"Türkiyə kimi qüdrətli bir dövlətin səfiri Əli Həsənovun köməkçisi kimi davranırdı" - Aslan İsmayılov
2-09-2020, 11:12

"Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi Sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Əli Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin "Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər”.
Sfera.az-ın məlumatına görə bu sözləri tanınmış vəkil Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.

"Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Ərkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır. Özü də əminəm ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil. Bunun daha dərin olmasına şübhəm yoxdur.
Bunu aydınlaşdırmaq üçün ən azından Ərkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir. Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı”.
Vəkil daha sonra yazır: "Hesab edirəm ki, bizə qardaş, doğma olan Türkiyə Hakimiyyəti Azərbaycan xalqına və Dövlətinə uzun illər ərzində düşmən mövqeyində olan birisinin müdafiəsinə qalxmayacaq!”