"Hafiz Məmmədov necə biznesmen olub?" - Partiya sədri hesab sordu
13-05-2016, 21:05
Paris məhkəməsi Hafiz Məmmədova məxsus ("Hafka") RLS Holding şirkətini müflis elan edib. Bununla da "Hafka" iki il əvvəl aldığı "Lans" klubu üzərində mülkiyyət hüququnu itirib.
Bu hadisədən sonra həyatının ən ağır dönəmlərini yaşadığını etiraf edən Hafiz Məmmədov milyonlarla avronun havaya sovrulduğunu etiraf edərək Eldar Mahmudova qarşı da ittihamlar səsləndirib.
Müasir Müsavat sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirib ki, Hafiz Məmmədov Eldar Mahmudovun qarşısında gözü kölgəli olduğuna görə, vaxtında səsini çıxara bilmirmiş:
"Hafiz Məmmədov bu gün çıxıb deyir ki, Eldar Mahmudov onun biznesinə mane olub. Maraqlıdır, o, bunları daha əvvəldən niyə demirdi? Çünki Mahmudovun qarşısında gözü kölgəliydi, qeyri-qanuni işlərlə məşğul olurdu. Quyruğu E.Mahudovun əlində idi.
Hafiz Məmmədov necə biznesmen olub? O, pulları haradan, necə qazanıb? Onlar banklardan milyonlarla pul çıxarıb gedib özlərini xaricdə reklam edirlər. Belə sahibkarlar hamısı həbs olunmalı, oğurladıqları pullar geri qaytarılmalıdır. Ölkədə dolların birdən-birə bahalaşması Hafiz Məmmədov kimi şəxslərin Azərbaycana qarşı sabotajından sonra baş verdi. Fikir verin bunlar banklardan yüz milyonlarla dollar pul çəkib xaricə daşıdılar nəticədə ölkədə Dollar qıtlığı yaşandı. Xaricə daşıdıqları pulu isə mənasız şeylərə xərcləyiblər. Adamı yandıran budur ki, bu dırnaqarası biznesmenlər heç biri iş yarıda bilməyiblər və ölkənin sərvətini batırıblar. Fransa məhkəməsi də bunları müflis elan edir. Hökumətimiz bu gün pensiyaları verməyə pul tapmır. Mən Hafiz Hacıyev həyatımın 30 ilini Azərbaycan dövlətçiliyinə sərf etməyimə baxmayaraq hələ də kirayədə qalıram. Çünki mən xalqıma xidmət edirəm. Hafiz Məmmədov, Eldar Mahmudov kimi insanlar isə xalqdan pul oğurlayıb sərvətlərini artırmaq haqda düşünüblər. Bu gün bütün mətbuat yazır ki, Eldar Mahmudov niyə həbs olunmur? Xalq onun həbsini istəyir. Amma cinayətkar hələ də azadlıqda gəzir. Belə nümunələr ölkəmizdə çoxdur. Təsəvvür edin ki, Salyan rayonunu çapıb-talayan keçmiş icra başçısının oğluna bu gün vəzifə verirlər. Təbii ki, bu yaxşı hal hesab olunmur. Biz belə şeylərə yol verməməliyik.”