BORIS CONSON: Avropa İttifaqı ilə dostlar kimi ticarət edəcəyik
8-09-2020, 00:05

Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, Avropa İttifaqı ilə “Brexit” üzrə ticarət sövdələşməsi oktyabrın 15-nə qədər imzalanmalıdır, əks təqdirdə belə bir razılaşma, ümumiyyətlə, olmayacaq. Məlumatı “İnterfaks.ru” verib.
Bununla bağlı Consonun ofisi tərəfindən yayılmış bəyanatda deyilir: “Əgər o vaxta qədər razılaşa bilməsək, o zaman mən aramızda belə bir razılaşma olacağına inanmıram və biz bunu anlayaraq yolumuza davam etməliyik”.
Baş nazirin fikrincə, əgər razılaşma əldə olunmasa, Böyük Britaniyanın Aİ ilə ticarət münasibətləri təşkilatın Avstraliya ilə ticarət əlaqələri kimi olacaq. Bu isə “yaxşı nəticə” hesab edilməlidir: “Biz qanunlarımız, qaydalarımız və balıqçılıq sularımız üzərində tam nəzarət əldə edəcəyik”.
Conson əlavə edib ki, Böyük Britaniya Avropa İttifaqı ilə ticarət müqaviləsi üzrə razılığa gələ bilməsə də, praktik məsələlər, eləcə də uçuşlar, yük daşınması, yaxud elmi əməkdaşlıq üzrə ağlabatan saziş imzalamağa hazırdır: “Bizim qapılarımız heç zaman bağlanmayacaq və Aİ ölkələri ilə dostlar və tərəfdaşlar kimi ticarət edəcəyik”.
“Brexit”dən sonra Böyük Britaniya üçün keçid dövrü 31 yanvar 2020-ci ildə başlanıb və 31 dekabr 2020-ci ilə qədər davam edəcək. Bu müddət ondan ötrüdür ki, Avropa İttifaqı və Britaniya rahatlıqla danışıqlar aparsın və öz gələcəkləri ilə bağlı razılığa gəlsinlər. London və Brüsselin razılaşdırmalı olduqları əsas məsələ yeni ticarət müqaviləsidir.
Onu da qeyd edək ki, Böyük Britaniya keçid dövrünün uzadılmasından imtina edib və 1 yanvar 2021-ci ildə Aİ-nin tərkibindən çıxacaq. Bu gün tərəflər arasında danışıqlar bərpa olunur və Avropa KİV-in məlumatına görə, hələ bir sıra fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır.