BAYDEN ƏRDOĞANIN ƏLİNİ GÜCLƏNDİRDİ

17-08-2020, 12:31           
BAYDEN ƏRDOĞANIN ƏLİNİ GÜCLƏNDİRDİ
Demokratların Amerika prezidentliyinə namizədi, eyni zamanda keçmiş vitse-prezident Cozef Baydenin Türkiyə barədə söylədiyi siyasi və diplomatik əxlaqa uyğun deyil. Bayden faktiki demək istəyib ki, prezident seçilərsə əlindən gələni edəcək ki, Türkiyədə Rəcəb Təyyub Ərdoğan devirsin. Baydenin sözlərinə görə, Türkiyədə hakimiyyəti çevriliş yolu ilə deyil, seçki yolu ilə “dəyişmək” üçün çalışacaq. Bu ifadənin özü o deməkdir ki, Amerika uzun illər boyu Türkiyədə hərbi çevrilişlərdən istifadə edib, indi isə “demokartik” üsuldan istifadə etmək istəyir.

Bayden cümləsinin bu hissəsində həqiqət payı az deyil. Türkiyədə 1960-ci illərdən bu yana həyata keçirilən hərbi çevrilişlərdə ABŞ Mərkəzi Kəşfiyyatının əli olub. Sonuncu dəfə 1980-ci ildə Türkiyədə hərbi çevriliş baş verəndə Ağ Evin dəhlizlərində “bizim uşaqlar məqsədlərinə çatdılar” deyə qiymət vermişdilər. Vaşinqtonun Türkiyədə sonuncu hakimiyyət çevrilişi cəhdi 2016-cı ildə oldu. Bu dəfə alınmadı. Mərkəzi Kəşfiyyat İdarəsi Fətullah Gülən şəbəkəsinin əli ilə Türkiyədə hakimiyyəti devirmək istədi, ancaq qarşısında qətiyyətli hakimiyyət və cəmiyyət gördü.

Baydenin “Türkiyədəki hakimiyyəti seçki yolu ilə dəyişəcəyik” açıqlaması Türkiyə müxalifətinə ayı xidmətidir. Çünki, Türkiyənin heç bir vətəndaşı hakimiyyəti Amerikanın əli ilə dəyişdirilməsini istəməz. Türkiyədə son illərdə aparılan sorğular göstərir ki, Türkiyə cəmiyyəti anti-amerikan əhval ruhiyyəsinə köklənib. Yəni bu gün Türkiyədə Ərdoğan hakimiyyətinə müxalif olan insanlar belə müxalifətin Amerikanın dəstəyi ilə hakimiyyətə gəlməsini istəməz. Bu mənada müxalifət partiyaları Baydenin açıqlamasından zərər gördülər. Yəni Bayden guya öz düşüncəsinə görə Ərdoğanın hakimiyyətinə son qoymaq istəyir, ancaq açıqlamasıyla seçkilərdə Türkiyə Cumhurbaşqanı üzərində qələbə çalmaq istəyən müxalifətin şanslarını azaltdı. Başqa sözlə Bayden məntiqsiz açıqlamasıyla əslində Ərdoğanın əlini gücləndirdi.

Baydenin noyabr ayında prezident seçilməsi şansı yüksəkdir. Son rəy sorğuları da bunu göstərir. Ancaq Bayden prezident seçilsə belə Türkiyə ilə bağlı dediyini edə bilməyəcək. Ümumiyyətlə Amerikada seçkidən əvvəl prezidentliyə namizədlər adətən ağlasığmaz bəyanatlar verirlər. Ancaq Ağ Evə yiyələnən kimi Amerikanın milli və təhlükəsizlik maraqlarını nəzərə almaq məcburiyyətində qalırlar. Bu maraqlar isə Türkiyə ilə tərəfdaşlığı diqtə edir. Türkiyə Avrasiya bölgəsinin əsas gücünə çevrilir. Belə bir güclə nifaq yaratmaq Vaşinqtona yaxşı heç nə vəd etmir. Ona görə də Bayden prezident seçilsə Ərdoğanın əlini sıxmaq məcburiyyətində qalacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.