"Mübariz Mənsimovun heç bir terror qruplaşması ilə əlaqəsi yoxdur" - AÇIQLAMA
17-11-2015, 21:07
“Mübariz Mənsimovun hər hansı bir terror qruplaşması ilə əlaqəsi yoxdur və ola da bilməz”. Bu barədə Lent.az-a “Palmali Shipping & Agency” şirkətinin rəsmisi Tuyqun Nadirov deyib. Onun sözlərinə görə, adı çəkilən şirkət işlərini hüquq çərçivəsində edir: “Beynəlxalq bazarda yüksək statusa malik olan “Palmali” şirkətlər qrupu yarandığı gündən biznes prinsiplərinə, beynəlxalq hüquqi rejimə riayət olunmasına əsaslanır. Biz terror təşkilatlarının dünyada sabitliyə və qayda-qanunlara nə dərəcədə təhlükə yaratdığını tam məsuliyyətimizlə dərk edirik, bütövlükdə yalandan ibarət olan məlumatları şirkətimizin müsbət nüfuzuna ləkələməsinə imkan vermərik".
Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair mətbuatda gedən məlumatlara gəlincə, T. Nadirov xəbərdə qeyd edilən İspaniyanın “El Economista” qəzetində bu barədə yazı getmədiyini vurğulayıb: “İspan mətbuatında neft daşınması ilə əlaqədar yazı gedib. Tam məsuliyyəti ilə deyirəm ki, yazıda nə bizim şirkətin, nə də Mübariz Mənsimovun adı çəkilməyib. Çəkilə də bilməz. Əgər belə bir yazı varsa, xahiş edirik, oxuculara həmin yazını link, yaxud da şəkil vasitəsi ilə təqdim etsinlər. Şirkətimiz deyilən sözlər yalan və böhtandır".
Qeyd edək ki, bu gün mətbuatda azərbaycanlı oliqarx Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair məlumat yayılmışdı. Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşındığını bildirir.
Bu günlərdə “Palmali Shipping & Agency” şirkəti tərəfindən kirayələnmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ilə doldurularaq yola salınıb. Daha iki tanker isə İŞİD-in icazəsi ilə hazırda yüklənməkdədir. ABŞ-ın və İraq hökumətinin xəbərdarlığından sonra aparıcı şirkətlərdən heç kim bu nefti almır. Ancaq tankerlərin yüklənməsi və yola salınması göstərir ki, İraq Kürdüstanı və İŞİD qaçaq neftə alıcı tapa bilirlər.