46 illik “kabus” bitir

18-08-2020, 08:41           
46 illik “kabus” bitir
Yaxın keçmişdə Türkiyə və Yunanıstan arasında bir neçə dəfə lokal müharibə baş verib. Lakin hazırda nə Türkiyə əvvəlki kimi zəifdir, nə də Yunanıstan onunla müharibə edə biləcək potensiala sahibdir. Digər tərəfdən beynəlxalq hüquq və böyük güclər ölkələrə müharibə etməyə imkan vermir. Çünki istənilən bir müharibə qlobal savaşa çevrilə bilər.

Teref.az bildirir ki, Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu 46 ildir bağlı olan Maraş şəhərinin bu ilin sonuna kimi yenidən açılacağı haqda qərara Yunanıstanın kəskin reaksiyasını şərh edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Yunanıstan arasında bu gün bir yox, bir neçə mübahisəli məsələ var:

“İki ölkə istər Şərqi Aralıq dənizi, istər 12 ada, istərsə də Kipr adası ətrafında vaxtaşırı siyasi gərginlik yaşayır. Lakin birmənalı olaraq bir daha deyə bilərəm ki, Yunanıstan və Türkiyə yenidən lokal müharibə edə bilməz. Hər ikisi NATO ölkəsidir və bu iki ölkənin müharibəsi hazırkı reallıqlarla heç kəsin maraqlarına uyğun deyil. Başda ABŞ və Rusiya olmaqla, hər dəfə tərəflər sakitləşdirilir”.

Ekspertin sözlərinə görə, Maraşın yenidən açılması Avropa iqtisadiyyatına müsbət təsir edəcək.

“Bu şəhər xüsusilə 70-ci illərdə Avropanın parlayan incisi sayılırdı. Şəhər Avropa iqtisadiyyatı üçün çox əhəmiyyətli idi. Xüsusilə turizm və kazino fəaliyyəti şəhərin günü-gündən inkişaf etməsinə gətirib çıxardı. Onu da qeyd edim ki, dövrün bir çox kraliyyət üzvləri, məşhurları Maraşı özü üçün əsas istirahət mərkəzi bilirdi. 46 il sonra bu şəhərin yenidən açılması istər ada, istərsə də Avropa iqtisadiyyatı üçün olduqca müsbət bir addımdır. Lakin yunan tərəfini narahat edən məsələlər başqadır.

Birincisi, Maraş şəhərinin ilin sonuna qədər açılmasını nəzədə tutan layihə gerçək olsa, bu, Şimali Kipr üçün geniş bir iqtisadi perspektiv vəd edəcək. Maraşın tarixi keçmişi yenidən turistləri dünyanın bir çox nöqtəsindən bura gətirəcək. Bu isə Şimali Kipr iqtisadiyyatını canladıraraq, Cənubi Kiprdən önə keçirə bilər.

İkincisi, yunanlar yaxşı anlayır ki, Maraş təkcə ada yox, eyni zamanda Avropa üçün önəmli bir gəlir mənbəyi ola bilər. Əgər şəhər yenidən açılarsa, bu zaman yunanlar adanın Avropa üçün yaradacağı imkanlar səbəbindən dəstəyini itirə bilər. Bu isə Şimali Kiprin müstəqilliyinin hər kəs tərəfindən tanınması deməkdir.

Üçüncüsü, bu gün Şimali Kiprin iqtisadiyyatı birbaşa Türkiyədən asılıdır. Bu fakt özü belə şimalla cənubun birləşməsi üçün bir səbəbdir. Lakin Maraş şəhəri əvvəlki iqtisadi potensialını aktiv edə bilsə, bu, Şimali Kiprin iqtisadi yöndən güclənərək cənubla birləşməsini tarixə qərq edə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.