Ermənistandakı gərginliyin QALICI SÜLH PLANINA təsirləri... - TƏHLİL

12-03-2021, 08:43           
Ermənistandakı gərginliyin QALICI SÜLH PLANINA təsirləri... - TƏHLİL
44 günlük II Qarabağ savaşının sonunu gətirən 10 noyabrdakı üçtərəfli sazişdən 4, bunun davamı kimi 11 yanvarda Moskvada əldə olunan razılaşmanın imzalanmasından isə 2 ay keçdi. Amma hələ də 10 noyabr razılaşmasında icra edilməyən bəndlər var, eləcə də Moskvada imzalanmış bəyanatın icrası da yubanır.

Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi: “4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməliydi. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib. Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatının müəllifi Rusiya prezidentidir. Deməli, Moskvadan İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istənilməlidir”.

Razılaşmaların icrasının pozulmasının yeganə səbəbi isə göründüyü kimi, müharibədə rüsvayçı şəkildə məğlub olan Ermənistanda yaşanan gərginlikdir. Çoxları hesab edir ki, Ermənistanda baş verənlər razılaşmaların icrasını yubadır. Özləri daxildə bir-birini didsələr də, bu gərginlik ümumi olaraq Azərbaycanın ziyanına işləyir. Yəni ermənilər həm də bu gərginlikdən istifadə edərək razılaşmanın, xüsusilə Naxçıvana kommunikasiyarın açılmasını xeyli yubadır və sairə...

Politoloq, deputat Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Azərbaycan üçtərəfli müqavilə əsasında öz üzərinə düşən bütün problemlərin həlli istiqamətində çox ciddi addımlar atır. Əsas məsələ kimi minalardan təmizlənmə, kommunikasiyaların yaradılması istiqamətində atılan addımlar çox mühümdür: “Azərbaycan gələcəkdə böyük qayıdışa hazırlıq üçün bu problemləri həll edir. Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı da çox ciddi danışıqlar gedir. Bu istiqamətdə Moskvada üçtərəfli görüşlər keçirilir. Təhlükəsizlik məsələləri ilə bağlı da yenə üçtərəfli görüşlər təşkil olunur. Bəzi məqamlar var. Hansı ki, ermənilər onu üzə çıxarmaq istəyirlər, əsir- girovların dəyişdirilməsi və sairə... Amma 10 noyabr anlaşmasından sonra antiterror əməliyyatları nəticəsində götürülən şəxslər nə əsir, nə də girov deyillər. Bunlar cinayətkarlardır. Onlar Azərbaycan ərazisində cinayət törətməyə gəliblər. İqtisadi baxımdan müəyyən irəliləyişlər var. Siyasi istiqamətdə Ermənistanda baş verən hadisələrdən, hansısa revanşist ideyalardan, hökumətin, hakimiyyətin dəyişdirilməsi kimi cəhdlərdən ola bilsin ki, ermənilər istifadə edirlər. Lakin bunun da sonu yoxdur. Məlum məsələdir ki, Qərb də, Rusiya da birmənalı şəkildə onların daxili işlərinə qarışmadılar, daha doğrusu, qarışmaq istəmədilər. Bu gün ordudan istifadə edib, müxtəlif məsələlərin həllinə çalışmaq istəsələr də, bu baş tutmadı”.

Deputat Qarabağdakı sülhməramlılardan da danışdı: “Hərbi məsələlərə gəldikdə isə sülhməramlı qüvvələr çalışır ki, öz üzərlərinə düşən funksiyanı yerinə yetirsinlər. Əsas məsələ odur ki, Azərbaycan ərazisində hər hansı bir erməni birləşmələrinin qulluq etməsi qeyri-mümkündür. Bu artıq rəsmiləşib. Ona görə də hesab edirəm ki, Ermənistanda baş verənlər əldə olunan razılaşmanın icrasına müəyyən qədər ziyan vura bilir, lakin buna baxmayaraq, fikrim budur ki, bu proseslər öz məntiqi sonluğu ilə nəticələnəcək. Orada təkcə Azərbaycan və Ermənistanın imzası yoxdur, bu proseslərdə açar fiqurlardan biri olan Rusiyanın da imzası var. Sadəcə, zaman tələb edir ki, bu proseslər başa çatsın”.

Politoloq Tofiq Abbasov dedi ki, əldə olunan iki razılaşma, xüsusilə 11 yanvardakı Moskva razılaşması özündə “Yol xəritəsi” funksiyasını daşıyır: “Ermənistanın birləşmiş müxalifəti birmənalı şəkildə bu razılaşmaları rədd edir, bununla razılaşmayacaqlarını hər addımbaşı bəyan edirlər. Hətta onların baş nazir Nikol Paşinyana iddialarından biri onunla bağlıdır ki, niyə bu sənədə imza atıb. Təbii ki, bu sənədə olan münasibət ortadadır. Prezident İlham Əliyev bildirib ki, əgər Paşinyan bu sənədlərin altına öz imzasını qoyursa, bu, kapitulyasiya aktına bərabərdir. Sülh müqaviləsinə bəlkə bundan sonra heç ehtiyac olmasın. Amma vəziyyət tələb edərsə, bu məsələyə qayıtmaq olar. Azərbaycanın əsas gözləntilərindən biri kommunikasiyaların açılması ilə bağlıdır. Zəngəzur dəhlizi mütləq şəkildə fəaliyyətə başlayacaq. Bunu Ermənistan istəsə də, istəməsə də, belə olacaq. Ermənistanın razılaşmanın bəndlərinin icrasını yubatmasının əsas səbəblərindən biri Paşinyanın əsas problemi olan hakimiyyətdə qalıb, öz müxaliflərini tərk-silah etmək niyyəti ilə bağlıdır. O indi bu işlə məşğuldur. Düzdür, sürətli şəkildə bu proses getmir. Ancaq hərəkətlilik var. Baş qərargah rəisi istefaya göndərildi. Bu erməni baş nazirin hakimiyyətdə qalmaq üçün əldə etdiyi qələbələrindən biridir. Müxalifət çox dirəşdi ki, hərbiçiləri bu proseslərə qatsınlar. Amma Paşinyan öz gücünü nümayiş etdirməklə göstərdi ki, o, geri çəkilməyəcək. Ona görə də bizə hazırda Ermənistan daxilində sabitliyin yaranması lazım deyil, ən çox ermənilər üçün bu vacibdir ki, özlərinin beynəlxalq öhdəliklərini yerinə yetirsinlər. Hələ ki Ermənistanda qeyri-sabitlik hökm sürür. Bunu yaxşı görən Paşinyan onu da anlayır ki, mərkəzi hakimiyyət qolunu bərpa etməlidir. Rəsmi İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur olduğunu Paşinyan anlamamış deyil. Bu məsələ Ermənistan üçün taleyüklü mahiyyət daşıyır”.

T.Abbasov fikirlərini bu cür davam etdirdi: “Biz yaxşı bilirik ki, erməni müxalifətinin ciddi nüfuzu yoxdur. Onların bir çoxu ötən illərdə bu və ya digər formada hakimiyyətlə əlbir idilər. Onlar Ermənistanı fəlakətə gətirib çıxarıblar. Ermənilərin yaşadığı bu məğlubiyyət məntiqi sonluq idi. Bu həm də onlara bir mesajdır ki, rəzil duruma düşmələrinə səbəb olan hərəkətlərdən uzaqlaşsınlar. Bir yol ki, onlara heç bir nəticə, rahatlıq gətirmədisə, demək, ondan imtina etmək lazımdır. Paşinyan bütün bunları yaxşı anlayır. Hazırda onun əsas məqsədi odur ki, küçə döyüşlərində qalibiyyət əldə etsin, insanları yerlərinə qaytarsın, həmin araqarışdıran cinayətkar dəstələrin rəhbərlərinin hamısını yerlərdən yığışdırsın, kimi neytrallaşdıra bilir neytrallaşdırsın, kimi də həbs edə bilirsə, etsin. Bundan sonra mərkəzi hakimiyyətin funksiyalarını yerinə yetirə biləcəyini Paşinyan çox gözəl anlayır”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.