Sayman Aruzdan “saxta diplom” ittihamına CAVAB: “...Sifarişlidir!”

9-09-2020, 18:18           
Sayman Aruzdan “saxta diplom” ittihamına CAVAB: “...Sifarişlidir!”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (Sayman Aruz) saxta diplom satması ilə bağlı iddialar davam etməkdədir. Bir müddət əvvəl məsələ barədə AYB-nin katibi, xalq şairi Fikrət Qocanın fikirlərini öyrənmişdik. O, yayılan xəbərin dezinformasiya olduğunu söyləmişdi: “Mənə görə boş-boş söhbətlərdir. Bunlar bekarçılıqdan tirajlanan, yayılan xəbərlərdir. Biz öz dərdlərimizi unutmuşuq. Hamı özünü yaxşı adam kimi təqdim etməyə çalışır”.

S.Həsənzadə isə “Sherg.az”a bildirib ki, bu yazı sifarişlidir:

“İyunun 20-də “Axar.az” saytının ərəb əlifbası bölməsində fars dilində Qarabağla bağlı bir yazı dərc olunmuşdu. Məqalədə təhqiramiz ifadələr işlənmişdi. Mənə çox təsir etdi və “Facebook” hesabımda buna etirazımı bildirdim. Ardınca media holdinqin rəhbəri Aynur Camal mənə zəng edib həmin məqalənin saytdan götürülməsi qarşılığında yazımı silməyimi xahiş etdi. Razılaşdıq. Məsələnin bitdiyini düşünürdüm. Amma bir həftə sonra “Axar.az” saytını işlədən Anar Niftəliyev mənə qarşı növbəti kampaniyaya başladı, haqqımda qeyri-etik ifadələr işlətdi. Bir az səbr etdim və nəhayət, onları məhkəməyə verdim.

Sentyabrın 1-də məhkəmənin ilk iclası oldu. Növbəti gün isə “saxta diplom” ittihamını ortaya atdılar. Bu, birbaşa və ya dolayısı ilə təxribatdır. Deyirdilər, guya həmin məqalədə texniki səhv olub.

Texniki səhv orfoqrafiya, durğu işarəsi səhvinə deyirlər. Amma bu, elə deyildi. Həm də niyə texniki səhv Paşinyana, Həsən Ruhaniyə qarşı yox, belə gərgin bir vaxtda Azəbaycan prezidentinə qarşı olur?! Arzu edirəm, həqiqətən, texniki səhv olsun. Amma ard-arda buraxılan səhvlərlə vəziyyəti daha da gərginləşdirirlər”.

Ədibin fikrincə, ona qarşı başladılmış kampaniya utancvericidir:

“Məgər Prezidenti müdafiə etmək qəbahətdir, günahdır? Axı o, Azərbaycan vətəndaşı üçün hər şey edir. 12 ildir AYB-də işləyirəm. Hər il belə təzyiqlərə məruz qalıram. Aldığım 350 manatlıq maaşla ailəmi dolandırıram.

Başqaları kimi mən də xaricə gedə bilərdim də. İngilis, fars, ərəb dillərini bilirəm. Amma getmirəm. Çünki mən illər uzunu Azərbaycan həsrəti ilə yaşamışam. Bütün fəaliyyətimi Azərbaycanın birləşməsinə, vahid ideologiyanın, mədəniyyətin formalaşmasına yönəltmişəm.

Ona görə də bu dövləti bizi istəməyənlərin, düşmənlərimizin əlinə verməyəcəyik. Dövlətimizi, Prezidentimizi müdafiə etmək hər şeydən əvvəl bizim vətəndaş borcumuzdur. Ölənədək də dövlətimizə, xalqımıza xidmət edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.