Separatçı rejim ”Artsax və Rusiya arasında dostluq naminə” Dilqəmlə Şahbazı qaytarmaq istəyir...

27-08-2020, 08:53           
Separatçı rejim ”Artsax və Rusiya arasında dostluq naminə” Dilqəmlə Şahbazı qaytarmaq istəyir...
Rəsmi Möskva Xankəndindəki oyuncaq rejimin üzərindən növbəti fitnəyə hazırlaşır...

Azərbaycanda hələ toy müzakirələri davam etdiyi bir vaxtda Xankəndindən maraqlı informasiyalar gəlməkdədir. O qədər maraqlı ki, hətta İrəvanda da informasiyalar həm təəccüblə qarşılanıb, həm də bəzi suallar doğurub.

Deməli, Xankəndidə Qırmızı Xaçın nümayəndəsinin iştirakı ilə hərbi əsirlər və girovların işi üzrə komissiyanın iclası keçirilib və bildirilib ki, tezliklə “müsbət irəliləyiş” olacaq. İkinci xəbər isə birbaşa Xankəndinin “prezidenti” Araik Arutunyanın mövqeyi ilə bağlıdır. Araik Arutunyan İrəvandan fərqli olaraq, daha doğrusu, İrəvanın nə deməsindən asılı olmayaraq Rusiya ilə əlaqələrini birbaşa şəkildə genişləndirmək niyyətindədir. Onun mətbuat katibinin verdiyi məlumata görə Qarabağda İctimai Televiziyada rus dilində televiziya verilişlərinin vaxtının artırılması ilə əlaqədar qanunvericiliyə dəyişiklik edilməlidir. Bu məsələnin təşəbbüsçüsü kimi də Araik Arutunyanın sədrlik etdiyi “Azad Vətən” və Samvel Babayanın rəhbərlik etdiyi “Vahid Vətən” partiyaları göstərilir. Və məsələ yalnız televiziya verilişlərində rus dilində proqramların sayının və vaxtının artırılması ilə bitmir, Arutunyan orta və ali məktəblərdə rus dili tədrisinin saatlarının artırılmasını da qeyd edib. Bundan başqa küçədəki reklam və göstəricilərin mütləq rus dilində də olması xüsusi vurğulanıb.

Hərbi əsirlərin və girovların işi üzrə komissiyanın iclasında başqa informasiya da bizim üçün xüsusi maraq doğurur. İclasda “hamının hamıya” prinsipinə əsasən əsirlərin və girovların dəyişdirilməsinin də mümkünlüyü qeyd edilib. Hətta erməni həbsxanasında saxlanılan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də dəyişilməsi istisna olunmayıb.

Separatçı rejim nədən birdən-birə Rusiyaya İrəvanın razılığı olmadan jestlər etməyə başlayıb? Məsələ burasındadır ki, əsir və girovların dəyişilməsini də rejim Rusiya ilə bağlamaq niyyətindədir, çünki alınan informasiyada belə bir qeyd var: ”Artsax və Rusiya arasında dostluq naminə” Xankəndi bu dəyişməyə razılıq verə bilər. Burdan belə nəticə çıxır ki, Bakının neçə illərdir Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə əlaqədar Moskvadan etdiyi xahişlər reallaşa bilər. Moskva bəlkə də Azərbaycanın Türkiyə silahlı qüvvələri ilə birgə təlimlərindən keçirdiyi narahatlıq səbəbindən özünü Bakıya daha yararlı göstərmək məqsədilə bu addımı atıb və ilkin razılığa gəlib. Ola bilsin ki, burda itirdiklərimiz olsun, amma iki vətəndaşımızın geri alınması həqiqətən də daha önəmlidir. Üstəlik, erməni zabitinin əsir götürülməsi bu işi sürətləndirə bilər.

İrəvan bu məsələyə ehtiyatla yanaşır və Araik Arutunyanla Samvel Babayanın Rusiyaya smpatiyasının məlum fakt olduğunu vurğulayaraq, belə kəskin dönüşlərin təhlükəli olacağını da qeyd edir və Moskva ilə “birtərəfli qaydada” əlaqələrin inkişafının pis nəticələr verəcəyini də qeyd etməyi unutmur.

Bəs, bizim üçün necə, Dağlıq Qarabağın separatçı rejimi ilə Moskvanın dövlət səviyyəsində birbaşa əlaqələrə başlaması təhlükə yaratmırmı? Hətta, ortada əsirlərin azad olunması olsa da. Sabah bu əlaqələri daha da inkişaf etdirən separatçı rejim “Rusiya Artsaxın müstəqilliyini tanımaq yolunda ilk addım atdı” kimi dəyərləndirməyəcək ki.
moderator












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.