Rusiyadan SON DƏQİQƏ Azərbaycan açıqlaması: " sülh müqaviləsinin imzalanmasına gəlincə,..."

17-03-2022, 18:43           
Rusiyadan SON DƏQİQƏ Azərbaycan açıqlaması: " sülh müqaviləsinin imzalanmasına gəlincə,..."
Rəsmi Moskva müvafiq ikitərəfli komissiya yaratmaqla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasının tərəfdarıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz bu regionda (Qarabağda - red.) və Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrindəki vəziyyətdən narahatıq. Martın əvvəlindən atəşkəs rejiminin mütəmadi olaraq pozulmasını qeyd etmişik. Rusiya sülhməramlı kontingenti öz ərazisində müvafiq tədbirlər görür. Onlar sabitliyi təmin etmək və vəziyyətə nəzarət etmək üçün məsuliyyət daşıyırlar. Bu səylər sayəsində martın 13-də heç bir silahlı insident qeydə alınmayıb.Sözügedən sərhədə gəlincə, biz müvafiq ikitərəfli komissiyanın yaradılması ilə onun delimitasiyası prosesinin tezliklə başlanmasının tərəfdarıyıq. Biz qaz kəmərində baş vermiş qəza ilə bağlı ağır humanitar vəziyyətin olduğunu bilirik, bu problemi həll etmək üçün hər iki tərəflə - Azərbaycan və Ermənistanla təmasda olmaq lazımdır”, - diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyasının mövqeyi ondan ibarətdir ki, onsuz da çətin olan humanitar vəziyyəti gərginləşdirəcək problemlər yarada biləcək istənilən addımdan çəkinmək lazımdır.

“Rəsmi Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinə hər cür kömək göstərməyə hazırdır və iki ölkə arasında sülh müqaviləsi hazırlamağa hazır olmasını alqışlayır. Belə bir danışıqlar prosesini hər cür təşviq etmək niyyətimizi bir daha təsdiqləyirik. Onun tamamlanmasının ehtimal olunan vaxtına və sülh müqaviləsinin imzalanmasına gəlincə, hesab edirəm ki, bu mövzu haqqında danışmaq tezdir”, - diplomat əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.