Ombudsman məsuliyyətə cəlb oluna bilərmi? - Hüquqşünas yazır

23-08-2020, 00:26           
Ombudsman məsuliyyətə cəlb oluna bilərmi? - Hüquqşünas yazır
Nizami Bağırov
Hüquqşünas

Nazirlər Kabinetinin 17 iyul tarixli qərarı ilə ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Karantin rejimi zamanı qadağalar siyahısında toy mərasimlərinin də keçirilməsi var.

Bu qadağanı pozaraq avqustun 18-də övladlarına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev (Ramiz Mehdiyevin kürəkəni) və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

AbşeronRayon Məhkəməsinin (sədrlik edən Şövkət Nəcəfova) 22 avqust tarixli qərarları ilə hər iki şəxs karantin qaydalarını pozduqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib və onlara 15 sutka inzibati həbs cəza təyin edilib.

İlham Əliyev və Rövşən Mustafayev, məhkəmə qərarı ilə məhz toyun (karantin rejimini pozan mərasimin) təşkilatçısı kimi inzibati məsuliyyətə cəlb olunduğundan, belə halda məsuliyyətə təkcə onun təşkilatçıları deyil, həm də onun bütün iştirakçıları (toy sahibləri və qonaqlar, xidmət göstərənlər) da cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi, karantin rejiminin pozulmasına yönəlmiş mərasimin yalnız təşkilatçısının deyil, bütün iştirakçılarının məsuliyyətə cəlb olunmasını ehtiva edir.

Bu arada sosial şəbəkələrdə və KİV-də millət vəkili Siyavuş Novruzov və onun həyat yoldaşı – İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevanın da həmin toyda iştiraklarını təsdiq edən (millət vəkili bunu açıqlamalarında etiraf edib) videogörüntülər paylaşılıb.

Konstitusiyaya görə, Milli Məcslinin deputatları toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz (90-cı maddə, I hissə).

Siyavuş Novruzov deputat kimi toxunulmazlığı olmasına baxmayaraq, tənbehdən "qaça” bilməyib və ona üzvü olduğu Yeni Azərbaycan Partiyası tərəfindən "töhmət” elan edilib.

Bəs Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini pozduğuna görə məsuliyyətə cəlb edilə bilərmi?

Konstitusiyaya görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Millis Məclis seçir (95-ci maddənin I hissəsinin 6-cı bəndi və 109-cu maddənin 14 bəndi).

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz (6.1 və 6.2-ci maddələr).

Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Ombudsmanın toxunulmazlıq immuniteti var və onun barəsində inzibati tənbeh tədbirləri tətbiq edilməsi qadağandır. Bəs belə olan halda Səbinə Əliyevanı nə gözləyə bilər?

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 7.1, 7.11-ci maddəsinə əsasən müvəkkilə aid tələblər pozulduqda müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə vaxtından əvvəl xitam verilir.

Müvəkkilə aid tələblər yuxarıda qeyd olunan Konstitusiya Qanunun I Fəsli, 3-cü maddəsində qeyd olunub:

- yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər;
- ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Müvəkkil ola bilməz;
- müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.
- müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
- müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: "Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm".

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva toy mərasimində iştirak etməklə COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini pozub və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddədə nəzərdə tutan inzibati xətanı törədib.

O, inzibati xəta törətməklə "müvəkkil andını” pozub, bununla da onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə hüquqi əsas yaradıb.
arqumet.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.