Rusiya ilə Ukrayna razılığa gəldi, ABŞ isə müharibənin qısa zamanda bitəcəyinə inanmır

17-03-2022, 11:08           
Rusiya ilə Ukrayna razılığa gəldi, ABŞ isə müharibənin qısa zamanda bitəcəyinə inanmır
Rusiya ilə Ukrayna danışıqlarda sülh sazişi bağlamaq məsələsində ümumi razılığa gəlib və 15 maddəlik plan hazırlayıb.

Ovqat.com-un məlumatına görə, iddia İngiltərənin “Financial Times” nəşri irəli sürüb.

Nəşr iddia edir ki, əldə olunan razılaşmada Ukraynanın ilk mərhələdə NATO üzvlüyündən imtina edərək hərbi gücünü azaltması nəzərdə tutulur. Əvəzində onun ərazilərini ABŞ, İngiltərə və Türkiyə kimi müttəfiq ölkələr qoruyacaq. Bundan əlavə, Ukrayna rus dilinə gətirdiyi qadağaları ləğv edəcək. Rusiya da öz növbəsində hərbi qüvvələrini Ukraynadan çıxaracaq.

Xəbərdə Türkiyənin danışıqlarda mühüm rol oynadığı bildirilir və bu ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu fikirlərinə yer verilir: “İki ölkə barəsində təfərrüata varmayacağam, amma aralarında yaxınlaşma olduğunu bilirəm”.

Maraqlıdır ki, ingilis qəzeti bu xəbəri yaydığı sıralarda ABŞ Prezidenti mətbuat qarşısına çıxaraq Ukraynaya hərbi yardım barədə qərara imza atıb. Qərarda Ukraynaya 800 milyon dollarlıq silah-sursat verilməsi nəzərdə tutulur. Hərbi yardımlar arasında 800 ədəd orta mənzilli hava hücumundan müdafiə qurğuları və dronlar da var. Halbuki, bu zamanadək Zelenskinin “Ukraynanın hava sahəsini bağlayın” tələblərinə ABŞ və NATO ölkələri rədd cavabı verirdilər. Ukraynaya verdikləri yer-hava raketlərinin mənzili isə cəmi 4.5 km. idi. Bu isə Ukrayna səması üzərində uçan təyyarələri vurmaq üçün yetərli deyildi.

Ukrayna prezidenti Zelenski NATO ölkələrinin bu duyarsız davranışlarına etiraz edərək demişdi ki, Ukraynanın səmasını uçuşlara bağlanması qərarına tərəfdaşları bunun hələ zamanının gəlmədiyini bildirirdilər. ABŞ prezidentinin imzaladığı son qərarı isə Ukraynanın öz səmasını özü tərəfindən uçuşlara bağlamağa imkan verəcək. Belə görünür ki, Vaşinqton savaşın bitməsini çox da arzulamadığından Kiyevin çoxdan irəli sürdüyü tələbin məhz indi - sülh sazişinə yaxınlaşıldığı ərəfədə zamanının gəldiyinə inanır və savaşın bitməsində o qədər də maraqlı deyil. Prezident Co Baydenin qərarı imzalayarkən dilə gətirdiyi fikirlər də bu ehtimalı təsdiqləyir. "İndi mən sizə səmimi bir söz deyəcəyəm, bu uzun və çətin müharibə olacaq, lakin Amerika xalqı Putinin mülki şəxslərə əxlaqsız hücumlarına qarşı həmişə Ukraynanı dəstəkləyəcək”, - Co Bayden dünənki məlum brifinqində belə demişdi.

Zənnimizcə, ABŞ-ın bu müharibəni bitirməmək arzusu Rusiya iqtisadiyyatını dünyadan təcrid etmək və çökdürmək istəyindən irəli gəlir. Vaşinqton Ukrayna müharibəsini əsas gətirərək, bu istəyinə böyük ölçüdə nail olub. Hətta bir çox beynəlxalq iqtisadi reytinq şirkətləri Rusiyanın yaxın zamanlarda defolt olacağı ilə bağlı proqnozlar verirlər. Ukrayna müharibəsi başa çatarsa, sözsüz ki, Qərb ölkələri onunla iqtisadi münasibətlərini bərpa edəcəklər, bu isə ABŞ-ın maraqlarına uyğun deyil. İndiki şəraitdə bu perspektiv Vaşinqton üçün “soyub-soyub quyruğunda murdarlamaq” olardı.

Ən əsası isə Ukraynanın Türkiyə, ABŞ və Böyük Britaniyanın orduları tərəfindən qorunması onun NATO-ya daxil olması ilə eyni anlama gəlir, hətta Moskva üçün bundan daha betərdir. Belə ki, Moskva Ukrayna NATO-ya girməsin deyərkən ABŞ və İngiltərə ordularının bu ölkədə yerləşdirilməməsini nəzərdə tuturdu. Dolayısıyla, Rusiyanın bu müddəa ilə razılaşması qətiyyən inandırıcı görünmür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.