Rusiyanın Ukraynanı Fransa silahları ilə vurduğu ortaya çıxdı - Makronun Rusiya ilə gizli silah sövdələşməsi ifşa edildi…

15-03-2022, 10:52           
Rusiyanın Ukraynanı Fransa silahları ilə vurduğu ortaya çıxdı -
Fransanın sanksiyalara baxmayaraq 2020-ci ilə qədər Rusiyaya silah və döyüş təyyarələri satdığı və Rusiyanın bu silahlardan Ukraynadakı müharibədə istifadə etdiyi ortaya çıxıb.

“Disclose” saytı məxfi və rəsmi sənədlərə istinadən yazır ki, Fransa 2015-2020-ci illər ərzində Rusiya ordusunu ən müasir hərbi texnika ilə təchiz edib, bununla da Rusiya quru və hava qüvvələrini modernləşdirib.

Fransa 2015-ci ildən Rusiyaya 76 döyüş texnikası tədarük edib. Fransa parlamentinin hesabatına görə, bu avadanlıqların dəyəri 152 milyon avro təşkil edir.

Rusiyaya satılan avadanlıqlar arasında 1000-dən çox rus tankını təchiz etməyə yönəlmiş termal kameralar, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri üçün naviqasiya sistemləri də var. Bu avadanlıqları Fransa dövlətinin ən mühüm tərəfdaşı olduğu “Thales” və “Safran” şirkətləri satıb.

Termal kameralar gecə saatlarında insanları hədəfə ala və 10 kilometr məsafədən nəqliyyat vasitələrini aşkarlaya bilir. “Thales”dən bildirilib ki, bu kameralar həm də atəş açmaq qabiliyyətinə malikdir.

Martın 4-də Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına hücumu zamanı Ukrayna prezidenti Zelenskinin “Rusiya tankları istilik kameraları ilə təchiz edilib” açıqlamasına diqqət çəkilən yazıda bu kameraların Fransanın “Thales” və ya “Safran” şirkətlərinə aid ola biləcəyi qeyd edilir.

Sosial mediada paylaşılan görüntülərdə hazırda Ukraynada müharibədə istifadə olunan “T-72”, “T-90” və “T-80” tipli 3 Rusiya tankının Fransanın Rusiyaya satdığı “Matis STD” tipli termal kameralarla təchiz edildiyi sübut olunur.

Bu kameralar 2014-cü ildə Donbasda da Rusiya ordusu tərəfindən Ukraynaya qarşı istifadə edilib.

Bundan başqa, Fransa 2014-cü ildə “Thales” şirkətinin istehsalı olan 60 ədəd “SU-30” tipli döyüş təyyarəsinin satışı üçün Rusiya ilə müqavilə imzalayıb. Bu təyyarələr 2018-ci ilə qədər Rusiyaya çatdırılıb. Bu döyüş təyyarələrinin Suriyada onlarla dinc insanın ölümünə səbəb olduğu və hazırda da Ukraynadakı müharibədə istifadə edildiyi iddia edilir. Sözügedən təyyarələr martın 5-də Ukraynanın şimal-şərqindəki Sumi, Nikolayev və Çerniqov vilayətlərinin hava məkanında da görünüb.

Bu satışların Avropa İttifaqının (AB) 2014-cü il avqustun 1-dən etibarən Rusiyaya qarşı tətbiq etdiyi silah embarqosuna baxmayaraq, həyata keçirildiyi vurğulanır. Bu tarixdən əvvəl imzalanan müqavilə çərçivəsində silah tədarükü həyata keçirilə bilər, lakin sayta açıqlama verən AB Komissiyasından bildirilib ki, birlik üzvü olan ölkələr 2008-ci ildə qəbul edilən ortaq qərara hörmət etməli və bir ölkəyə verilən silahların, müharibədə istifadə ediləcəyi təqdirdə tədarükünü dayandırmalıdırlar.

Qeyd edilir ki, keçmiş prezident Fransua Olland hələ o vaxt avropalı tərəfdaşlarının və ABŞ-ın təzyiqi ilə Rusiyaya 2 Mistral döyüş gəmisinin satışını dayandırdı, lakin silah tədarükü "gizli şəkildə" davam etdi. Əvvəlcə Olland, sonra isə onun varisi Emmanuel Makron Rusiyaya silah satışını və tədarükünü davam etdirib.

Beləliklə, Fransa 2020-ci ilə qədər silah tədarükünü davam etdirməklə Rusiya prezidenti Vladimir Putinə hərbi dəstək verib.

Makronun bir tərəfdən beynəlxalq aləmdəki gərginlik və münaqişələrdə diplomatik vasitələrə üstünlük verilməli olduğunu bildirməsi, digər tərəfdən isə Rusiyaya silah tədarükünü davam etdirməsi “paradoks” kimi qiymətləndirilib.

Tahir TAĞIYEV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.