"Azərbaycan vikipediasının inkişafı üçün ya Ramiz Mehdiyevin Akademiyaya rəhbərliyindən kənarlaşdırılmalı ya da vikipedia Akademiyadan götürülüb müstəqil və ...."
14-09-2020, 19:33

Ermənistan 1980-ci illərin sonlarına doğru Dağlıq Qarabağda separatçılığı alovlandıranda və bölgədə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar təşkil edəndə beynəlxalq aləm və dünya mətbuatı ancaq erməni mövqeyini dərc edir, işıqlandırır, reportajlar hazırlayırdı. İşin içində dünyadakı erməni lobbisi də var idi. Azərbaycan haqqında informasiyalar beynəlxalq aləmə yol tapa bilmirdi. Bunun adını “informasiya blokadası” qoymuşduq.
Sonrakı illərdə tədricən Azərbaycanın mövqeyini əks etdirən xəbərlər və yazılar da beynəlxalq media strukturlarına yol tapmağa başladı. 2000-ci illərdən başlayaraq internetin sürətli inkişafı ilə həyatımıza vikipedia qədəm qoydu. Ermənilər bu sahədə də bizi qabaqlamağa çalışdılar, vikipediada yalan məlumatlar yerləşdirməyə başladılar. Azərbaycanda Elmlər Akademiyası nəzdində yaradılan vikipedia Azərbaycan və azərbaycanlılar haqqında həqiqəti dünyaya ötürməli idi. Bu işin Elmlər Akademiyası nəzdində fəaliyyətinin doğru olmadığını düşününənlərdən idim. Elmlər Akademiyasının illərdir hansı vəziyyətdə olduğu göz qarşısındadır. Vikipedia ayrıca bir beyin mərkəzi kimi fəaliyyət göstərməli və normal büdcəsi olmalıdı idi.
Buna baxmayaraq, vikipedia işinə cəlb edilən dostum Elnur Eltürk məhdud maliyyə imkanları çərçivəsində bu işə həvəslə girişdi, tariximizdən, bugünümüzdən məlumatlar topladı, Dağlıq Qarabağ və erməni işğalı məsələsinə xüsusi diqqət ayırdı, vikipedia üçün yazılar hazırlaya biləcək gənc tələbələr üçün kurslar təşkil etdi, yəni nə mümkündürsə etməyə çalışdı. Nəticəsi nə oldu? Ramiz Mehdiyev Elmlər Akademiyasına rəhbər təyin olunduqdan sonra Elnurun qara günləri başladı, dostluq etdiyi şəxslərə görə ona qarşı tənbehlər artdı. Ramiz Mehdiyev Prezident Administrasiyasında da eyni “üsulla” çalışıb, hədəf aldıqlarını neytrallaşdırmağa çalışıb, müstəqil düşüncəli insanları və medianı heç zaman sevməyib, vaxtilə day.az kimi sayt da onun kaprizinin qurbanı olub. Eyni proses bu gün Elmlər Akademiaysında cərəyan edir.
Azərbaycan vikipediasının inkişafı üçün ya Ramiz Mehdiyevin Akademiyaya rəhbəri vəzifəsindən kənarlaşdırılmalıdır, ya da vikipedia Akademiyadan götürülüb müstəqil və normal büdcəsi olan beyin mərkəzinə çevrilməlidir.
Elxan Şahinoğlu
Teref.az