Azərbaycan-ABŞ münasibətlərini korlamaq cəhdi - Vaşinqton avantüraya nə deyəcək?
17-03-2021, 09:31

Məlumdur ki, bir müddət öncə ABŞ Konqresinin Nümayəndələr Palatasında “erməni qrupu”nun üzvləri - Adam Şiff, Cek Speyr, Frenk Pellon, Qus Bilirakis və David Valadao tərəfindən Azərbaycana qarşı qətnamə layihəsi hazırlanıb. “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adlı sənəd layihəsi Konqresə təqdim olunub.
Bəzi ermənipərəst konqresmenlər də sənədin təbliğatı ilə bağlı iş aparır. Bu sənəddə də əsas diqqət yenə də həbs edilən erməni terrorçularının azadlığına nail olmasına verilib. Sənəddə Qarabağ müharibəsində Türkiyənin əsgəri dəstəyi və “islamçı muzdluların” iştirak etdiyi kimi yalanlar da yer alır. Doğrudur, Ağ Ev hələ bu sənədə reaksiya verməyib. Amma aydındır ki, belə bir sənədin müzakirəyə çıxarılacağı və ya qəbul ediləcəyi halda yeni ABŞ hakimiyyəti ilə Bakının münasibətlərində gərginlik, hətta qırılma ola bilər. Bu isə heç bir ölkəyə sərf etmir, eyni zamanda Cənubi Qafqazda da aktiv siyasi proseslərdə yer almağı hədəfləyən yeni Ağ Ev administrasiyasına da.
O halda Bakının gözləntisi nədir? ABŞ müharibəni qələbə ilə başa vurduqdan sonra yeni siyasi və iqtisadi reallıqlar yaratmış Azərbaycanın, yoxsa məğlub və darmadağın olmuş, xeyirsiz bir ölkəyə çevrilmiş Ermənistanın yanında..?
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ölkəmizə yönəlik hansısa bir təhlükə görmür: “Müstəqilliyimizdən üzü bəri erməni lobbisi hər yerdə Azərbaycan əleyhinə planlar qurub, işlər görüb. ABŞ-da isə daha fəal görünüblər. Bu gün onların ABŞ Konqresinə Azərbaycan əleyhinə sənəd təqdim etmələrini də bu qəbildən olan addımlarından biri hesab edirəm. Hazırda ermənilərin əsas məqsədi ABŞ-ın yeni rəhbərliyini Azərbaycan əleyhinə qərarlar verməyə sövq etməkdir. Təqdim olunan sənəddə əsasən 44 günlük müharibə ilə bağlı Azərbaycanı ittiham edən məsələlər öz əksini tapıb. Son vaxtlar Türkiyənin Qərb dünyası ilə aralarında mövcud olan soyuq münasibətlərdən də yararlanmaq istəyirlər. Düşünürəm ki, erməni lobbisinin apardığı bu işlər istədikləri nəticəni verməyəcək. Çünki ABŞ prosesləri ilk günündən detallarına qədər izləyən, regionda nələrin baş verdiyini faktlarla dəqiq bilən azsaylı dövlətlərdəndir. Eyni zamanda hazırda ABŞ Azərbaycanla münasibətlərin qorunub saxlanmasında, hətta daha da inkişaf etdirilməsində maraqlıdır. Bunu yaxın Şərq və bizim regiona ABŞ-ın yanaşmasından anlamaq elə də çətin deyil. Ona görə də hazırda ermənilərin apardığı işlərin səviyyəsindən asılı olmayaraq Azərbaycan əleyhinə hansısa ciddi sənədin qəbul ediləcəyinə, qərarların veriləcəyinə inanmıram.
Təbii ki, müxtəlif zamanlarda və situasiyalarda olduğu kimi nə vaxtsa təkliflər, tövsiyə xarakterli tələblər və s. ola bilər. Belə addımları isə əməkdaşlığa mane olan səbəb kimi görmürəm. Məlumdur ki, Azərbaycan Qərb və ABŞ üçün çox vacib ölkə olaraq qalır, hətta bu vaciblik dərəcəsi daha da artır. Buna rəğmən Ermənistan da ABŞ üçün strateji maraqlar çərçivəsində lazımlı dövlətdir. Regionda, xüsusilə Ermənistanda Rusiyanın hərbi və iqtisadi mövcudluğu hələ də davam edir. Bu səbəbdən keçmiş SSRİ məkanında 2000-dən artıq əməkdaşı və nəhəng binası olan ən böyük ABŞ səfirliyinin niyə Ermənistanda olduğunu anlamaq olar. Müşahidələrim göstərir ki, hazırda ABŞ üçün Cənubi Qafqaz ayrı-ayrı dövlətləri ilə deyil, bütünlükdə maraqlıdır. Bu səbəbdən inanmıram ki, bir dövlətin maraqları naminə digər dövləti özündən incik salsın. Mövcud qarşıdurmada Azərbaycan ədalətli tərəf olduğundan və bu reallığı hamı, o cümlədən ABŞ qəbul etdiyindən ölkəmizə yönəlik hansısa təhlükə görmürəm”.
Politoloq Elçin Mirzəbəyli isə deyib ki, Konqresdəki erməni lobbisinin ölkəmizə qarşı kampaniyaya rəvac verəcəyi gözlənilən idi: “Əslində Konqresdəki ermənipərəstlərin Azərbaycana və Türkiyəyə qarşı fəaliyyəti heç zaman səngiməyib. İndiki halda isə onlar qondarma soyqırımın ”ildönümü" öncəsi Azərbaycan və Türkiyə əleyhinə qətnamə qəbul etməyə çalışacaqlar. Təbii ki, indiki şəraitdə Ağ Evin rəsmi mövqeyindən asılı olmayaraq, Azərbaycanla bağlı istənilən ədalətsiz, qeyri-obyektiv sənədin qəbulu 10 noyabr bəyanatının icrasına, regionda davamlı sülhün əldə olunmasına neqativ təsir göstərə bilər. Belə sənədlərin gündəmə gətirilməsində digər məqam, ola bilsin ki, 44 günlük Vətən müharibəsindən sonra tənzimləmə prosesinə müdaxilə imkanları məhdudlaşmış Vaşinqtonun prosesə “qayıdış cəhdi”dir. Birləşmiş Ştatların siyasətində Ağ Evlə Konqres arasında “yaxşı polis-pis polis” oyununun dəfələrlə şahidi olmuşuq və bu baxımdan bu klassik ənənənin də davam etdirilə biləcəyi ehtimalı az deyil".
“Yeni Müsavat”