Xəzərin dibinin bölüşdürülməsi məsələsi yenidən gündəmə gəldi
13-05-2016, 09:22
Qabil Hüseynli: “İş o yerə gəlib ki, Rusiya, ümumiyyətlə, Xəzərin dibindən neft və qaz kəmərlərinin çəkilməsinin əleyhinədir”
Xəzərin dibinin bölüşdürülməsi məsələsi yenidən gündəmə gəlib. Bu barədə “Caspian Energy” jurnalına müsahibəsində Rusiya prezidentinin federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov məlumat verib.
Müsahibə zamanı Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda “Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı” olduğu qeyd olunur.
“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu məsələdə Rusiya axıra qədər mövqe ortaya qoymur: “Təkcə Xəzərin təkinin bölünməsi haqqında razılaşma əldə edilib. Xəzərin səthində isə Rusiya üçün müəyyən güzəştlərə gedilib. Yəni Xəzərin səthi, suüstü bölgəsində 12 millik iqtisadi zona çıxılması şərti ilə Rusiya istədiyi kimi hərəkət edə bilər. İran tərəfinə gəlincə isə onlar bu məsələdə hələ ki sərt mövqe nümayiş etdirirlər. Türkmənistanla mövqelərdə yaxınlaşma olsa da hələ ki onlarla da razılıq əldə edilməyib. Ancaq hesab olunur ki, Qazaxıstanın paytaxtı Astanada Xəzərin statusuna aid sammit keçiriləcək. Bu sammitə qədər Xəzərin statusu ilə əlaqədar Xəzərətrafı beş dövlətin də konsensusuna nail olmaq mümkün olacaq. Bu necə olacaq, söyləmək çətindir. Ancaq hər halda, danışıqlar prosesində iştirak edən ekspertlər bununla bağlı bu kimi nikbin rəylər verirlər”.
Politoloq bildirib ki, Rusiya ekoloji səbəbləri bəhanə gətirərək, "Transxəzər" qaz kəməri layihəsinin çəkilməsinə qarşı çıxır: “İş o yerə gəlib ki, Rusiya, ümumiyyətlə, Xəzərin dibindən neft və qaz kəmərlərinin çəkilməsinin əleyhinədir. Misal üçün, Xəzərin Azərbaycan tərəfindən çıxarılan qaz və neft məhsullarının sahilə emal edilməsi məqsədilə çəkiləcək qaz kəmərlərinə də Rusiya müəyyən formada etiraz edir. Azərbaycanla İran arasında isə əsas fikir ayrılığı yaradan səbəblərdən biri budur ki, Xəzərin bizə aid olan hissəsində böyük neft və qaz yataqları var. Bu yataqlara təəssüflər olsun ki, İran da iddia edir. Həmin yataqlar Lənkərana çox yaxın olan bir ərazidədir. Beləliklə, İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Bu da məntiqə uyğun deyil. Belə olarsa, Azərbaycanın Xəzərdəki payı, ən azı 4 faiz azalır. İranın iddiaları Xəzərdən daha çox pay qoparmaqdır. Onlar hələ sovet dövründə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilmiş, qaz və neft mədənlərini ələ keçirmək istəyirlər. Türkmənistan tərəfinə gəlincə isə hazırda onlarla da müqayisəli zonalar var. Bu, xüsusilə ”Günəşli" neft yatağına aiddir. Onlar buranı “Sərdar yatağı” adlandırırlar. Həmin yataq Azərbaycan geoloqları tərəfindən kəşf edilib. Lakin orta xətt bölgü prinsipinə görə bu yataqların bir hissəsi Türkmənistana, daha böyük hissəsi isə Azərbaycan tərəfinə düşür. Buna görə də Azərbaycan həmin bölgədə qazılan neft və qaz yataqlarını birgə işləməklə bağlı təkliflə çıxış edir. Ehtimal olunur ki, Türkmənistan da bunu qəbul etmək üzrədir".