Latviyanın "qara siyahı"ya saldığı rusiyalı məşhurların sayı 31 nəfər oldu

27-03-2022, 13:01           
Latviyanın "qara siyahı"ya saldığı rusiyalı məşhurların sayı 31 nəfər oldu
Latviyanın Xarici İşlər Nazirliyi ölkəyə daxil olmaq qadağası olanların qara siyahısına Rusiyanın daha 6 mədəniyyət xadiminin adını daxil edib. Beləliklə, Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatları dəstəklədiyinə görə bu ölkənin "arzuolunmaz şəxslər" siyahısına daxil olan rusiyalı məşhurların sayı 31 nəfərə çatıb.

Bu dəfə "qara siyahı"ya reper Timur Yunusov (Timati), aktyorlar Sergey Bezrukov və Mariya Şukşina, Rusiyanın Xalq artisti Mixail Boyarski, rejissor İqor Uqolnikov və müğənni Yuliya Çiçerinanın adı daxil edilib. Qeyd olunub ki, adı keçən mədəniyyət xadimləri Kremlin hərəkətlərini dəstəklədikləri üçün belə bir addım atılıb.

Xatırladaq ki, bundan əvvəl Latviyanın "arzuolunmaz şəxslər" siyahısına 25 rusiyalı məşhur adı daxil edilmişdi ki, onların arasında aktyor Vladimir Maşkov, rejissor Nikita Mixalkov, dirijor Valeriy Gergiyev, rəqqas Sergey Polunin, idman şərhçisi Dmitri Quberniyev, teleaparıcı Tina Kandelaki, pianoçu Denis Matsuyev və Polina Qaqarina, Nikolay Rastorquyev, Stat Mixaylov kimi müğənnilərin adları var. Həmin şəxslərə Latviyaya giriş qeyri-məyyən müddətə qadağan edilib.

Qara siyahıya düşənlərin əksəriyyəti Moskvanın “Lujniki” stadionunda keçirilən mitinq-konsertdə iştirak ediblər. Prezident Vladimir Putinin iştirak etdiyi bu tədbirə Krımın Rusiyaya birləşdirilməsinin ildönümü adı verilmişdi.

Onu da xatırladaq ki, Latviya prezidenti Eqils Levits bir neçə gün öncə ölkədə Rusiya telekanallarının yayımınının qadağan edilməsi ilə bağlı çağırış etmişdi.

Xalidə Gəray
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.