik?
- Hakimiyyət, bəli, hakimiyyət... Mənim əsərlərimdə idarəçilik və hakimiyyətin nəzəriyyəsi və təcrübəsindən bəhs olunur.
Çevirdi: Leyla Sarabi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.