Tehrandan Moskvaya gözlənilməz zərbə: - İranın xəyanəti Lavrovun masasında

15-03-2022, 08:45           
Tehrandan Moskvaya gözlənilməz zərbə: -
Martın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib. Görüş İran XİN başçısının Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri çərçivəsində baş tutacaq.

Xatırladaq ki, martın 11-də Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Məhz İranın xarici işlər nazirinin Rusiyaya səfərinin də bununla bağlı ola biləcəyi iddia olunur.

Maraqlıdır, Hüseyn Əmir Abdullahianın Moskva səfərində əsas məqsədi nədir? DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı idi:

“Çünki dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Rusiyanın təhlükəsizlik orqanları nəzarət edəcəkdi. Lakin İran həmin kartı Rusiyanın və Ermənistanın əlindən çıxartdı. Bütün hallarda Rusiya Azərbaycan ərazisindən keçməlidir, amma indi İrandan keçmək üçün əlavə xərc ödəməli olacaq. Ona görə də Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında bu məsələ mütləq müzakirə olunacaq. Bəlkə də, Kreml bunu İranın Rusiyaya xəyanəti kimi dəyərləndirəcək. Ümumiyyətlə, Azərbaycanın bu addımını Rusiya da gözləmirdi. Fikrimcə, bununla bağlı Türkiyə ilə də razlıq əldə olunmuş ola bilər”.

Politoloq qeyd edib ki, İran tərəfdaşı olmasına baxmayaraq, Rusiyanı Ukrayna məsələsində dəstəkləmədi:

“Rəsmi Tehran İstər BMT-dəki səsvermələrdə, istərsə də ümumi açıqlamalarında Rusiyaya dəstək olmadı. Lakin Türkiyə NATO üzvü olmasına rəğmən, Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan etdi.

Əslində, İran da sanksiyaya uğramış bir dövlət olaraq sanksiya tətbiq olunan ölkəni bu və ya digər formada dəstəkləməli idi. Hazırda həm Rusiyanın, həm də İranın milli valyutaları kəskin şəkildə ucuzlaşıb. Belə vəziyyətdə onlar arasındakı ticarət dövriyyəsinin necə formalaşacağı da sual altındadır. Buna görə də, tərəflər arasında iqtisadi məsələlər də müzakirə oluna bilər”.

Cümşüd Nuriyev bildirib ki, İran və Rusiya xarici işlər nazirləri arasında keçiriləcək görüşdə hərbi əməkdaşlıq məsələsi də gündəmə gələ bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.