"Rusiyanın Ukraynada itkiləri alman faşistləri ilə müharibədən 10 (!) dəfə çoxdur" - Rusiya Baş nazirinin keçmiş müavini
28-03-2022, 00:06

Müharibənin dörd həftəsi arxada qaldı.
Rusların hücumu "ilişib” qalıb. Putin, ordusuna yeni nəfəs vermək üçün əlavə səylər göstərməlidir.
Artıq bəzi nəticələr çıxarmağın vaxtıdır. Beləliklə, bu gün mən bir az riyazi hesablamalarla məşğul olacağam. Gəlin itkilərdən başlayaq. Putin ordusunun itkiləri nə qədərdir? Bütün məlum hesablamalar - 7 mindən 14,4 minə qədər olan intervala uyğun gəlir (yazı 24 martda hazırlanıb – red.). 10 min rəqəmini az-çox real qəbul edək.
Bu çoxdur, yoxsa az? Bu itkiləri, Böyük Vətən Müharibəsindəki (22.06.1941-09.05.1945-ci il tarixləri əhatə edən müharibə nəzərdə tutulur - red.) itkilərlə müqayisə etmək qərarına gəldim. Və məndə aşağıdakı nəticələr alındı. Müharibə illərində, ümumilikdə Qırmızı Ordu sıralarına 29,6 milyon nəfər çağırılıb. Müharibə ərəfəsində Stalinin 4,8 milyonluq ordusu var idi. Bu və ya digər şəkildə 34,4 milyon insan müharibədə iştirak edib.
Ölənlərin ümumi sayı (döyüş meydanında və hospitallarda) 6,8 milyon nəfər təşkil edib. Beləliklə, müharibədə iştirak edən Qırmızı Ordu hərbçilərinin ümumi sayının təxminən 20% -i həlak olub. Müharibə 1418 gün davam edib. Nəticədə, Qırmızı Ordu orta hesabla hər gün döyüşlərdə öz tərkibinin təxminən 0,014%-ni itirib. Nəzərə alın ki, onun mütləq böyük hissəsi sözün əsl mənasında döyüşürdü, arxa cəbhədə "yatışmırdı”.
Bu gün, Putinin iki ordusu var: biri "böyük sərkərdə” Şoyqunun komandanlıq etdiyi rus ordusunun özüdür (yoxsa o, artıq komandanlıq etmir?), sayı 900 min nəfərdir. Digəri – hansısa Zolotovun (90-cı illərdə mərhum dostu Roma Tsepovla birlikdə reketçiliklə məşqul olub) başçılıq etdiyi və sayı 340 min nəfər olan ordu (Rosqvardiya).
Ümumilikdə, bu gün Putinin əli silahlı 1,24 milyon nəfəri var. Dörd həftə ərzində Putinin ordusu 10 min nəfəri və ya şəxsi heyətinin 0,8 faizini itirib. Nəticədə, orta hesabla hər gün döyüşlərdə öz tərkibinin təxminən 0,028%-ni itirib.
Beləliklə, Ukrayna ilə müharibədə Rusiya ordusu üçün gündəlik itkilər Almaniya ilə müharibədə Qırmızı Ordunun itkilərindən 2 dəfə (!) çoxdur.
Bir də nəzərə almaq lazımdır ki, İkinci Dünya Müharibəsindəki Qırmızı Ordudan fərqli olaraq Putin ordusunun böyük hissəsi (80%) müharibədə iştirak etmir (və cəlb oluna da bilməz). Yalnız döyüşlərdə iştirak edən qruplaşmanı götürsək (təxminən 200 min), onda indiki itkilər gündə 0,14% təşkil edir ki, bu da alman faşistləri ilə müharibədən 10 (!) dəfə çoxdur.
İkinci Dünya Müharibəsində, Qırmızı Ordu - öz əsgərlərinin həyatını heçə sayan bir Ordu kimi tarixə düşüb. Tarixdən gözəl bir nümunə gətirmək olar - Jukovun Eyzenhauerə mina sahələrini tez dəf edilməsi üsulu ilə öyünməsi nümunəsi: minaları təmizləmədən sadəcə əsgərləri oradan məcburi keçirtmək.
Amerikalı generalın çaşqın baxışlarına böyük komandirimiz cavab verib ki, onun hesablamalarına görə, bu üsulla olan itkilər artilleriya atəşi altına düşən əsgər yürüşündəkindən çox deyil. Sükut...
Və belə ordu həmin müharibədə, Putin ordusundan 10 dəfə az əsgər itirib. Mən zarafat etmirəm. Qeyd etdiyim rəqəmləri yoxlaya bilərsiniz. Bu cür müharibə aparmaq sadəcə vəhşilik və dəlilikdir.
Mən, Ukrayna tərəfinin itkilərinə toxunmuram. Xüsusilə mülki insanlar arasında itkilərə! Bu ayrı bir ağır cinayətdir. Mən isə, bu müharibəni hələ də Rusiya ərazisinə keçirməyən ukraynalıların alicənablığına təəccüblənirəm.
Bəs uğursuzluğun nəticələri haradadır? Stalin belə bir "hücum”a görə generallarını divara söykəyib güllələyərdi. Putin isə susur... Şoyqu yoxa çıxıb, Gerasimov susur, Konaşenkov isə kəmağıllı sifətlə (hələ beləsini axtarıb tapmaq lazım idi!) tamamilə cəfəngiyyat danışır, hətta həmkarları belə ona qulaq asmağa utanırlar.
Axmaqlar üçün bir daha təkrar edirəm: hər gün, Böyük Vətən Müharibəsində olduğundan 10 dəfə daha çox əsgər itirirsiniz. Hələ buna heç müharibə də demirsiniz, "hansısa xüsusi əməliyyat”da bu qədər itki...
Şayiələr gəzir ki, Putin, 9 may Qələbə gününə qədər Qələbə qazanmağı əmr edib. Qələbə gününü deyə bilmərəm, amma, görünən odur ki, noyabr bayramlarına qədər (indi nə adlanır, Milli Birlik Günü?) onun sadəcə ordusu qalmayacaq. Sonra isə Babçenko Abramsda Moskvaya gedəcək və ona sadəcə olaraq mane olan tapılmayacaq.
Qısa arayış: Krım hadisələrindən sonra ABŞ-a mühacirətə gedən rusiyalı hərbi jurnalist Arkadi Babçenko dəfələrlə bildirmişdir ki, nə vaxtsa NATO bayrağı altında Moskvanın məhşur Tver küçəsi ilə hərəkət edən amerikan tanklarının ("Abrams”) eelə birincisində özü olacaq .
Babçenkonu deyə bilmərəm, amma çinlilər Sibirə öz evlərindəymiş kimi gedə biləcəklər. Əslində, onlar üçün artıq bu mümkündür, sadəcə tənbəllik edirlər. Belə də ki, Vovik (Rusiya prezidenti Vladimir Putin nəzərdə tutulur – red.) onların sözünə onsuz da "baş üstə” deyir də, niyə narahat olsunlar ki. Bəlkə də NATO Çukotka-Kamçatkanın harasındasa eniş edib Rusiya çöllərinə irəliləyəcək, nə bilək. Yoxsa biz NATO-dan qorxmuruq? Qorxmuruqsa, onda bu hay-küy nəyə lazım idi.
Rusiyalılar! Bir daha düşünün! Siz, Ukraynaya qarşı səhv, dəhşətli dərəcədə ədalətsiz və barbar müharibə aparırsız. Ukrayna isə bu müharibədə dünya ÜDM-nin 70%-ni istehsal edən və 1 milyard insanı olan hissəsi tərəfindən dəstəklənir. Dünyanın digər xalqları Sizi dəstəkləsəydi, dərd yarı. Xeyr! Onlar sadəcə popkorn yığıb özünüz-özünüzü məhv etdiyinizə maraqla baxırlar. İndi isə gözlərini sərvətlərinizə dikiblər.
Müharibəni dayandırın. Sadəcə çıxın gedin ordan. Onsuz da məğlub olacaqsınız. Mayın 9-u olmasın, noyabrın 4-ü olsun. Çünki siz düz iş görmürsünüz, həqiqət isə Ukraynanın yanındadır. Onlar haqlıdırlar. Onlar və onları dəstəkləyən bir milyard insan.
Biz haqlı tərəfik. Düşmən məğlub olacaq. Qələbə bizim olacaq.
Ukraynaya eşq olsun!