Respublikaçılar Partiyası tarixin zibil qutusunda:TRAMPIN SOVET LİDERİ BREJNEVLƏ OXŞARLIĞI NƏDƏDİR?

3-03-2021, 04:57           
Respublikaçılar Partiyası tarixin zibil qutusunda:TRAMPIN SOVET LİDERİ BREJNEVLƏ OXŞARLIĞI NƏDƏDİR?
Tom Nikolas

“The Atlantic”, 25.02.2021



Pis metaforalar dövründə yaşayırıq. Hər şey ya faşizmdir, ya da sosializm; ya Hitler Almaniyası, ya da Stalin Sovet İttifaqıdır. Respublikaçılar, xüsusən, tərəfdarlarının Amerikanın dramatik bir zamanda, 1968-ci, bəlkə də, daha da dəhşətli olan 1860-cı il kimi böyük bir qarşıdurma anında olduğuna inanmalarını istəyirlər. (Yaxud bir dramda deyildiyitək: “1955-ci ildə yaşayırıq”.)

Tarixin kinayəsi ilə, Respublikaçılar Partiyası, həqiqətən, başqa bir partiyanı, başqa bir zamanı təkrarlayır, məzmunca olmasa da, formaca 1970-ci illərin sonlarındakı Sovet İttifaqı Kommunist Partiyasının halına gəlib.

Müasir Amerika respublikaçılarının kommunist olduqlarını nəzərdə tutmuram. Daha doğrusu, demək istərdim ki, respublikaçılar indi uğursuzluqları ilə tükənmiş, öz ideologiyasına qarşı kinli, reflekslə avtoritar, əbləh bir qocanın şəxsiyyətinə pərəstişlə idarə olunan bolşevizmin son mərhələsinə giriblər.

1970-ci illərin sonundakı Sovet İttifaqı heç kimin yadına düşmür, düşməz də. Bu, son sovet lideri Mixail Qorbaçovun “vremya zastoya” – “durğunluq dövrü” adlandırdığı bir dövr idi. O vaxtlar Kommunist Partiyası tükənmiş bir qüvvə idi və ideologiyası səfeh və fanatiklərdə inam doğururdu. Bir ovuc partiya ideoloqu və sovet ordusunun yüksək rütbəli zabiti hələ də “marksizm-leninizm”ə – kommunizmin təkpartiyalı diktaturasına inanırdı, lakin sovet vətəndaşları ümumən bunun hamının deyil, yalnız Kremldəki yaşlı kişilərdən ibarət kiçik bir dairəsinin idarəçiliyi üçün pərdə olduğunu qanırdı.

“Partiya”nın özü Qərb mənasında bir partiya deyildi, əksinə, mərkəzində şəxsiyyətə pərəstiş duran elit kabinə idi. Sovet lideri Leonid Brejnev tamamilə miyana bir adam idi, lakin 1970-ci illərin sonlarında, Brejnevin qəhrəman və dahi olduğunu israr edən fürsətçilər Kommunist Partiyasında təsirini möhkəmləndiriblər. Onun şərəfinə fabriklər və küçələr, hətta bir şəhərə adı verilib, “Sovet İttifaqı marşalı” hərbi rütbəsinə yüksəldib.

Brejnev özü-özünə o qədər orden və medallar verib ki, bir sovet zarafatında deyildiyi kimi, Moskvada kiçik bir zəlzələ Brejnevin medallarla bəzədilmiş hərbi paltarının asılqandan düşməsi səbəb olardı.

Sinifsiz olduğu iddia edilən bu cəmiyyətin elit liderləri marksizm libaslı mafioz, pozğun plutokratlardı. Partiya karyeristlər tərəfindən zəbt edilmiş və hakimiyyətdəki şəxslər “real sosializm” və “Qərb imperializmi” kimi çoxişlək ifadələrdən təbliğat kimi istifadə edir, “Pravda” və ya “Krasnaya zvezda” qəzetlərinə bu ibarələrlə dolu yazı yazırdı. Xəbərlər ciddi şəkildə senzuradan keçirdi. Sovet radiosu, televiziyası və qəzetləri, həqiqətdən tamamilə uzaq hekayətlər tirajlayır, ölkə (mənfur amerikalılar da daxil olmaqla) kapitalistlərdən ərzaq almaq məcburiyyətində qaldığı halda, sovet kənd təsərrüfatının “uğurları” mütəmadi olaraq göylərə qaldırılırdı.

Bu mənzərə hazırda amerikalılara tanış gəlməlidir.

Respublikaçılar Partiyası illərdir bir zamanlar dəstəklədiyi fikir və prinsiplərə məhəl qoymadan 2020-ci ildəki qurultayında sadəcə yoldaş prezident Donald Trampın platformasını dəstəkləyib.

Brejnev kimi, Tramp da statusunu artıraraq tərəfdarları arasında pərəstiş olunan şəxsiyyətə çevrilib. Respublikaçılar “Amerika Respublukasının marşalı” rütbəsini yarada bilsəydi və “Amerika Mədəniyyətinin Qəhrəmanı” medalı verə bilsəydilər, Tramp indiyə qədər hər ikisinə sahib olardı.

Bir zamanlar intellektual mübahisələri ilə öyünən Respublikaçılar Partiyası indi Sovetlərin təbliatçılarına oxşayan Taker Karlson və Mark Levin kimi ideoloji gözətçilər daxil olmaqla, “lider kadrlar”la idarə olunur. Sovet sələfləri kimi, bir çox darıxdırıcı və doqmatik kabel TV-ləri, korazehin radio aparıcıları və düşük jurnallar, “NATO” və “revanşizm”i “Antifa” və “radikalizm”lə əvəz edərək, xəyali ittihamlarla dolu eyni boşluqları doldurur.

Kommunist Partiyasında olduğu kimi, sədaqət mükafatlandırılır, müstəqillik cəzalandırılır. Keçən əsrin sovet təbliğatçılarının ideoloji tənqidləri Liz Çeyniyə və Adam Kinzingerə yönələn qəzəblə müqayisə etdildikdə, demək olar ki, mülayim görünür.

Bu müqayisə məcazdan daha çox xəbərdarlıqdır. Ölməkdə olan partiya hələ də təhlükədən qurtula bilər. Siyasi sklerozun son illərində kommunist liderlər NATO-ya qarşı yeni nəsil nüvə raketləri düzəltdilər, Əfqanıstanı işğal etdilər, yəhudilərə və digər müxaliflərə qarşı vintləri möhkəmləndirdilər, mülki 747 təyyarəsini vurduqları üçün yalan söylədilər və Üçüncü Dünya müharibəsini paranoyasına daha çox yaxınlaşdılar.

Respublikaçılar Partiyası hələlik ABŞ üçün daha çox təhlükə törədir. Ancaq Kremldəki son sovet liderləri kimi, onun kadrları daha aqressiv və paranoyak olub. Kapitoli qiyamında casusları və təxribatçıları günahlandırırlar – köhnə sovet linqosu “antisosial ünsürlər”, “xuliqanlar” təkrarlanır. Seçki qutularındakı uğursuzluğun səbəbini öz çatışmazlıqlarında deyil, demokratiyanın ikili standartları, saxtakarlıq və təxribatda görürlər.

Bütün bu tarixdən bir başqa dərs də budur ki, respublikaçıların islahat yolu yoxdur. Sovet həmkarları kimi, partiyaları dalana dirənib. Qorbaçov Sovet Kommunist Partiyasını islah etməyə çalışdı və o bu günə qədər Sovet İttifaqında söyüş mənbəyidir. Bir ovuc ağlı başında olan respublikaçının bənzər səyi daha yaxşı nəticələndirəcəyi ehtimalı yoxdur. Respublikaçılar Partiyası ilk sovet lideri Lev Trotskinin təbirincə, indi layiq olduğu yerə qoyulmalıdır – “tarixin zibil qutusuna”.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.