Bayden təbrik məktubunda “Dağlıq Qarabağ münaqişəsini” niyə qeyd edib? – RƏY
18-03-2021, 15:15

“ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq yer alsa da, "Dağlıq Qarabağ münaqişəsi" həlli yollarını qeyd etməsi, Vaşinqtonun mövqeyinin anlaşılmaz olduğunu göstərir”.
Cebhe.info xəbər verir ki, bu barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:
“İlk öncə ABŞ rəhbərliyi Bakı-Ankara və Moskva formatından narahatdır. ABŞ 30 il ərzində konfliktin həlli istiqamətində Minsk qrupunda yer almasına baxmayaraq, sonda prosesdən kənar qalıb. Yeni administrasiya "Dağlıq Qarabağ münaqişəsini" qabartması, Vaşinqtonun daha da kənarda qalmasına gətirib çıxaracaq.
Azərbaycan rəsmi şəkildə Ağ Evin diqqətinə çatdırmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi bitib. Ermənistanla sərhədlər bərpa olunub. Həmçinin Vaşinqtonun bu mövqeyi regionda sülhə və təhlükəsizliyə ziddir. Yaxşı olardı ki, ABŞ Ermənistanı Azərbaycanla sülhə təşviq etsin. Nəinki münaqişə məsələsini ortaya atmaqla prosesləri qızdırmaq mövqeyində qalsın”.
Politoloq deyib ki, Cozef Baydenin bu yanaşması, erməni lobbisinin mövqeyinə əsaslanıb:
“Buna baxmayaraq, rəsmi Vaşinqton regionda reallıqla barışacaq və ABŞ-ın bu mövqeyindən asılı olmayaraq Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında ermənilərə heç bir status verməyəcək. Münaqişə bitib və oradakı ermənilərin Azərbaycanın suverenliyi çərçivəsində yaşaması prosesi gündəlikdə durur”.