Ruslar işğalın nə demək olduğunu nə vaxt dərk edəcək? - Elbəyi Həsənli yazır

19-03-2022, 19:27           
Ruslar işğalın nə demək olduğunu nə vaxt dərk edəcək?  -
1968-ci ilin yanvarında tarixə "Praqa baharı" kimi keçən inqilabi proses baş verdi. "İnsan sifətli sosializm" qurmaq xəyalına düşən Çexoslovakiya Kommunist Partiyası rəhbəri Aleksandr Dubçekin liderliyi altında xalq liberal dəyərlər uğrunda mübarizəyə qalxdı. Sonrası da məlumdur, Sovet Ordusu bu hərəkatı qan içində boğdu. 72 nəfər öldürüldü. 266 nəfər ağır yaralandı. İşğal nəticəsində 300 minə yaxın insan ölkəni tərk etdi. SSRİ rəhbəri Leonid Brejnev 1969-cu ilin aprelində Aleksandr Dubçeki Moskvaya sədaqəti ilə tanınan Qustav Qusakla əvəz etdi...
Sözümün canı isə bir başqadır. O vaxt Çexoslovakiyada bir lətifə dolaşırdı. Söhbətin nədən getdiyini daha yaxşı qavramaq üçün bir məqama da aydınlıq gətirim. Qərb xalqlarının mifologiyasında ingilislərin “The Good Fairy” (xeyirxah pəri anlamını verir) adlı bir obraz var...
Lətifə isə belədir. Aleksandr Dubçek tramvayla yol gedirmiş. Görür ki, yaşlı bir qadın ayaq istə qalıb. Öz yerini ona verir. Yaşlı qadın bundan məmnun olur və Aleksandr Dubçekə deyir ki, mən xeyirxah pəriyəm. Sənin üç arzunu yerinə yetirmək istəyirəm.
Aleksandr Dubçek xeyirxah pəri ilə qarşılaşdığına görə çox sevinir. Və qadına deyir: “Arzu edirəm ki, Çin Ordusu Çexoslovakiyanı işğal etsin, ancaq bir həftə sonra Praqadan çəkilib getsin”. Xeyirxah pəri Aleksandr Dubçekin bu arzusundan narazı qalsa da onu yerinə yetirəcəyini bildirir. Soruşur ki, ikinci arzun nədir. Aleksandr Dubçek deyir: “Arzu edirəm ki, Çin Ordusu Çexoslovakiyanı işğal etsin, ancaq bir həftə sonra Praqadan çəkilib getsin”. Xeyirxah pəri narazı halda başını yelləyir. Deyir ki, bəs üçüncü arzun nədir. Unutma ki, bu, sonuncudur. Aleksandr Dubçek yenə də eyni şeyi deyir: “Arzu edirəm ki, Çin Ordusu Çexoslovakiyanı işğal etsin, ancaq bir həftə sonra Praqadan çəkilib getsin”.
Maraq xeyirxah pəriyə üstün gəlir. Soruşur ki, axı, Çexoslovakiyanın Çin Ordusu tərəfindən üç dəfə işğal olunması sənin nəyinə lazımdır. Aleksandr Dubçek deyir: “Çin Ordusu Çexoslovakiyanı işğal etmək üçün Rusiyadan keçib gəlməlidir. Siz mənim arzumu yerinə yetirsəniz Rusiya üç dəfə Çin Ordusu tərəfindən işğal olunacaq. Yəqin ki, onda rus xalqı işğalın nə qədər pis bir şey olduğunu dərk edəcək”...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.