Azərbaycan əhalisinin 75-80 faizi tükr deyil?
5-02-2023, 09:38

Bir dostumuz var. Azərbaycanı nəzərdə tutaraq yazır: “Bu ölkənin böyük əksəriyyəti türkcə danışsa da türk deyi”. “Böyük əksəriyyət” ən azı 75-80 faiz deməkdir. Qardaş demək istəyir ki, Azərbaycan əhalisinin 75-80 faizi qeyri-türkdür. Heç lənətlədiyimiz fars-şivonist molla rejimi bu qədər qərəz və insafsızlıq nümayiş etdirməyib. Azərbaycanda yaşayıb yerli türklərə qarşı bu həddə düşmənçilik sərgiləmək heyrət doğurur…
Bəli, Azərbaycanda əhalinin müəyyən bir hissəsi etnik azlıqların nümayəndələrindən ibarətdir. Onların faiz nisbəti 20, 25, maksimum 30 faiz ola bilər.
Bu kimi iddialar Azərbaycana İrandan ixrac olunub. Yadımdadır, İrana “Baba Pünhan” ismiylə nökərçilik edən biri vardı. Gecə-gündüz “Facebook”da belə təbliğat aparırdı ki, Bakının 32 kəndindən 2-3-ü türk kəndidir. Qalanları farslarla qohum xalqlara məxsusdur…
Ümumiyyətlə, Azərbaycan türklərinin sayla bağlı problemi yoxdur. Ən azı bu dünyada 40 milyon varıq.
Əlbəttə, belə iddiaları boş vermək də olar. Ancaq adamı yandıran odur ki, bəziləri Azərbaycanda oturub “Roma papasından (yəni fars şivonistlərindən daha çox) katolik olmaq” eşqinə düşüb. Və elə zənn edir ki bunu kimsə görmür…
Eləmiyin, yabançıların təhriki ilə öz vətəninizə düşmən kəsilməyin. Vətəni olmayan insanın nəyi var ki. Özü də şiəliyi qabardıb etnik kimlik müstəvisində təxribatla məşğul olmaq ikiqat ayıbdır…
Mən həmişə demişəm. Bir daha deyirəm: Azərbaycan bu coğrafiyada yaşayan bütün xalqların vətənidir. Mən deyəndə ki, Azərbaycan talış dövlətidir, dağlı dövlətidir, ləzgi dövlətidir… bəzi millətçi dostlarımızın xoşuna gəlmir. Ancaq nahaqq yerə. Biz elə bir ədalətli dövlət yaratmalıyıq ki, orada hər bir etnik qrup özünü ağa-bəy kimi hiss etsin və özünü Azərbaycanın sahibi bilsin. Bu, etnik və dini kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının haqqıdır…
Elbəyi Həsənli
Teref.az