Rus səfirliyinin ƏKLİL HOQQASI... - NƏ BAŞ VERİR?

15-03-2022, 12:03           
Rus səfirliyinin ƏKLİL HOQQASI... - NƏ BAŞ VERİR?
Təəssüflər olsun ki, qonşu sarıdan bəxtimiz heç gətirmədi. Xalqımızın tarix boyu üzləşdiyi faciələrin də, itkilərin də tək səbəbkarı məkrli qonşularımızdır. 4 qonşu dövlətdən üçü açıq, biri isə gizli şəkildə Azərbaycana qarşı düşmənçilik edir. Ona görə də, çətin coğrafi mövqedə yerləşdiyimiz və var olduğumuz üçün biz böyük xalqıq. Hələ sapı özümüzdən olan baltaları demirəm. Azərbaycanda yaşayan etnik xalqların nankor nümayəndələri zaman-zaman düşmən dəyirmanına su töküb. Suyunu içib, çörəyini yeyib, havasını udub şad-xürrəm yaşadığı Azərbaycana qarşı nankor çıxan o qədər qeyri-azərbaycanlı gördük ki… Və ən pisi də odur ki, “çörəyi dizi üstə olan” nankorlar bu gün də aramızda var.

Deməli, dünən sosial şəbəkələrdə və xəbər portallarında bir informasiya yayıldı. İnformasiyanı Rusiyanın Azərbaycandakı səfirliyi paylaşmışdı. Xəbərin də məğzi bu idi ki, guya Lənkəran rayonundan olan bir qrup soydaşımız Rusiyanın Azərbaycandakı səfirliyinə əklil göndəriblər. Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də “cənublu qardaşlarımız” həmin hərbçilərin fotosu olan xatirə lövhəsini də hazırlayaraq, onu da səfirliyə təqdim ediblər. Bu, sadəcə rəzalətdir. Bunun ikinci adı yoxdur. Əgər doğrudan da Lənkərandan hansısa etnik talış bunu edibsə də, rəzalətdir. Olmuş və yaxud olmamış bu hadisənin Rusiya səfirliyi tərəfindən paylaşılması da rəzalətdir. Hər iki halda bu hadisə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bir təhdiddir.

Bir qrup etnik talışın Rusiya səfirliyinə əklil göndərməsi bütün hallarda qəbuledilməzdir. Ona görə ki, hazırda Azərbaycanda dövlət və yaxud qeyri-dövlət səviyyəsində bu cür addımlar atılmır. Belə olan məqamda hansısa azsaylı xalqın nümayəndələri bunu edirsə, bu, artıq təxribatdır.

Birincisi, ona görə ki, rəsmi qaydada Azərbaycan Rusiya-Ukrayna münaqişəsində neytrallığını qoruyur. Belə vəziyyətdə bir qrup adamın rəsmi dövlət qurumuna dəstək mesajı birbaşa dövlətin siyasi xəttinə ziddir.

İkincisi, hansısa azsaylı xalqın adından belə bir hərəkət edilirsə, bu da qəbulolunmaz haldır. Bununla həmin şəxslər separatizmi alovlandırmaq məqsədi güdür.

Üçüncüsü, açıq şəkildə Rusiyanı müdafiə etməklə bu kəslər Azərbaycanın beynəlxalq imicinə və təhlükəsizliyinə zərbə vurur. Çünki ABŞ və Qərb bəyan edib ki, növbəti sanksiyalar Rusiyanın təcavüzünü dəstəkləyən dövlətlərə qarşı olacaq.

Bunu bilə-bilə kimlərsə Rusiyaya açıq dəstək nümayiş etdirirsə, deməli, onlar Azərbaycanı beynəlxalq aləmdə fakt qarşısında qoymaq məqsədi güdür. Bu isə artıq təxribat yox, Vətənə və Dövlətə xəyanətdir.

O ki qaldı Rusiya səfirliyinin bu olayı həvəslə təbliğ və təşviq etməsinə, bu da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq bir təhdiddir.

Bununla Rusiya sanki demək istəyir ki, Qarabağdan sonra cənubda da ikinci bir separatizm ocağı hazırlayırıq. Bu da beynəlxalq hüquqa və 22 fevral 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq sazişinə tamamilə ziddir. Biz zaman-zaman demişik ki, Azərbaycanda “5-ci kolon var”. Və bu kolonun əsas və aparıcı klanı Rusiyaya bağlıdır. Bəlkə, Rusiya klanı ağalarından tapşırıq alıblar? Azərbaycana qarşı yeni təxribat planı hazırlanır? Bunu öyrənmək ilk növbədə müvafiq dövlət qurumlarının işidir. Bizim isə işimiz həyacan təbili çalmaqdır.

Surxay Atakşiyev,
KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.