“ABŞ konsulluğunun vurulmasında Rusiyanın da əli var” - AÇIQLAMA
14-03-2022, 17:05

“Rusiya İranı qızışdıraraq Amerika ilə münasibətlərini gərginləşdirmək, beləliklə də İranın nüvə proqramına dair danışıqlarını pozmaq məqsədi güdürdü”.
Bu sözləri Redaktor.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İranın İraqın Ərbil şəhərindəki ABŞ konsulluğunu raketlə vurmasına münasibət bildirərkən deyib. O, İranın bəhanə gətirdiyini, məsələnin iç üzünün başqa olduğunu bildirib:
“İran belə bir bəhanə gətirir ki, guya bundan əvvəl İraq ərazisində 2 İran zabiti sui-qəsd nəticəsində həlak olub. İran da bunun qisasını almaq üçün Amerika konsulluğunu vurub. Amma mənim zənnimcə burada Rusiyanın əli var. Rusiya İranı qızışdıraraq Amerika ilə münasibətlərini gərginləşdirmək, beləliklə də İranın nüvə proqramına dair danışıqlarını pozmaq məqsədi güdürdü. Məncə məqsədlərinə də çatdılar. Ola bilsin ki, nüvə proqramına dair danışıqlar uğursuz nəticələnsin”.
Politoloq həmçinin qeyd edib ki, Amerika İrana hücum etməsə də, başqa yollarla qisasını alacaq:
“Bu saat Amerikanın elə bir həvəsi də yoxdur. Amma başqa yerlərdə bunun qisasını ala bilər. Həmin gecə qırıcı-bombardmançı təyyarələri havaya qalxdı, müəyyən nöqtələrə zərbələr endirdi. Bu sadəcə olaraq lokal xarakter daşıyırdı. Bundan sonra da İranın yerində oturdulma prosesi davam edə bilər”.
Qabil Hüseynlinin sözlərinə görə, bu münaqişə böyük müharibəyə səbəb olmayacaq:
“Mən inanmıram ki, bu isti müharibəyə gətirib çıxarsın. Çünki bu saat İraq elə möhkəm dövlət deyil ki, İrana qarşı mübarizəyə başlasın. Üstəlik də nəzərə alsaq ki, İraqın içərisində əhalinin böyük əksəriyyəti şiələrdir və onların İranla isti münasibətləri var, bu nöqteyi nəzərdən İraqın İran qarşısında edə biləcəyi bir şey yoxdur”.