Prezidentin deputat adaşını qandallayanlar məsuliyyət daşıyır Ramiz Mehdiyevin açıqlamaları qərəzlə yanlış anlaşılır
27-08-2020, 09:20

Akademik Ramiz Mehdiyevin qız nəvəsinin toy mərasimindən görüntülərin sosial şəbəkələrdə yayılmasının ardınca baş verən olaylar , toy yiyələri qudaların sərgiləyici formada cəzalandırılması, “kişi kimi toyda iştirak etdiklərini” deyənlərin bir gün sonra “kişilikdən istefa vermələri” , çeşidli siyasi -toplumsal baxışların basını , sosial şəbəkələri zəbt etməsi akademikin özünün də açıqlama(lar) verməyə məcbur olması ilə sonuclandı. Elə əsl həngamə də bundan sonra başladı. AMEA prezidentinin fikirlərini hərə öz siyasi davranışına , tərbiyəsinə, mədəniyyətinə , hüquq savadına uyğun dəyərləndirib yozmağa girişiblər. Bir sözlə , ölkənin “ali” ödülünü – Heydər Əliyev ordenini Prezidentin əliylə yaxasına taxan ali məmur indi Əliyevin “yaxacıranları”nın qələmlərinin hədəfindədir. İş o yerə çatıb ki , AMEA prezidentini qurumun saytından sui-istifadə etmədə suçlayırlar. Absurdluğa baxın, dinmirsən, deyirlər, suçludur nə desin ki ! Dinirsən , deyirlər niyə danışırsan? ! Necə olur, hansısa nazirliyin sıradan bir şöbə müdirini tənqid edəndə mətbuat xidmətinin anında “yalanlaması” sayta qoyulur, əlaltı şəbəkələrə ötürülür, amma AMEA prezidentinin fikirləri sui-istifadə sayılır? AMEA mətbuat xidməti bəs hara baxır ?
İndi isə akademikin açıqlamasına keçək. Ramiz müəllim açıq şəkildə keçirilən toyun karantin qaydalarına qarşı olduğunu boynuna alır , amma analoji qaydaları pozan digər məmurların pozuntusuna reaksiya verilmədiyini vurğulayır. Bəyəm düz demir? Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarı baş nazir Əli Əsədov özü pozursa, onda dünənin deputatı Hadı Rəcəbliyə, Prezidentin adaşı, AMEA prezidentinin kürəkəni İlham Əliyevə nə gəlib? Baba da bu ayrıseçkilikdən narazıdır . Guya digər toylarda 6-7 adamın iştirak etməsi də inandırıcı deyil və lap olsa da, axı, qərarda, ümumiyyətlə, toyların yasaqlanması təsbit olunub, iştirakçıların “say senzi” yox . Bundan başqa, akademik sərgiləyici formada kürəkəninin qoluna qandal keçirilib məhkəmə önünə çıxarılmasını qanunsuz sayır və bu fikrində də haqlıdır. Heç ən qatı suç işlədənlər də, məhkəmədə qoluqandallı, ağzımaskalı dayanmır, onda qala inzibati yanlışlıq ola. Fikrimizcə, bunu edənlər cəzalandırılmalıdır. Hüquq mühafizə orqanları sözügedən kobud qanun, hüquq pozuntusuna hüquqi qiymət verilməsini təmin etməyə borcludurlar. Məhkəmə şousu düzənləyənlər isə mənəvi məsuliyyət daşıyırlar.
Bu sətirlərin yazarının Ramiz Mehdiyevlə heç bir ilişgisi olmayıb, nə vəziyyətə, şəraitə uyğun reveransa, nə də hansısa vəzifə kürsüsünə ehtiyacım olub. Olsa-olsa, qanunların düzgün izah və tətbiq edilməsini istəyə bilərəm. Daha “HacıBrut” kimi qanunu “BŞİH-in sərəncamı ilə ləğv edib” ,indi dövlətə “xəyanət”dən dəm vurmazdım. Onu da vurğulayım ki, indiyədək Ramiz Mehdiyevin kökünün Naxçıvandan olmaqla Yevlaxın Qarxun kəndində doğulduğunu düşünürdüm, heç Şərurda ( və Qubada da) Qarxun kəndinin olduğundan bilgisizdim. Heç demə, QARAHUN türk tayfaları təkcə Yevlaxda məskunlaşmayıblarmış.
Bu fikirləri ürəyimin səsi diqtə edir. Kimliyindən asılı olmayaraq, kiməsə qarşı kampaniya yolverilməzdir. Demokratik, hüquqi dövlətiksə, hər şey hüquq çərçivəsində çözülməlidir.
Məğrur Bədəlsoy
P. S. Az qala yadımdan çıxmışdı, Rusiyada toy-nişan şölənlərinə icazə verilir . Yəni, toydan qaçmaqdan yana, adi qan analizi verməyə Almaniyaya, Türkiyəyə gedənlərin Rusiyada burdakı məmurların iştirakı ilə toy çaldırması nə çətin işdir ki? ! Adambaşına 400 manat cərimə məbləği ilə Dərbəndə, Kislovodska.. bir neçə dəfə gedib -gəlmək olar .