Azərbaycan XİN Ermənistana təqdim olunan təklifləri AÇIQLADI

14-03-2022, 16:41           
Azərbaycan XİN Ermənistana təqdim olunan təklifləri AÇIQLADI
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb.

"Report"un xəbərinə görə, nazirliyin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib:

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib. Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər", - L.Abdullayeva vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru