“Rusların Türkiyədə nə işi vardı” - Zərdüşt Əlizadə

26-11-2015, 13:14           
“Rusların Türkiyədə nə işi vardı” - Zərdüşt Əlizadə
Əgər iki ölkə arasında dərin ziddiyyətlər olmasaydı, Rusiya təyyarəsinin təsadüfən Türkiyənin hava məkanını pozması bu qədər böyüməzdi. Görünür, Rusiya ilə Türkiyə arasında Əsəd, İŞİD, Suriya böhranına münasibətdə dərin ziddiyyətlər var.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. O, son hadisənin iki ölkə arasında iri qarşıdurmalara gətirib çıxarmayacağını bildirib:

“Rusiya xüsusilə İŞİD-in neft sektorunu bombalamaqla bəzi dairələrin şəxsi biznesinə milyonlarla ziyan vurub. Məhz bu səbəbdən də əmr verilib ki, Rusiya təyyarəsi vurulsun. Formal cəhətdən Türkiyə haqlıdır. Rusiya təyyarəsinin Türkiyə hava məkanında nə işi var? Ancaq başqa bir tərəfdən də nəzərə almalıydılar ki, münasibətlər korlana və bu proses uzun müddət davam edə bilər. Xoşbəxtlikdən Türkiyə nə Ukrayna, nə Gürcüstandır. Türkiyə Rusiyaya heç nə edə bilməz, edərsə, Ankaraya da ziyan dəyəcək və ya əksinə, Moskva Ankaraya qarşı səhv addım atarsa, Rusiya zərər görəcək. Rusiya tərəfi Akkuyu AES-i tikməkdən imtina edərsə, ola bilsin, bu stansiyasının inşasını fransız və almanlar üzərlərinə götürsün. Ancaq “Cənub axını” qaz layihəsindən imtina edilərsə, Ukraynadan daha asılı vəziyyətə düşə bilərlər. Rusiyadan Türkiyəyə turist axını məsələsinin qarşısı alınarsa, rusların ucuz və rahat istirahət imkanı əldən çıxacaq. Son hadisə ikibaşlı bir silah rolunu oynayır. Düşünürəm ki, bu, iki ölkə arasında iri qarşıdurmalara gətirib çıxarmayacaq”.

Qeyd edək ki, Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.