Alman politoloq erməniləri məyus edib: “Qərb sizi dəstəkləməyəcək”

30-01-2023, 00:04           
Alman politoloq erməniləri məyus edib: “Qərb sizi dəstəkləməyəcək”
“Ukrayna müharibəsindən sonra Qərb milli azlıqların öz müqəddəratını təyinetmə məsələsini arxa plana keçirib”.

Alman politoloq Aleksandr Rahr “Power Factor” verilişində Ermənistanın News.am saytının əməkdaşının suallarını cavablandırarkən belə deyib.

Alman politoloq erməniləri məyus edərək deyib ki, Qərb Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Onun fikrincə, Qərb Bakıya real təzyiq göstərə bilməz, çünki orada tamamilə fərqli oyunçular üstünlük təşkil edir: “Avropanın beynəlxalq siyasətdə təsiri çox azdır. Bəlkə Amerika bu problemlərin həllinə qarışsaydı, o zaman nəyəsə ümid etmək olardı”.

Politoloq hesab edir ki, son 30 il ərzində, 1990-cı ildən 2020-ci ilə qədər Ermənistan Qərb ölkələrində özünə çox dəstəkçi tapa bilərdi. “Çünki Qərb analitikləri beynəlxalq hüquqda faktiki olaraq nəyin üstünlük təşkil etdiyi - dövlətin suveren ərazisinin toxunulmazlığı və ya xalqların öz müqəddəratının müəyyənləşdirməyi, özünüidarəetmə prinsipi barədə çox mübahisə edirdilər. Bu mübahisələr nəticəsində Kosovo müstəqillik əldə etdi və bu, Ermənistanın xeyrinə idi. Ermənilər özlərini belə əsaslandıra bilərdilər ki, Dağlıq Qarabağda da onlar öz milli azlıqlarını Azərbaycandan qoruyur, ona görə də dünya birliyinin bir hissəsi Ermənistanın tərəfində idi. Ukraynada müharibə başlayandan və ondan əvvəl baş verən münaqişələrdən sonra isə vəziyyət dəyişdi. Bütün Qərb ölkələrində milli azlıqların öz müqəddəratını təyinetmə hüququ arxa plana keçdi. Ermənistan da bu məsələdə ciddi dəstəyini itirdi, çünki beynəlxalq hüquq Qərbdə fərqli şərh olunmağa başladı. Ona görə də Qərb Azərbaycanın mövqelərini dəstəkləyəcək”, - politoloq vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.