Fizuli Məmmədovdan katalon separatçıları ilə görüşən AAK sədrinə ağır sözlər: “Diaspor təşkilatına başçılıq eləmək haqqını itirib...”

17-08-2018, 06:50           
Fizuli Məmmədovdan katalon separatçıları ilə görüşən AAK sədrinə ağır sözlər: “Diaspor təşkilatına başçılıq eləmək haqqını itirib...”
Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəni Fondunun prezidenti, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti Fizuli Məmmədov AAK prezidenti Sahil Qasımovun katalon separatçıları ilə görüşü haqda məqaləyə reaksiya verib.

Musavat.com xatırladır ki, məqalə ötən çərşənbə axşamı veteninfo.com saytında dərc olunub.

- Siz AAK-ın vitse-prezidentisiniz. veteninfo.com saytında AAK prezidenti Sahil Qasımovun katalon separatçıları ilə görüşü barədə məqalə dərc olunub. Bu barədə nə deyə bilərdiniz?

- Mən hesab edirəm ki, istənilən diaspor təşkilatının hərəkətləri və bəyanatları Azərbaycan rəhbərliyinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etməməlidir. Əks halda biz heç vaxt milli birliyə nail olub, öz həmvətənlərimizin və Azərbaycanın maraqlarını Avropa ölkələrində müdafiə edə bilməyəcəyik. Odur ki, mən AAK prezidenti Sahil Qasımovun İspaniyadan müstəqillik almağa çalışan Kataloniyanın hökumət nümayəndələri ilə görüşünə neqativ yanaşıram.

Azərbaycan rəhbərliyinin katalon məsələsində mövqeyi bizə yaxşı məlumdur. Azərbaycan XİN-i dəfələrlə İspaniyanın ərazi bütövlüyünü tam dəstəkləyən bəyanatlar verib və Kataloniya separatçılarının vahid ispan dövlətindən ayrılmaq səylərini pisləyib. Rəsmi Bakı öncəki katalon hökuməti tərəfindən keçən il oktyabrın 1-də keçirilmiş müstəqillik haqda referendumun nəticəsini tanımayıb. Məntiqlə, Sahil Qasımov katalon separatçıları ilə görüşməklə Azərbaycan siyasətinin əleyhinə gedib.

Mənə məlum olduğu qədər, Sahil Qasımov Kataloniyaya səfər qərarını müstəqil şəkildə, özü qəbul edib. Bu məsələ ilə bağlı o, AAK-ın başqa üzvləri ilə, o cümlədən vitse-prezident kimi mənimlə msələhətləşməyib. AAK-ın 20 vitse-prezidenti var. Qasımov öz hərəkətlərinin və qərarlarını vitse-prezidentlər və idarə heyətinin üzvləri ilə razılaşdırmalıdır. Təəssüf ki, ona AAK-ın digər üzvlərinin rəyini nəzərə almadan təkbaşına qərar vermək xüsusiyyəti xasdır. Ümumavropa səviyyəli bir ictimai təşkilatın prezidenti belə hərəkət etməməlidir. Belə bir adam yalnız Azərbaycan diasporunun parçalanmasını gücləndirir.

Azərbaycan diasporunun pərakəndəliyinə bir səbəbi də Sahil Qasımovun Niderlanddakı Azərbaycan-Türkiyə İcmasının başçısı İlhan Aşkına qarşı düşmən münasibətdə olmasıdır – hansı İlhan Aşkın ki, Azərbaycanın və Türkiyənin maraqlarını çox uğurla qoruyur və Avropa ölkələrində bizim xalqın bədxahları ilə mübarizə aparır. Ona görə də biz hamımız Aşkına kömək eləməliyik, nəinki ona qarşı psixoloji-informasiya müharibəsi aparmalıyıq.

Mən belə hesab edirəm ki, azərbaycanlılara pis niyyətlə yanaşan və Azərbaycanın xarici siyasətinə hörmət eləməyən bir adam artıq Azərbaycan diasporunun ictimai təşkilatına başçılıq eləməyə mənəvi haqqını itirib. Bütün bunlardan sonra Sahil Qasımov artıq şəxsən, sırf vicdanının səsi ilə AAK prezidenti vəzifəsindən istefaya getməlidir. Avropada AAK-a rəhbərlik eləməyə istedadı və bacarığı çatan kifayət qədər azərbaycanlı var.

Bizim Sahil Qasımova başqa suallarımız da var. O, AAK rəhbəri kimi öz hərəkətləri barədə hesabat vermir, fəaliyyəti haqda, o sırada təşkilatın maliyyə fəaliyyəti haqda hesabat təqdim eləmir. Prezidenti olduğum Ümumdünya Azərbaycanlıları Mədəni Fondu çox tez-tez AAK-a maliyyə köməkliyi edir. Məsələn, 2017-ci ilin fevralında biz AAK-ın V qurultayının keçirilməsi üçün çox böyük məbləğ ayırdıq. Fəqət, AAK prezidenti kimi Sahil Qasımovdan indiyədək bircə hesabat belə almamışıq ki, bizim pullar nəyə xərclənib. AAK-ın tədbirləri və Qasımovun özünün hərəkətlərindən biz yalnız Azərbaycan KİV-ləri və ya facebook sosial şəbəkəsinin səhifəsində onun özü haqdakı statuslarından xəbər tuturuq – harada ki, o, özünü hansısa “möhtəşəm işlərə” görə tərifləyir.

Ancaq Sahil Qasımovun bütün bu “möhtəşəm işlər”i fonunda AAK-ın bizim Avropadakı həmvətənlərimizə təsiri sürətə aşağı düşür, bu qurumun fəaliyyəti üçün ayrılan pullar və zaman boşuna gedir. Biz AAK-a yeni prezident seçməliyik. Elə bir prezident ki, bütün Avropanın azərbaycanlılarını bu diaspor təşkilatının qanadı altına toplasın.



İradə Osmanqızı,
Minval.az



P.S. Redaksiya məqalədə adı çəkilən şəxslərin rəyini də dinləməyə və dərc eləməyə hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.