“Xidmətçi və cinayətkar...” – Strelkov indi də Priqojinlə “kəllə-kəlləyə” gəlir
27-01-2023, 12:54

Donbasda separatçılığın əsasını qoyanlardan biri və “dxr”-in sabiq “müdafiə naziri” olmuş İqor Strelkov(Qirkin) ilə “Vaqner”-in başçısı Yevgeni Priqojin arasında münasibətlər gərginləşib. Rusiya ordu rəhbərliyini və bəzən hətta Vladimir Putini sərt tənqid edən Strelkov bu dəfə “Vaqner”-in yaradıcısını hədəf alıb. O, bu hərbi birləşmənin imkanlarından düzgün istifadə edilmədiyini bildirib və Priqojinin fəaliyyətini tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında Strelkovla Priqojinin “söz atışmasına” yer verilib. İlk olaraq, Strelkov deyib ki, Priqojini ictimai meydana buraxmaq doğru deyil. Priqojini mediada aktivlik göstərməkdə ittiham edən Strelkov onun cinayətkar və xidmətçi keçmişini xatırladıb: “Priqojinin bəyanatları göstərir ki, cinayətkar və xidmətçi mahiyyətli adam Rusiya ictimai meydanına buraxılmamalıdır ki, öz xarakterinin özəlliklərini nümayiş etdirməsin”.
Strelkova cavabında Y.Priqojin onu sadəcə, döyüş bölgəsinə dəvət edib və təklif edib ki, “Vaqner”-in hücum dəstələrindən birinə rəhbərlik etsin: “Cənab Qirkini onun mövqeyinin doğruluğunu yoxlamaq və özünün dediyi kimi, hərbi təcrübəsindən istifadə etmək üçün cəbhəyə dəvət edirəm”.
Lakin Qirkin Priqojinin təklifindən yayınıb və deyib ki, bu təklif barədə düşünə bilər. Ancaq bir şərtlə ki, bu təklif “normal formada” edilsin. Bu zaman o, Luqanskda deyil, Rusiya ərazisində “Vaqner” rəhbərləri ilə müzakirə aparmağa hazır olduğunu söyləyib. Strelkovun bu cavabı onun cəbhədən yayınması kimi qiymətləndirilib.
Xatırladaq ki, Qirkin bundan öncə daha çox Sergey Şoyqunu və Valeri Gerasimovu hədəf alırdı. Maraqlıdır ki, Priqojin də Müdafiə Nazirliyi rəhbərliyinə qarşı çıxır, hətta onları təhqir edir. Lakin Priqojinin Putinin qulluğunda durduğu dəqiq bilinsə də, Rusiya mətbuatı hələ də Strelkovun kimə xidmət etdiyini söyləməkdə çətinlik çəkir.