Kremlin işğalçılıq siyasəti öz “bəhrəsini” göstərir – çarəsizliyin son həddi

15-03-2022, 12:14           
Kremlin işğalçılıq siyasəti öz “bəhrəsini” göstərir – çarəsizliyin son həddi
Çin hakimiyyəti Rusiya Federasiyasının aviaşirkətlərini ehtiyat hissələri ilə təmin etməkdən imtina edib. Rusiya isə Türkiyə, Hindistan və digər ölkələrdən təyyarələr üçün ehtiyat hissələri almaq imkanı axtaracaq.

“Georgia Online” xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) Təyyarələrin uçuşa yararlılıq şöbəsinin müdiri Valeri Kudinov açıqlama verib: “Biz aviaşirkətlərə bu ehtiyat hissələrini haradan əldə etmək imkanının olduğunu müəyyən etməyi tapşırdıq. Bildiyimə görə, belə bir məlumat daxil olub ki, onlar məsələn, Çinə müraciət ediblər və çinlilər bu təklifdən imtina ediblər”.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti təyyarələr üçün ehtiyat hissələrinin haradan alınacağını araşdıracaq: “Biz başqa ölkələr vasitəsilə imkanlar axtaracağıq. Ola bilsin ki, tərəfdaşlarımız - türklər vasitəsilə, bəlkə də Hindistan vasitəsilə. Hər bir şirkət təkbaşına danışıqlar aparacaq, biz (“Rosaviasiya” - red.) sadəcə olaraq, ehtiyat hissələrinin leqallaşdırılmasına kömək edəcəyik”.

Öz növbəsində, aviadaşıyıcının texniki direktoru İqor Poddubnı bildirib ki, Ural Hava Yolları donanmasını dayandırmadan və təyyarələri ehtiyat hissələrinin yenilənməsi məqsədi ilə sökmədən cəmi iki ay uçuşları davam etdirə biləcək. Onun dediyinə görə, ehtiyat hissələri və materialların tədarük edilməsi sanksiyalardan yayınmaqla da mümkündür.

Qeyd edək ki, Ural Hava Yolları lizinq şərtləri ilə 54 ədəd “Airbus” təyyarəsinə malikdir. Martın əvvəlində isə “Airbus” Rusiya aviaşirkətlərinin təyyarələrinə texniki xidmət göstərməyi dayandırıb.

Biz burada nə görürük? Başına gələn sanksiya dalğası altında demək olar ki, Putinin əsas ümidi olan Çin kifayət qədər sakit şəkildə Moskvaya başa salır ki, o, Rusiya Federasiyasına qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmaq fikrində deyil və mülki aviasiyası üçün nəzərdə tutulmuş təyyarə hissələri verməklə, Rusiyanı bu sanksiyalardan yan keçməyə sövq etmək fikrində deyil. Bu, əlbəttə ki, uğursuzluqdur. Belə çıxır ki, onların hələ də Türkiyə və Hindistana ümidləri var - görəsən, bu ümidlər nəyə əsaslanıb? Doğrudanmı, belə böyük və qüdrətli dövlətlərin tezliklə üzə çıxacaq hansısa gizli maxinasiyalara qarışaraq öz reputasiyalarını riskə atacaqlarını düşünürlər?

Çünki Rusiya xarici istehsal olan təyyarələrin şübhəli şəkildə uzun müddət uçuşlarını davam etdirdiyi məlum olduqda, həqiqəti bilmək üçün bu istiqamətdə kəşfiyyat səylərini Hindistan və Türkiyəyə istiqamətləndirmək qalır. Rusiya rəsmisi öz aviasiyası naminə beynəlxalq qayda pozuntusuna çevriləcəklərinə ümid bəsləməklə, bu ölkələrin reputasiyasını ləkələyib. İndi, şübhəsiz ki, sanksiyaya məruz qalmış malların öz ərazisindən Rusiya Federasiyasına daxil olmaması üçün bu ölkələr xüsusilə diqqətli olacaq.

Əgər hər şey bu cürdürsə, onda belə çıxır ki, bir-iki ildən sonra Rusiya Federasiyasında nəhəng daxili reyslər sistemi sona çatacaq və onun vətəndaşları uzun məsafələri yalnız qatarlarla qət etməli olacaqlar. Çünki uzun müddətdir ki, Rusiya Federasiyasında böyük sərnişin təyyarələrinin yeni modelləri, onların müntəzəm yığılması, tamamilə yerli istehsalı haqqında eşitməmişik. Dia.az xəbər verir ki, "ayna" mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

“Çinin davranışı kifayət qədər məntiqlidir. Pekin Moskva təcavüzkarları ilə sanksiyalar nəticəsində itirə biləcəkləri ilk dollara qədər həmrəylik nümayiş etdirməyə hazırdır. Bəs, əslində Moskva nə gözləyirdi? Sanksiyalar qlobaldır və onların pozulmasına görə cəza da qlobal xarakter daşıyır.

Yəqin ki, bu avantüraya gedərək, Moskva bir sadə şeyi unudub – iqtisadiyyat çoxdan vahid qurum olub və qaydaların pozulması onun dayandığı nizamı pozur. Evdə başdan ayağa “Kolorado lentləri”nə bürünə və bədəninizin istənilən yerinə Z hərfini döydürə bilərsiniz, amma küçədə, insan cəmiyyətində bu mənəvi deformasiya əlamətləri olmadan görünmək daha yaxşıdır. Əks halda başa düşməyəcəklər. Artıq başa düşmürlər.

Moskvalı məmurun dedikləri beynəlxalq hüquqa hörmət edən hər bir ölkə üçün qəbuledilməzdir. Mənə elə gəlir ki, məsələ daha çox dəyərlərlə bağlı deyil, hər hansı bu cür jestin izləniləcəyini və cəzalandırılacağını anlamaqdadır.

Rusiya iqtisadiyyatının daxili imkanlar hesabına təyyarə parkını saxlamaq və ölkə daxilində sərnişin uçuşları təmin etmək imkanlarına gəlincə, burada şanslar praktiki olaraq sıfırdır. Əgər “yağlı” illərdə bunu etmək mümkün deyildisə, indi buna necə nail olmaq olar? Rus hərbi texnikasının modernləşdirilməsi nədir və onlarn texniki cəhətdən nəyə qadir olduğunu indi evimizdə, Ukraynanın tarlalarında görürük. Yaxşı yanırlar. Müddəti bitmiş quru yeməklərlə əsgərləri ölümə göndərən bir ölkə ancaq çantaların üzərinə etiket tikə bilər, amma onu da əyri tikəcək”.

Gürcüstan Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, siyasi şərhçi Tengiz Pxaladze:

“Putin Sovet İttifaqının bərpasını istəyirdi və müəyyən mənada buna nail oldu - çünki SSRİ-də olduğu kimi Rusiyada da eyni defisit olacaq. Ola bilsin ki, tezliklə ərzaq talonları olsun. Bir çox xarici brendlər Rusiyada artıq mövcud deyil və çox güman ki, tezliklə onlar ümumiyyətlə, olmayacaqlar.

Rusiyanın SWIFT, VISA, MasterCard ilə əlaqəsi kəsildi, Qərb ödəniş sistemləri işləmir. Beləliklə, bu baxımdan o, Sovet İttifaqını bərpa etdi və təbii ki, SSRİ-nin vaxtında aldığı iqtisadi effekti də alacaq. Və eyni nəticə ilə bitəcək.

Bu günlərdə bir neçə şirkətin milliləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Deməli, bu, məhz həmin sistemə qayıdışdır. Və düşünmürəm ki, beynəlxalq ictimaiyyətdən kimsə Rusiya ilə belə taleyi bölüşməyə hazır olsun. Ona görə də mən Rusiya üçün bu baxımdan optimist bir şey görmürəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.