Zelenski: “Mariupolda məktəbə bomba atan təyyarəçini tanıyırıq, onu məhv edəcəyik”

21-03-2022, 10:35           
Zelenski: “Mariupolda məktəbə bomba atan təyyarəçini tanıyırıq, onu məhv edəcəyik”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Mariupol şəhərində mülki şəxslərin gizləndiyi məktəbə bomba atdığını bildirib.

“Report”un Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Prezident müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, orada heç bir hərbi mövqe yox idi.

"Rusiya aviasiyası mühasirəyə alınan Mariupolda incəsənət məktəbinə bomba atdı. Orada insanlar gizlənirdilər. Atəşdən, bombardmandan gizlənirdilər. Hərbi mövqe yox idi, 400 dinc sakin var idi. Onların əksəriyyəti qadınlar, uşaqlar, yaşlı insanlardır. Onlar dağıntılar altındadır. Biz neçə nəfərin sağ olduğunu bilmirik, amma bombanı atan pilotu tanıyırıq, onu mütləq vuracağıq”, - Zelenski bildirib.

Qeyd edək ki, martın 16-da Mariupolda Rusiya hərbçiləri yüzlərlə uşaq və qadının olduğu dram teatrına təyyarə bombası atıb.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.