Prezidenti hədəf edənlərə...

19-08-2020, 11:16           
Prezidenti hədəf edənlərə...
"Nə deyim... Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!"

Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadənin bu fikirləri ilə çox razıyam.

Kəraməti müdafiə etmək kimi niyyətim yoxdur. Amma onu birmənalı müdafiə edənlər, onun həbsə gedən yolunu açanlar, ona bu söyüşləri söydürənlər, Kəramətdən daha qorxuludur.

Bayaq bir dostu yazmışdı: "27-ci bölmənin qarşısındayam. O gün Kəramətə "tırka" verənlərin birini də görmədim burda".

Düz deyir. Populistlər, hikkəlilər və oğru məmurlar bu dövlətin evini yıxır, kəramətləri əvvəl məhv eləyir, sonra qızışdırır, söydürür.

Allah qorusun, təbii hüzurunda limitimiz hələ varsa...

...Unutmuşdum, bu arada deyim biləsiniz, bağırmaq jurnalistika deyil...

...Söz fırlamaq da jurnalistika deyil...

...Hər bildiyini də tirajlamaq jurnalistika deyil...

...Söymək də jurnalistika deyil...

...Unutmuşdum, söymək, tərbiyə göstəricisi də deyil, tükənməkdir...

...Onu da deyim, hələ bu çirkin oyunlara çox kəramətlər fəda gedəcək, növbə təşkilatçılara çatmalı...

...Indi xatırladım, kimi tutursunuz tutun, bəhanəsiz, haqq elədiyi kimi tutun...

...Kimsə nəsə zəvzəkləyəndən sonra, bir qonşusu peyda olmasın ki, bəs bu bizi narahat eləyir. Ayıbdır, lütfən, daha təkrarlamayın!

...Biri də qalıb, Kəramətə elə yerləri söydürdülər ki, ayıq olsa əsla söyməzdi. Ona edilənləri unutmazdı...

...Və bir də söz haqdırsa, boğsanız da ağızdan son nəfəs kimi çıxacaq. Çəkilin qırağa sözümüzü deyək, dövlət eşitsin! Əslində gülməli təklifdir, eləmi?! Deyirəm ki, çəkilin qırağa, sizdən danışaq!

Yerinizə olsam çəkilərdim. Adam sözdən qorxduğunu, bu qədər aşkar etməz. Bizim bir sözümüz var, sizin postunuz, milyonunuz, klanınız və sair...və ilaxır...

Hə, bu arada, problemli adamları tutub, ulduz edib, dövlətin boğazına çatı salmayın. Özünü öz içindəki dar ağacından asmış adamları tutacaq qədər aciz də olmayın! Kəramətlə ciddi danışmaq olardi, daha ciddi, çox ciddi, son dəfə ciddi!..

...Və ən sonda, buraxın Qəşəm kişinin aciz oğlunu, getsin özünü batırmağında olsun, yavaş-yavaş.

Siz,dövləti və dövlət başçısını açıq hədəf edən "sadiqlərlə" savaşın! Kəramətiniz olsun! Vəssalam!..

Jalə Mütəllimova

19.08.2020.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.