Paşinyandan yeni təyinat: - “Davtyanın cəmiyyətdə nüfuzu yoxdur”
9-03-2021, 18:42

“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan yeni vəzifəyə təyin edilib. Ona Baş Qərargahın mühüm işlər üzrə baş zabiti vəzifəsi həvalə olunub. Bu təyinatın arxasında nə dayanır?”
Cebhe.info-nun xəbərinə görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib:
“Baş Qərargah rəisi Onik Qasparyandan fərqli olaraq Müdafiə naziri Vaqarşak Arutyunyan hələ ki, Baş nazir Nikol Paşinyana sadiqdir və onun tapşırıqlarını yerinə yetirir. Mümkündür ki, yeni təyinat Onik Qapsaryanın Baş Qəragah daxilində mövqelərini zəfilətmək məqsədilə həyata keçirilib. Çünki erməni ekspertlər də sual edirlər ki, Baş Qərargahın “xüsusi tapşırıqlar üzrə baş zabiti” vəzifəsi olmadığı halda Artak Davtyan nəyə məsul olacaq?
Paşinyan Artak Davtyan və onun kimilərin təyinatı vasitəsilə Baş Qərargahda ikihakimiyyətlilik formalaşdıra bilər. Ancaq Paşinyanın seçdiyi kadrın cəmiyyətdə nüfuzu yoxdur. Bu həmin Artak Davtyandır ki, Ermənistanda koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində 2020-ci il iyunun 7-də oğluna dəbdəbəli toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi. Bu hadisə erməni cəmiyyətində böyük etiraz doğurmuşdu”.
Politoloq qeyd edir ki, bundan sonra o, Baş Qərargahdan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri vəzifəsinə transfer olundu. Ancaq o bu vəzfədə də çox işləməyərək 2020-ci il noyabrın 16-da istefaya göndərildi.