Prezident gözlənilən zərbənin qarşısını aldı
2-06-2016, 10:09
Prezidentin dəqiq, hesablanmış mövqeyi imkan vermədi ki, Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsindən istifadə edib Azərbaycana zərbə vursun və Ermənistan öz təxribatları üçün münbit zəmin əldə etsin.
Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc danışıb. Deputat açıqlamasında bildirib ki, Qərb dairələrinin Krım hadisələri üzərindən Rusiyaya tətbiq etdiyi sanksiyalar dönəmində Türkiyənin kənarda qalması və vaxtilə Qərbə çəkilən qaz kəmərinin Türkiyə istiqamətinə yönləndirilməsi onun göstəricisi idi ki, Ankara və Moskva arasında formalaşan münasibətlər bölgənin geosiyasətini tamamilə dəyişmək gücündədir və təkcə regional mahiyyət daşımır:
“Ötən ilin noyabrından Türkiyə-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsi regional proseslərə öz mənfi təsirini göstərib. İllik ticarət dövriyyəsi 30-35 milyard dollar olan və bunu 100 milyarda çatdırmağı hədəfləyən Rusiya-Türkiyə əlaqələri birdən-birə əks istiqamətə çevrildi. Görünür, bu münasibətlər Qərb dairələri üçün müəyyən qədər təhlükə törətməyə başlamışdı. Bu da başa düşülən idi. Çünki hər iki ölkə imperiya varisləridir. Bir çoxları açıq-aşkar Rusiyanın planlarından, Ərdoğanın neosmanizm xəttindən danışırdılar. Belə olan təqdirdə Rusiya təyyarəsinin vurulması fonunda həm Cənubi Qafqazda, həm də daha geniş müstəvidə proseslər əngəllənmiş oldu. Azərbaycanın tərəflərdən biri naminə hansısa mövqe tutması onsuz da gərgin olan vəziyyəti ağırlaşdıra, Qafqazda Ermənistanın əl-qolunu aça bilərdi”.
Millət vəkili Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycanın indiki roluna və bununla bağlı ölkə rəsmilərinin dilindən daha açıq mətnli bəyanatların səslənməsinə münasibət bildirib:
“Çox yaxın dönəmdə iki ölkənin mühüm qərar sahibləri, xüsusilə də hökumət təmsilçiləri arasında yenidən əlaqə və danışıqlar başlayacağı istisna deyil. Bundan sonrakı mərhələdə əminəm ki, ən önəmli proses də reallaşacaq. Azərbaycan bütün diplomatik siyasi imkanlarını bu istiqamətə səfərbər edə bilər. Doğrudur, bu müxtəlif beynəlxalq dairələrin reaksiyalarına səbəb ola bilər. Çünki inkar etmək olmaz ki, Rusiya-Türkiyə düşmənçiliyindən faydalanan beynəlxalq qruplar var. Ancaq bunu da anlamalyıq ki, ötən tarix ərzində heç vaxt bu cür müharibələr Azərbaycanın xeyrinə işləməyib. Ona görə də Bakı bu istiqamətdə real addımlar atmaq gücündədir. Prezident İlham Əliyevin liderlik gücü həm türk dünyasında, həm də rus məkanında qəbul olunub. Yaxın dönəmdə bu iki ölkənin münasibətləri istiqamətində müsbət hadisələr qaçılmazdır”.
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib. Ancaq artıq bir neçə gündür ki, həm Rusiya, həm də Türkiyə rəsmiləri münasibətlərin bərpası və ilkin addımların atılması istiqamətində açıqlamalar verirlər.