Sərdar Cəlaloğlunun başadüşülməyən, həm də başadüşülən ittihamı nəyə xidmət edir..?

18-08-2020, 08:44           
Sərdar Cəlaloğlunun başadüşülməyən, həm də başadüşülən ittihamı nəyə xidmət edir..?
Bəlkə də “Reaksiya” TV-də Sərdar Calaloğlunun hər həftənin birinci günü danışdıqlarını növbəti söhbət kimi boş verib REAKSİYA verməzdik, amma... Amma, Sərdar Calaloğlu həmişəki səs manerası ilə uzun uzadı danışaraq Moderator.az saytında yayımlanan bəzi yazılara da münasibət bildirdiyinə görə, daha doğrusu bizi “5-ci kalon” adlandırdığına görə bu “ştatlı prezidentliyə namizəd”in ittihamına REAKSİYA verməyə məcbur qaldıq.

Sərdar Calaloğlu iddia edir ki, Rusiya siyasilərindən birinin “Dağlıq Qarabağ məsələsini Rusiya ona görə Azərbaycanın xeyrinə həll etmir ki, hər iki respublika ona əzizdir” ifadəsi Rusiyanı burda təbliğ etməkdir, “beşinci kalon” rolunu oynamaqdır.

Calaloğlunun nəzərinə çatdırırıq ki, Moderator.az xəbər portalıdır və düşmənin də nə düşündüyünü (təbliğatını yox), bizim haqqımızda nə fikirləşdiyini bilmək və oxucuları da məlumatlandırmaq elementar media xidmətidir. Bir də ki, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağ kartından istifadə etməklə hər iki respublikanı təzyiq və təsir altında saxladığı yenilik deyil, bu fikir az qala hər gün səslənir. Sərdar bəy deyir ki, Moderator.az-la bərabər 10-15 sayt niyə yazır ki, ermənilər Şuşanı paytaxt elan edəcəkləri barədə informasiyanı yayır? “Erməni acından ölür, Şuşada üü-dörd adam yaşayır, orda heç bir tikinti aparmır” və bu qəbildən olan iradlar söyləyir.

Sərdar Calaloğlunun nəzərinə çatdırırıq ki, bəli, biz Dağlıq Qarabağda və işğal altda olan digər rayonlarımızda ermənilərin məskunlaşdığını, yol çəkdiyini, Şuşanı paytaxt etmək niyyətində olduqlarını yazırıq və bundan sonra da qanunsuz məskunlaşma ilə bağlı bütün məkrli fəaliyyətlərini yazacağıq. Bizim və onun nəzərdə tutduğu 10-15 saytda bu yazıları verməkdə məqsədimiz Azərbaycan dövlətini, xalqını qınağa doldurmaq, qıcıq yaratmaq, düşmənin bizim torpaqlarda at oynatdığını göstərməklə qisas almağa, torpaqlarımızı azad etməyə çağırış etməkdir. Yoxsa istəyirsiniz ki, Sizin kimi “erməni acından ölür” deyib millətin başının altına rahat yastıqlar qoyaq, erməni də bildiyini etsin? Zamanında bəzi sizin kimi başbilənlər elə bu cür yastıqlar qoyduğundan bu gün Qarabağ işğaldadır.



Sərdar Calaloğlunun nəzərinə çatdırırıq ki, Moderator.az-da İlham İsmayılın, Sultan Laçının, Seymur Əliyevin Mübariz Azərbaycanlının, Elxan Mehdiyevin, Vahid Qazinin Qarabağın işğalı ilə bağlı müntəzəm yazıları bu gün Azərbaycan cəmiyyətini işğalla barışmamağa, xalqları sülhə hazırlamaq adı ilə təslimçiliyə hazırlamağa mane olmaqda çox vacib rol oynayır, müasir gənclərimizə vətənpərvərlik hisslərini aşılamaq yolunda ən öndə gedən saytdır. Əgər ölkə mediasında monitorinq keçirilsə ki, Qarabağ mövzusu, Rusiyanın ikiüzlü Qarabağ siyasəti, onun lideri Putinin tənqid olunması, Türkiyə, türkçülüyün təbliğatı hansı KİV-də daha çox yer alıb, inamla deyirik: Moderator.az ön sırada olacaq.

Biz ona təkcə elə dünən, yəni bizi anti-Türkiyə mövqeli sayt kimi qınadığı 17 avqustda saytın manşetində tanınmış ictimai xadim Rəşid Mahmudovun, "Ümid" Partiyasının sədri İqbal Ağazadənin qardaş ölkə haqqındakı yazısını və millət vəkili Aydın Mirzəzadə ilə politoloq İlqar Vəlizadənin, sabiq XİN başçısı Tofiq Zülfüqarovun Rusiya haqqında tənqidi mahiyyətli açıqlamasını oxumağı təklif edirik. Son 1 ayda bizim saytda Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının təbliği haqda ən azı 100 dəstək yazısı gedib, elə onların bir neçəsi Sərdar Cəlaloğlunun özündən alınan açıqlamalar olub. Belə olduğu halda onun Moderator.az-ı hədəfə alması başadüşülən deyil, amma həm də əslində başadüşüləndir...

Hörmətli Sərdar Calaloğlunun bir daha nəzərinə çatdırırıq ki, o bizə prezident seçkilərində necə namizəd olmağın, necə debat aparmağın (qalib gəlməyin yox) yollarını öyrədə bilər, amma media işini necə qurmağı yox.



Sonda onu da qeyd edirik ki, əgər onun kiminləsə qərəzi və ya haqq-hesabı varsa bizi bu intriqalara qatmasın. Bu ölkədə kimsə bizi Rusiyapərəstlikdə və Türkiyəyə qarşı olmaqda ittiham edə bilməz. Görünən dağa nə bələdçi?



Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.