Fransa polisi Eynulla Fətullayevi niyə həbs etdi?
12-10-2015, 23:05
Jurnalistin saxlanması Azərbaycan hakimiyyətinə yaxın təşkilatın Fransadakı fəaliyyətilə bağlı ola bilər
Jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb. Məlumatı ona məxsus virtualaz.org saytı yayıb. Məlumatda deyilir ki, hadisə E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.
E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar.
Polis onları bir müddət saxlauandan sonra sərbəst buraxıb.
Eynulla Fətullayevin həbsi bir ciddi məsələ ilə bağlı ola bilər. Amma bu, sadəcə, ehtimallardan biridir. Belə ki, rəhbərliyinə E.Fətullayevin də daxil olduğu Avropa İnsan Haqları İnformasiya Mərkəzi adlı təşkilat Fransa polisinin nəzarəti altına düşüb. Fransa hüquq mühafizə orqanları bir müddət bundan əvvəl bu Mərkəzin icraçı direktoru Mustafa Alıncanın evində və ofisində axtarış aparıb. Mustafa Alınca əməkdaşımıza bu barədə belə məlumat verib: “Mən dəhşətə gəldim. Onlar sanki mənim təsəvvür edə bilməyəcəyim bir şeyləri axtarırdılar. Axtarış qrupu 9 nəfərdən ibarət idi və onlar özləri ilə iki it də gətirmişdilər”.
Məsələ burasındadır ki, Fransa polisi bu Mərkəzin fəaliyyətində çirkli pulların izini axtarıb. Çünki Fransada mənşəyi məlum olmayan pullarla bağlı çox sərt inzibati tədbirlər həyata keçirilir. Mustafa Alıncanın əməkdaşımıza təsvir etdiklərindən belə təəssürat yaranıb ki, onun sorğu-suala çəkilməsi həm də ehtimal olunan casusluq fəaliyyətinin araşdırılması ilə bağlı ola bilər.
Avropa İnsan Haqları İnformaisya Mərkəzi adlı bu təşkilatın prezidenti Harri Murrey Strasburqda yaşayan alman əsilli Fransa vətəndaşıdır. Mustafa Alınca bildirib ki, təşkilatın maliyyə qaynaqları ilə bağlı onun heç bir məlumatı olmayıb. “Əvvəlcə mənə dedilər ki, bu təşkilatın fəaliyyəti üçün Almaniyada olan hansısa şirkətlər qrant ayıracaqlar. Daha sonra isə Azərbaycandan pulların ötürüldüyü ilə bağlı şübhələr yaranmağa başladı”.
Xatırladaq ki, Harri Murrey Azərbaycan hakimiyyət çevrələri tərəfindən qəbul edilən bir adamdır. Onun İlham Əliyevə hansısa təbrik məktubu da hətta İlham Əliyevin rəsmi saytında yerləşdirilib. azadliq info/