Pənah Hüseynin liderlik iddiasına partiyalardan MÜNASİBƏT

10-11-2015, 16:19           
Pənah Hüseynin liderlik iddiasına partiyalardan MÜNASİBƏT
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə verdiyi son müsahibəsində Azərbaycan müxalifətinin yeni dönəmdə lideri olmağa iddialı olduğunu bildirib. Marqlıdır, AXP sədri digər müxalifət partiyalarını öz ətrafına toplamaq iqtidarındadırmı?


Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Pənah Hüseynin bu iddiasını alqışladığını bildirib:

“Pənah bəy çox yaxşı fikir deyib. Gəlin imkan verək o, dediklərini həyata keçirə bilsin. Müxalifət ona dəstək verib, yanında olsun. Liderlik xüsusiyyəti barədə onu deyim ki, kimsə özünü rəhbər elan eləməklə lider olmur.

Bu ada iddia edən şəxs tolerant, səbirli, uzaqgörən olmalıdır. Mən Pənah bəyi həddən artıq qeyri-tolerant, tez əsəbiləşib özündən çıxan siyasətçi kimi tanıyıram. Bu keyfiyyətlərlə kiçik bir qrupun belə lideri olmaq çox çətindir. Bunlar Pənah Hüseynin qüsurudur. Amma o, bu problemləri aradan qaldıra bilsə, niyə də müxalifətin yeni dönəmində lideri olmasın? Bu çətin məqamda kiminsə məsuliyyəti üzərinə götürərək, insanların problemini həll etmək istəyi alqışlanası bir addımdır. İdeya təqdir olunmalıdır. Yəni ən ekstremal situasiyada belə xalq başsız qalmayacaq, önə çıxıb xalqı arxasınca aparmaq istəyən siyasətçilərimiz hələ də qalıb. Bildiyiniz kimi, bir çox xalqların lidersizlik problemi var. Azərbaycanın özündə belə bir çox şəxslər tez-tez bizə sual edir ki, “niyə qabağa çıxıb xalqı arxasınca apara biləcək şəxs yoxdur”? Bu baxımdan Pənah Hüseynin fikirləri alqışa layiqdir. Amma hesab edirəm ki, indidən AXP sədrinin planının baş tutma ehtimalı barədə danışmaq hələ tezdir. Gəlin gözləyək və nəticəni hamımız birgə görək”.


Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın Mirzəzadə də Pənah Hüseynin fikirlərinə münasibət bildirdi:

“Müxalifət bircinsli anlayış deyil. Sağ-sol, liberal, radikal, parlament müxalifəti və başqa qolları var. Pənah Hüseyn birinci müəyyən etməlidir ki, hansı müxalifətin lideri olmaq istəyir. İkincisi, AXP sədri aydınlaşdırmalıdır ki, müxalifətin hansısa qanadı onu özünün rəhbəri kimi görmək istəyirmi, yoxsa onun fikri liderliyi monopoliyaya almaqdır? Üçüncüsü, müxalifət lideri olmaq böyük məsuliyyət tələb edir. Alternativ proqram irəli sürülməli, insanlara öz fikrini çatdırmalı, ideyalarının rəqibindən daha doğru olmasına inandırmalısan. Pənah Hüseyn bunları bacara biləcəkmi? Məsələnin əsas tərəfi isə budur ki, cəmiyyət hazırda prezident İlham Əliyevin siyasətini dəstəkləyir. İnsanlar indiki iqtidardan başqa rəhbərlik görmək istəmir. Hesab edirəm ki, AXP sədri bu sözləri gündəmə gəlmək niyyəti ilə deyib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.