Veteranlara Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı yubiley medalları təqdim olunub

20-08-2020, 21:47           
Veteranlara Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı yubiley medalları təqdim olunub
Bəşəriyyət üçün faciəli dövr kimi xatırlanan İkinci Dünya müharibəsi mayın 9-da SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.

Həmin müharibədə göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon veteranlar təşkilatlarının sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib.

General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla anılır. Böyük Qələbənin qazanılmasından 75 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt əhəmiyyətini itirmir. O bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı da Qarabağın və işğal altındakı rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun qələbə qazanacağı o gün isə uzaqda deyil.

Rayon veteranlar təşkilatlarının sədrləri yubiley medallarına layiq görüldüklərinə görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə dərin minnətdarlıqlarını çatdırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.