Jurnalistlərin qarşılıqlı səfərləri Qarabağ məsələsinin ədalətli çözümünə aparmayacaq - hər iki ölkədən bədbin mövqelər gəldi

27-11-2019, 11:02           
Jurnalistlərin qarşılıqlı səfərləri Qarabağ məsələsinin ədalətli çözümünə aparmayacaq - hər iki ölkədən bədbin mövqelər gəldi
Noyabrın 17-21-də Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsinin təşkil olunmasının hansı nəticələr verəcəyi barədə neçə gündür danışılır. Reallıq bundan ibarətdir ki, ATƏT-in patronajlığı ilə həyata keçirilən bu layihənin sülhün bərqərar olmasına ciddi töhfə verəcəyinə inananlar - həm Azərbaycanda, həm də Ermənistanda - çox azdır.

Azərbaycana səfər edən erməni jurnalistlərin bəzi qeydlərində sətiraltı da olsa, nifaq toxumunun səpilməsi müşahidə olunur ki, bu da gözlənilən nəticəyə ümid yeri qoymur. Əgər erməni jurnalist yazırsa ki, “Qarabağ müharibəsinin ilk mərhələsində Azərbaycan qalib gəlsəydi, bu gün Ermənistan adlı dövlət mövcud olmayacaqdı”, o halda hansı qarşılıqlı etimad mühitinin yaradılmasından söhbət gedə bilər?

Üstəlik, rəsmi İrəvan da ənənəsinə sadiqlik nümayiş etdirib, Dağlıq Qarabağdakı separatçı qurumu “müstəqil tərəf” kimi təqdim etməyə çalışıb. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib ki, “Ermənistan və ”Artsax" KİV nümayəndələri Azərbaycanı, Azərbaycan KİV nümayəndələri isə “Artsax” və Ermənistanı ziyarət ediblər. Proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin koordinasiyası və Ermənistan, “Artsax” və Azərbaycanın müvafiq qurumlarının iştirakı ilə həyata keçirilib".

Bu mövqe humanitar əlaqələr, yaxud xalq diplomatiyası ilə bağlı təşəbbüslərin növbəti dəfə beşikdə boğulmasına xidmət edir. Reallıq budur ki, danışıqlarda iki tərəf var və ATƏT də məhz iki tərəf arasında gediş-gəlişə, davamlı fikir mübadiləsinin aparılmasına nail olmağı qarşısına məqsəd kimi qoyub. Ancaq İrəvan Nikol Paşinyanın destruktiv mövqeyindən çıxış edərək “üçüncü tərəfi” də ortaya atıb.

Məsələ burasındadır ki, Qarabağ separatçıları xarici ölkələrə Ermənistan pasportu ilə çıxış imkanı qazanırlar, çünki Dağlıq Qarabağı heç kim müstəqil subyekt olaraq tanımır. Bu mənada ola bilər ki, Qarabağda yaşayan erməni mətbuat nümayəndəsi də məhz Ermənistan pasportu ilə Bakıya gəlib, bu da əldə olunan anlaşmanın kobud şəkildə pozulması deməkdir. Ümumilikdə bu səfərlə erməni jurnalistlər Azərbaycanın ictimai fikrini öyrənmək imkanı qazandılar və gördülər ki, nə ölkəmizin rəhbərliyi, nə də sıravi vətəndaşları Dağlıq Qarabağ daxil, ərazilərin işğalı ilə barışmaq niyyətində deyil, uzağı Azərbaycan daxilində muxtar bölgə statusuna razılıq verə bilərlər.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə müsahibəsində bir daha Bakının mövqeyini bəyan edib. Yeri gəlmişkən, erməni jurnalistlər cənab Hacıyevlə də görüşdüklərini bildiriblər. Müsahibədə isə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu bildirib. Deyib ki, münaqişənin həlli üçün BMT TŞ qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, işğal altında olan Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Azərbaycandan Ermənistana “Trend” agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Elşən Rüstəmov yazıb ki, İrəvanda demək olar hər kəsin verdiyi əsas suallardan biri bu oldu: “Bakıda həqiqətən də 20-30 min erməni yaşayır?!” Ermənilərin azərbaycanlılarla bağlı çox güclü stereotipləri var, təsəvvür edə bilmirlər ki, bu gün çoxlu sayda erməni Azərbaycanın paytaxtında yaşaya bilər". Jurnalistin sözlərinə görə, səfərlə bağlı əsas qənaəti bu olub ki, onlar Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar alırlar və bizə tamamilə inamları yoxdur.

Erməni tərəfin aqressiv davranışlarına rəğmən, Azərbaycan tərəf sülhməramlı mövqe sərgiləməkdədir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bəyanat yayıb. “Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq” - bəyanatda bildirilir.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır”. Bunu Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə bir təklif olarsa, icma qarşı tərəflə dialoq apara bilər: “Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa və Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana səfəri danışıqlar prosesi üçün çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə və dialoqlara hazırıq və bu təklifi dəstəkləyirik”.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, jurnalistlərin qarşılıqlı səfərlərinin əleyhinə deyil: “Çünki özüm də jurnalist olaraq çalışanda belə səfərlərdə iştirak etmişəm, iki dəfə Ermənistanda olmuşam. Yaxud ötən 25-30 ildə müxtəlif ölkələrdə erməni ekspertlərlə görüşüb, konfrans və seminarlarda fikir mübadiləsi aparmışam. Bu proses indi də davam edir. Sadəcə, mən o qənaətdəyəm ki, bu cür qarşılıqlı səfərlər münaqişənin həllində rol oynamayacaq. Gərək əsas siyasi qərar verilsin ki, ondan sonra xalq diplomatiyasının və jurnalistlərin qarşılıqlı səfərlərinin müsbət nəticəsindən danışa bilək. Məsələn, bura gələn ermənilərdən biri qayıdandan sonra yenə yazır ki, Dağlıq Qarabağ müstəqil olmalıdır, bunun özü də bir göstəricidir. Amma yenə mən bu səfərlərin əleyhinə deyiləm. Görüşlər, fikir mübadiləsi davam etdirilməlidir, bunun ziyanlı olacağını da düşünmürəm”.

E.Şahinoğlunun fikrincə, hiss olunur ki, Azərbaycan tərəfi bu işə könülsüz yanaşıb: “Çünki son ana qədər qarşılıqlı səfərlər, səfərlərdə kimlərin təmsil olunması sirr saxlanılırdı. Hətta Azərbaycan mətbuatında elə çox yazılar da yayınlanmayıb”.

Politoloq qeyd etdi ki, bu layihənin həyata keçməsini ATƏT sədri istəyib, yaxud Rusiya XİN-in arzusu olub deyə, bizimkilər də buna razılaşıblar: “Amma əgər bu, sirr kimi qalacaqdısa, bunun nə əhəmiyyəti olacaqdı? Səfər 17-21 noyabrda həyata keçirilib və yalnız bitəndən sonra ictimaiyyətə açıqlanıb. Səfərin əhəmiyyəti o ola bilərdi ki, açıq şəkildə reallaşdırılardı, ictimai müzakirəyə çıxarılardı, bu zaman faydalı olardı”.

E.Şahinoğlu onu da dedi ki, ənənəvi olaraq dekabrın əvvəlində ATƏT-in sammiti keçirilir və sammit çərçivəsində hər zaman Azərbaycan və Ermənistan XİN başçıslarını görüşdürürlər: “Yenə də növbətçi görüş olacaq, fikir mübadiləsi aparılacaq. Çünki göründüyü kimi, danışıqlarda heç bir irəliləyiş yoxdur, ATƏT də indiki vəziyyəti dəyişmək üçün heç nə etmir”.

QAT sədri Akif Nağı isə qəzetimizə dedi ki, jurnalistlərin səfəri ilə “xalqların sülhə hazırlanması” deyilən anti-Azərbaycan prosesinə yeni bir təkan verməyə cəhd göstərirlər: “İndiyədək bu istiqamətdə dəfələrlə cəhd olunub, amma heç bir nəticəsi olmayıb. İndi də hansısa nəticəni gözləməyə dəyməz. Bu dəfə əvvəlki dövrlərdən fərqli olaraq, təşəbbüsə cəmiyyət tərəfindən daha sərt və barışmaz mövqe sərgiləndi. Buna görə də bu cür optimist rəy bildirirəm. Bir az öncəki ”sülh platforması" deyilən proses zamanı cəmiyyəti aldada bilmişdilər, hətta xeyli sayda tanınmış şəxslərimiz məsələyə müsbət yöndən yanaşır, Azərbaycanın xeyrinə olduğunu deyirdilər. O proses tezliklə söndü, indiki təşəbbüs daha zəif təsir imkanlarına malikdir. Təsadüfi deyil ki, tam gizli şəkildə həyata keçirildi. Ona görə də tezliklə iflasa uğrayacaq. Məndə belə bir təsəvvür yaranır ki, bu təşəbbüsə razılıq verənlərin özləri də bu nəticəni gözləyirdilər. Və bu nəticəyə uyğun addımlar atacaq , heç bir sülh təşəbbüsünün nəticə vermədiyini görüb, müharibəni başlayacaqlar".

Səfər proqramında iştirak etmiş erməni jurnalist, “Mediamax” agentliyinin baş redaktoru David Alaverdiyan isə deyib: “Bütün məsələ bundadır ki, tərəflərdən hər biri, o cümlədən Minsk Qrupunun həmsədrləri proqramı uğurlu hesab etsinlər”.

O, Bakıya səfəri zamanı bir çox digər suallarla yanaşı, iki suala da cavab axtarmağa çalışdığını deyib: “Azərbaycan sülhə, yoxsa müharibəyə hazırlaşır? Və ikincisi, azərbaycanlılar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün hansı güzəştlərə hazırdır? Mən birinci suala cavab ala bilmədim, amma belə görünür ki, sadə azərbaycanlılar da ermənilər kimi müharibə istəmir və gec-tez məsələnin dinc yolla nizamlanacağına ümid edir”, - Alaverdiyanın təəssüratları belədir.

Erməni redaktor qeyd edir ki, Bakıda və digər iri şəhərlərdə həyat kifayət qədər aktivdir, insanlar daimi gəlirlərindən və əmlaklarından məhrum olmaq istəmirlər: “Digər tərəfdən, Azərbaycanın hərbi və patriotik ritorikası o qədər güclüdür ki, ictimaiyyət daim yaxınlaşan müharibə haqda düşünür”.

Ermənistan mediası Azərbaycan və erməni jurnalistlərin qarşılıqlı səfərlərini tənqid edib. Moderator.az xəbər verir ki, işğalçı ölkənin tanınmış icmalçısı Naira Ayrumyan bəhs edilən layihədən gözlənilən nəticə alınmadığını bildirib. Erməni politoloq xüsusən səfərlərin yarımgizli formada həyata keçirilməsini tənqid edib.

Daha bir erməni məkri: jurnalistlər qarşılıqlı səfərlər etdiyi zaman BMT-də Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı memorandum yayılıb. Sənəd girovların “cinayətləri və vəhşiliklərinə görə Bakının məsuliyyətinə dair” adlanır. Təəssüf ki, erməni cinayətləri beynəlxalq təşkilatlar səviyyəsində də himayə olunur.

Keçmiş XİN başçısı Tofiq Zülfüqarov problemin həlli yolunun Azərbaycan ictimaiyyətinə bəlli olduğunu vurğulayıb: “Konfliktin həlli yolu hamıya bəllidir. Azərbaycan ictimaiyyəti bu yolu çox yaxşı görür. Təbii ki, işğal edilmiş ərazilərin azad edilməsi baş verməsə, o zaman problemin öz həllini tapması, münaqişənin nizamlanması mümkün deyil. Bu, bəllidir. Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan ictimaiyyətinin mövqeyidir”,- eks-nazir deyib.

Və... Nikol Paşinyan növbəti dəfə təxribatçı mövqe sərgiləyib və Bakıdan cavab alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində söylədiklərinə münasibət bildirərkən deyib ki, Azərbaycan prezidenti cari ilin 3 oktyabr tarixində Soçidə keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı münaqişənin həlli kontekstində fikirlərini birmənalı şəkildə səsləndirib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalı olduğunu bildirib. Münaqişənin məhz bu əsaslarda həlli bölgəmizə dayanıqlı sülh, sabitlik və tərəqqi gətirəcək.

Görünən budur ki, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri Qarabağ məsələsinin ədalətli çözümünə aparmayacaq, bu, artıq hər kəsə bəlli həqiqətdir...
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.