Şoyqunun Bakı səfərinin pərdəarxası - “Dəniz kuboku” bəhanədir, yoxsa...

27-08-2020, 11:02           
Şoyqunun Bakı səfərinin pərdəarxası -
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində Bakıya səfəri və burada keçirdiyi görüşlər geniş müzakirələr doğurub. Xüsusilə, son bir ayda Azərbaycanla Rusiya arasında məlum silah qalmaqalı fonunda bu səfər ətrafında ən müxtəlif fikirlərə rast gəlinir. Çoxları hesab edir ki, müdafiə nazirinin yarışla bağlı gəldiyi barədə deyilənlər o qədər də inandırıcı deyil. Şoyqunun başqa səbəblərdən Bakıya gəldiyi ehtimal olunur.

Deputat, politoloq Arzu Nağıyev son baş verən prosesləri bu cür ümumiləşdirdi: “Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycana gəlməkdə məqsədi məlum məsələdir. ”Dəniz kuboku 2020"də iştirak etmək idi. Bu proseslərdə Rusiyanın iki gəmisi iştirak edir, “Mahaçqala” və “Həştərxan” gəmiləri. Azərbaycan isə “G-122" patrol gəmisi ilə bu proseslərdə iştirak edir. Məlumdur ki, bu səfərin əsas məqsədlərindən biri məhz bu idi. Lakin cənab prezident İlham Əliyev onu qəbul edəndə hiss olundu ki, Azərbaycan-Rusiya arasındakı bir sıra məsələlərlə bağlı söhbətlər olacaq, müzakirələr keçiriləcək. Cənab prezident onu qəbul edəndə bir daha Tovuz hadisələri, eyni zamanda, 400 ton hərbi yükün Ermənistana aparılması ilə bağlı Putinlə olan söhbəti haqqında bir daha müzakirələr keçirdi. Burada da əsas məqam ondan ibarətdir ki, Şoyqunun cavabı tam şəkildə Azərbaycan tərəfi razı sala bilməzdi. Çünki Şoyqu çıxışında belə bir məsələ qaldırdı ki, həmin ərəfədə həqiqətən yük gedib, lakin bu yük əsasən Rusiyanın 102-ci bazası üçün tikinti materiallarıdır, bir də hərbi çağırışla əlaqədar onların dislokasiya yerinin dəyişdirilməsi ilə bağlıdır. Belə cavab məlumdur ki, biz tərəfi qane edə bilməz.

Çünki düşünürəm ki, 400 ton təkcə tikinti materiallarından ibarət deyil. Məlum məsələdir ki, silah-sursatdan söhbət gedir. Bununla belə, cənab prezident bir daha Şoyquya başa saldı ki, bu məsələdə Rusiya və Azərbaycan arasında müvafiq danışıqlar var. Eyni zamanda, Azərbaycan-Rusiya arasında hərbi müttəfiqlik olmasa da, düşünürəm ki, silah alış-verişi ilə bağlı bizim müqavilələr mövcuddur. Burada əsas məqam ondan ibarətdir ki, ATƏT Minsk qrupunun həmsədri olan bir dövlətin müdafiə nazirinin Azərbaycana gəlməsi və bu proseslərin hamısının müzakirəsi çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Çünki Şoyqunun Azərbaycana səfər etməsindən öncə ”Qafqaz 2020" hərbi təlimləri ilə bağlı Ermənistanın müdafiə naziri David Tonoyan onunla görüşmüşdü. Düşünürəm ki, Şoyquya Tovuz hadisələri və digər məsələlərlə əlaqədar dezinformasiyalar ötürüb. Ermənilər özlərinin təcavüzkar deyil, müdafiə olunan dövlət olmasını iddia edib. Məhz bu görüşdən sonra Şoyqunun ölkəmizə gəlməsi və cənab prezidentlə, müdafiə naziri Zakir Həsənovla görüşməsi çox məsələlərə aydınlıq gətirdi. Belə görüşlər ərəfəsində Ermənistanın müəyyən təxribatlara əl atması məsələsi daim gündəmdə olur.

Məlumdur ki, status-kvonu saxlamaq üçün onlar danışıqlar prosesesini daim pozmağa çalışıblar. İndi də Goranboy istiqamətində belə bir hadisə baş verdi. Bu məsələ də danışıqlarda bir predimet kimi ola bilərdi. Məlumdur ki, Azərbaycanın istər xarici, istərsə də, daxili siyasətinin prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə də Şoyqu ilə keçirilən görüşlərdə mütləq şəkildə bunun müzakirəsi olub. Çünki Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya burada böyük təmsilçidir, regionda açar fiqurlardan biridir. Azərbaycanın şimal qonşumuzun müdafiə nazirinə verəcəyi suallar həddindən artıq çoxdur. Təbii ki, bu danışıqlarda Azərbaycan-Türkiyə birgə təlimlərinə də toxunulmalı idi. Düşünürəm ki, bu məsələ də müzakirə olunub.

Şoyqunun səfəri zamanı burada gedən danışıqlar vaxtı xarici işlər naziri Ceyhun Bayramovun Moskvada həmkarı Sergey Lavrovla görüşü də mühüm əhəmiyyət kəsb edir. Bu proseslərin hər biri mühümdür. Lavrovun Ermənistanın xarici işlər naziri ilə telefon danışığı və digər qeyd etdiklərimiz bu proseslərin irəliyə getməsinə təsir göstərə bilər. Təbii ki, Şoyqunun gəlişində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük gözləntilər yox idi. Lakin onun fakt qarşısında qoyulması və digər amillər onu göstərdi ki, Azərbaycan sual verən tərəfdir. Biz dəqiq cavablar gözləyirik".

AĞ Partiya başqanı Tural Abbaslı Şoyqunun səbəbsiz gəlmədiyini düşünür: “Mən düşünmürəm ki, bu dəfə Şoyqu Bakıdan Moskvaya nəsə aparmaq üçün gəlmişdi. Əslində görünən o oldu ki, Rusiya müdafiə naziri Bakıyla olan münasibətlərin geriyə getməməsi və ən azı olduğu vəziyyətdə qalması üçün təşrif buyurmuşdu. Şoyqunun səfəri daha çox Tovuz döyüşləri və bu döyüşlər zamanı Rusiyanın tutduğu mövqenin bəyan edilməsi, bu mövqeyin Azərbaycan əleyhinə olmadığını sübut etmək idi. Bəziləri deyə bilər ki, Rusiya kimi hərbi gücə malik olan ölkənin müdafiə naziri niyə Azərbaycana hesab versin ki? Ancaq kimsə unutmasın ki, Azərbaycan artıq dünənki Azərbaycan deyil. Bugünkü Azərbaycan Türkiyə ilə hərbi və siyasi müttəfiqlik baxımından münasibətlərin ən pik dövrünü yaşayır. Türkiyənin bölgədə və dünyada artan təsir imkanları artıq Azərbaycanı da öz təsirinə alıb. Və bu reallığı Rusiya gözəl bildiyi üçün Azərbaycanı tam itirmək istəmir. Odur ki, müdafiə naziri gəlir və onların fəaliyyətlərinin Azərbaycana qarşı yönəlmədiyi barədə hesabat verir. Bu hadisə bizə bir daha Türkiyə ilə münasibətlərin nə dərəcədə vacib olduğunu xatırladır. Əminəm ki, Türkiyə-Azərbaycan qardaşlığı tez bir zamanda Qarabağımızın bizə qayıtmasına səbəb olacaq”.

ALDP rəhbəri Fuad Əliyev də yarışın bəhanə olduğu qənaətindədir: “Hər il ”Dəniz kuboku" müsabiqəsi artıq ənənəvi olaraq Azərbaycanda keçirilir. Amma bu il tam başqa formatda oldu. Dörd ölkədən ikisi - İran və Qazaxıstan COVİD-19-a görə bu müsabiqədə iştirakdan imtina etdilər. Prinsipcə, Azərbaycan və Rusiya da imtina edə bilərdilər. Amma nədənsə etmədilər. Hesab edirəm ki, Ermənistanın Tovuz istiqamətində təxribatı nəticəsində Azərbaycan ordusu tərəfindən layiqli cavab alması, ordumuza dəstək üçün yüz minlərlə soydaşımızın həmrəylik nümayiş etdirməsi, hər bir azərbaycanlının döyüşə getməyə hazır olması, bir sıra ölkələrin təxribata görə Ermənistanı qınamaları, Türkiyə rəsmilərinin açıq və net şəkildə bəyanatları, Dövlət başçısı İlham Əliyevin Putinə zəng etməsi, Kremlin Ermənistanın silahlandırılması məsələsinə aydınlıq gətirməsinin istənilməsi Rusiyaya bu dəfə məsələnin ciddi olduğunu anlatdı. Baxın, Tovuz döyüşlərindən sonrakı 50 gün ərzində Rusiya rəsmilərinin həm Tovuz hadisələri, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktivliyi müşahidə olundu. Məlum məsələdir ki, Şoyqu “Dəniz kubokuna” görə Bakıya gəlməyib. Hər il bu yarış onun iştirakı olmadan keçirilib. Nəzərə alsaq ki, Şoyqu Bakıya səfərdən qabaq İrəvana gedib, deməli, bu səfər daha çox siyasi xarakter daşıyır. Görünür, onun regiona təcili gəlməyi Azərbaycan və Ermənistan rəhbərlərinə Putinin bu məsələlərə dair fikirlərini çatdırmaqdır. Şoyqunun Bakıda Rusiyanın Ermənistanı silahlandırmasına dolayısı yolla don geydirməyini də nəzərdən qaçırmamalıyıq. Rusiyanın Cənubi Qafqazdakı siyasəti bizə bəlliir. Hesab edirəm ki, regionda ciddi dəyişikliklər olacaq və Azərbaycan ona hazır olmalıdır".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.