Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının komandiri Britaniyanı da satıb? - GRU AGENTİ DEBBİNSİN İFŞASINA MI5 KÖMƏK EDİB...

24-08-2020, 18:06           
Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının komandiri Britaniyanı da satıb? - GRU AGENTİ DEBBİNSİN İFŞASINA MI5 KÖMƏK EDİB...
2000-ci illərin əvvəllərində Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının komandiri olmuş Piter Debbins həm də Böyük Britaniyaya aid hərbi sirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinə (GRU) ötürmüş ola bilər. Virtualaz.org xəbər verir ki, bu barədə “The Times” yazır.

Amerika xüsusi təyinatlılarının keçmiş zabiti, Azərbaycan və Gürcüstanda xidmət etmiş Piter Debins ötən həftə həbs olunub. O, GRU-ya işləməkdə, Azərbaycan və Gürcüstandakı Amerika xüsusi təyinatlı qrupuna aid məlumatları Rusiya hərbi kəşfiyyatına ötürməkdə ittiham olunur. Debbinsi ömürlük həbs gözləyir.

Piter Debbinsin anası keçmiş SSRİ-də anadan olub, onun özü ötən əsrin 90-cı illərinin ortalarında Çelyabinskdə Rusiya ordusunun zabitinin qızı ilə evlənib. ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Debbinsk özü ruslara casusluq xidmətini təklif edib. Bildirib ki, özünü “Rusiyanın oğlu” hesab edir və ABŞ-ın dünyadakı nüfuzunun həddən artıq böyük olması ilə razılaşmır.

ABŞ Ədliyyə Nazirliyi Debbinsin ifşa edilməsi əməliyyatına görə Böyük Britaniyanın MI5 kəşfiyyat xidmətinə və London polisinə təşəkkür edib. Ancaq detalları açıqlamayıb. Qəzet yazır ki, kapitan Debbins Pentaqonun podratçısı qismində Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Olkonberi bazasında işləyib. Həmin bazadan ABŞ Hərbi Hava Qüvvələri də istifadə edir.

İttiham aktına əsasən Debbins 2004-cü ildə ABŞ xüsusi təyinatlıları ilə birlikdə Azərbaycana göndərilib. Burada onun barəsində “təhlükəsizlik rejiminin pozulmasına” görə təhqiqat başladılıb və məxfi məlumatlara çıxışı dayandırılıb. Təhqiqatın sonunda Debbins ABŞ-ın Azərbaycandakı xüsusi təyinatlıları qrupunun komandiri vəzifəsindən azad edilib. 2005-ci ildə isə orduda xidmətdən ayrılıb və Minnesota ştatında bir Ukrayna şirkətində işləməyə başlayıb. Lakin 2010-cu ildə yenidən hərbi sirlərə çıxış əldə edib və kibermüharibə üzrə təlimatçı, habelə Rusiya üzrə mütəxəssis kimi işləməyə başlayıb.

Belə ki, Debbins Pentaqonun podratçısı olan, kibertəhlükəsizlik, terroçuluqla və casusluqla mübarizə üzrə ixtisaslaşmış “Co-Solutions” şirkətinin işçisi kimi Rusiya üzrə mütəxəssis qismində Böyük Britaniyaya gedib. 2020-ci ilin yanvarında onun Böyük Britaniyada işi başa çatıb. Hələlik Debbinsin bu ölkədə işləyərkən hərbi sirləri ruslara ötürüb-ötürmədiyi haqda rəsmi məlumat yayılıb.

İttiham aktında Debbinsin GRU agentləri ilə çoxsaylı şəxsi söhbətlərinin təfərrüatları da yer alır. Bu da ona dəlalət edir ki, GRU-da işləyən hansısa agent Debbinsin fəaliyyətinə dair hesabatı ya Britaniya, ya Amerika kəşfiyyatına ötürüb.

GRU-dan kuratorlar Debbinsə bildiriblər ki, əgər o, kuratorlarla təcili əlaqəyə çıxmaq istəsə Analar Günü və ya Qələbə Günü açıqcaları göndərə bilər.

O da bildirilir ki, Debbins ötən ildən başlayaraq amerikalı agentlərlə də əməkdaşlıq edib və avqustun 21-də onu Virciniyada görüş zamanı həbs edəndə çox təəcüblənib. Debbinsin qohumları iddia edir ki, onu “rus əsilli olduğuna görə” təqib edirlər.

London polisinin nümayəndəsi isə təsdiq edib ki, onlar bu işdə Amerika hakimiyyətinə kömək ediblər. “Lakin biz bu işin təfərrüatlarını müzakirə etmək istəmirik”,-mənbə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.