Xodorkovski Qərbi tənqid edir: Ukrayna səmasını bağlamasanız, daha böyük müharibə olacaq

20-03-2022, 08:18           
Xodorkovski Qərbi tənqid edir:
Rusiya siyasətçisi və Kremlin keçmiş siyasi məhbusu Mixail Xodorkovski Britaniyanın The Economist nəşrində Qərb liderlərini Rusiyanın Ukraynaya hücumuna kifayət qədər reaksiya vermədikləri üçün tənqid edib. O, Qərb liderlərinə müraciətlə yazıb:

“Siz başa düşməlisiniz: Putin hesab edir ki, o artıq çoxdandır Ukrayna ilə deyil, Amerika ilə müharibə aparır. İndi isə Amerika ilə NATO özlərini geri çəkilirlərmiş kimi göstərirlər. Və o, şəraiti məhz belə qiymətləndirən yeganə başkəsən deyil, digərləri müşahidə edir, Amerikanın alçaldıldığının bütün dünyaya açıq-aşkar aydın olacağı əlverişli məqamı gözləyirlər.

Əgər Putini Ukrayna səmasında saxlamasalar, NATO onunla yerdə müharibə aparmalı olacaq.

Nüvə silahına gəldikdə isə, rus prezidentinin dahilik iddiası var. Ona Stalin səviyyəli bir rəhbərə çevrilmək arzusu rahatlıq vermir. Ancaq o, heç də intihar etməyə hazırlaşmır, yoxsa öz dəstəsinin ən inanılmış üzvlərindən belə altı metr aralı əyləşməzdi. O, yalnız bir halda nüvə silahı tətbiq etməyə qərar verə bilər ki, heç kimdən cavab zərbəsi almayacağına əmin olsun. Ancaq NATO-nun Ukrayna səmasında “uçusuz zona” elan etməkdən çəkindiyi hər gün onun qətiyyətini artırır…”

Xodorkovskinin fikrincə, Qərb dövlətlərinin gərginliyi azaltmağa yönəlmiş istənilən səyini Putin onların zəifliyi əlaməti kimi qiymətləndirir.

Keçmiş siyasi məhbus bildirir ki, Putin həmişə qonşulara qarşı müharibələrə məhz öz ölkəsi daxilində siyasi reytinqini yüksəltmək və əhalinin diqqətini başqa problemlərdən yayındırmaq üçün vasitə kimi əl atıb. Buna görə Rusiya prezidenti 2008-ci ildə Gürcüstana basqın edib, 2014-cü ildə Krımı tutub və Donbasda savaşa başlayıb.

Ancaq Xodorkovski əmindir ki, Ukrayna ilə 2022-ci il müharibəsindən sonra Rusiya istənilən halda zəifləyəcək. Onun sözlərinə görə, sanksiyalar iqtisadiyyata sarsıdıcı zərbə vuracaq, ictimai-siyasi sabitlik isə, müharibənin necə bitməsindən asılı olmayaraq, çoxlu sayda əsgərin Rusiyaya tabutlarda geri dönməsi nəticəsində pozulacaq. Xodorkovski şübhə etmir ki, Putin təzyiqi davam etdirib bütün Ukrynanı ələ keçirsə belə, ukraynalılar partizan müharibəsi aparmaqda və işğalçılara ölümcül zərbələr vurmaqda davam edəcəklər.

2024-cü ildə Rusiyada növbəti prezident seçkiləri keçirilməlidir. Bunu nəzərə alan Xodorkovski Putinin yeni müharibəyə təşəbbüs göstərəcəyi barədə xəbərdarlıq edir. Siyasətçinin fikrincə,NATO və ABŞ işə qarışmasalar və vaxtında Putinə zərbə endirməsələr, təcavüzün növbəti qurbanları Polşa və ya Baltika ölkələri ola bilərlər.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.