ABŞ-Türkiyə gərginliyi: nələr ola bilər? - Ekspert

28-07-2018, 08:52           
ABŞ-Türkiyə gərginliyi: nələr ola bilər? - Ekspert
Türkiyə ilə ABŞ arasında F-35 mübarizəsi səngimək bilmir. Türk rəsmilərin təkidlə F-35-lərin vaxtında təhvil veriləcəyi və təslimatla bağlı heç bir problem olmayacağını bildirməsi fonunda ABŞ-ın qarşıdan gələn il üçün hərbi büdcə layihəsində maraqlı məqamlar qeydə alınıb. ABŞ rəsmiləri Türkiyənin S-400 zenit-raket komplekslərini Ağ Evin strateji rəqibi Rusiyadan almasını təhlükə kimi qəbul etmək fikrindən daşınmayıb və bu fikir sənəddə də öz əksini tapıb. Türkiyənin F-35 istəyini müəyyən müddətə təxirə salan sənəd Senatda və Nümayəndələr Palatasında səsvermədən keçdikdən sonra Trampın ixtiyarına veriləcək.

Bu məsələ ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edirik:

- Rahib Branson iki gün öncə Türkiyədə ev dustaqlığına buraxıldı. Bunu necə qəbul edək? Türkiyə F-35-ləri almaq üçün ABŞ qarşısında geri addım atdı?

- ABŞ hələ F-35-lərin Türkiyəyə verilməsinə qadağa qoymayıb. Bu keçici olaraq, F-35-lərin Türkiyəyə verilməsini durdurma məsələsidir. 90 gün ərzində ABŞ Müdafiə naziri bununla bağlı öz mövqeyini bildirməlidir. Bundan sonra bu qərar rəsmiyyətə keçəcək. Ən son Tramp bunu imzalamalıdır. Amma unutmamaq lazımdır ki, ABŞ belə bir qərar versə, bu onun nə qədər qeyri-ciddi və güvənilməz müttəfiq olduğunun göstəricisi olacaq.

Bunu da xatırlatmaq istəyirəm ki, F-35 məsələsində Türkiyə bu layihənin ortaqlarından biridir. Yəni Türkiyə F-35-in həm istehsalçısı, həm də sifarişçisidir. Dolayısı ilə Türkiyənin alacağı təyyarələrdən ABŞ büdcəsinə 40 milyard dollardan çox gəlir gedəcək. Belə bir alıcının itirilməsi ABŞ tərəfi üçün çox da arzuolunan deyil. Bu səbəbdən bunu ABŞ-ın daha çox siyasi təzyiq vasitəsi kimi etdiyi görünür.

- Bransonun Fətullah Gülənlə dəyişdirilməsi ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olduğu iddia edirlmişdi. Bransonun ev dustaqlığına buraxılması bu prosesin başladıldığını göstəririmi?

- 15 iyulda çevrilişə cəhddən sonra FETÖ ilə mübarizə çərçivəsində amerikalı rahib də bu siyasi bazarlığın bir parçası halına gəlib. Bu cür məsələlər dövlətlər arasında olur. ABŞ onun sözünü tamamilə dinləyən, ona uyan, onun istədiklərini hər addımda həyata keçirən bir Türkiyəni görmədikcə bu cür təzyiqlərini artıracaq və davam etdirəcək. Amma bu təzyiqlər sadəcə bir siyasi vasitədir. Türkiyənin öz mili maraqları var və bunları hər zaman göz önündə saxlayır. Digər tərəfdən, bu təzyiqlər arasında son dönəmdə İran məsələsi də gündəmə gəlməkdədir. Bu da son dərəcə həssas mövzudur.

Fətullah Gülənlə Bransonun dəyişdirilməsi məsələsinə gəlincə isə ABŞ-ın bu məsələdə daha sərt mövqe nümayiş etdirdiyini müşahidə edirəm. Gülən məsələsində verdiyi sözləri yerinə yetirməyən, bu işi əməlli-başlı çətinliklərə salan bir ABŞ görürük. ABŞ Türkiyə tərəfinin bütün sübutları, dəliləri verməsinə baxmayaraq, Gülənin ekstradisiya məsələsini gündəmə gətirmir.

Bu, çox həssas məsələdir və buna yanaşma birmənalı deyil. ABŞ-ın Güləni çox asanlıqla iadə edəcəyini düşünmürəm. Çünki bu cür layihələr böyük layihələrdir. Bunun başında olan insanların asanlıqla qurban verilməsi mümkün deyil. Digər tərəfdən, layihənin bir parçası olan bu cür adamları qarşı tərəfə təslim etdiyiniz zaman sabah heç kimlə belə layihələri həyata keçirə bilməyəcəksiniz. Belə olan halda ABŞ-a güvən azalar. Bu səbəbdən Fətullah Gülən (hər kəs bunun ABŞ layihəsi olduğunu deyir) davası çərçivəsində onun Türkiyəyə iadəsi çox müşkül məsələlərdən biri olacaq.

- Türkiyə-ABŞ əlaqələrini necə dəyərləndirirsiniz?

- Türkiyə-ABŞ əlaqələrini birmənalı dəyərləndirmək doğru olmaz. Bu çoxşaxəli əlaqələrdir. Xüsusilə Suriyadakı hadisələr zamanı ABŞ-ın yürütdüyü siyasət Türkiyənin maraqlarına zidd idi. Bir çox ekspert ABŞ-ın böyük dövlət olduğunu nəzərə alaraq, Türkiyənin səhv etdiyini qeyd edir. Amma ABŞ-ın Suriyada Türkiyəyə verdiyi vədləri yerinə yetirmədən başqa bir siyasət həyata keçirdiyini müşahidə etdik. ABŞ Türkiyənin milli maraqlarına zidd olan siyasət həyata keçirdiyi üçün Türkiyə də təbii olaraq, alternativ yol axtarmalı idi.

Son dövrlərdə Trampın prezident seçilməsi ilə birlikdə ABŞ-ın öz müttəfiqləri (NATO, AB) ilə münasibətləri təzadlı olmağa başlayıb. Bu səbəbdən də bu cür proseslərdə sadəcə bir tərəfin irəli-geri var-gəlindən daha çox, bu proseslərin sonunun necə nəticələnəcəyi maraqlıdır. Bu gün ikili münasibətlər təzadlı görünsə də, normal çərçivədə davam etməkdədir. Ən əsası da bu gün Menbiç məsələsinin həll olunmasında tərəflər müəyyən razılığa gəlməyə çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.